Yeni media layihəsi: “Hökumət jurnalistə nəzarət edəcək”

Yeni media layihəsi: “Hökumət jurnalistə nəzarət edəcək”

Bu gün Azərbaycan mətbuatının yaradılmasının 146 ili tamamlanır. Hərçənd ki, mediada bayram əhval-ruhiyəsi hiss olunmur. İndilərdə jurnalistlərin bir qismi hökumət tərəfindən casus proqramı ilə izləndiyi iddiası ilə üzləşib. Digər qrup isə bu il hökumətin jurnalistlərə ev verməməsindən narahatdır.

Müstləq jurnalistlərin isə başqa dərdi də var: Yeni media layihəsi.

“Jurnalist nə edir? Hökumətə nəzarət edir. Amma bu nə deməkdir? Hökumət jurnalistə nəzarət edəcək”.

Yanvarın 12-də ölkə başçısı İlham Əliyevin fərmanına əsasən Medianın İnkişafı Agentliyi yaradılır. Elə həmin fərmanla da "Media haqqında" Qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Rəsmi qurumlar qanunun artıq hazır olduğunu deyir. Lakin qanun nə ictimaiyyətlə müzakirə edilib, nə də bu haqda ətraflı məlumat verilib.

“Əgər gizlədirlərsə, deməli, onların media ilə bağlı pis niyyətləri var”

Jurnalistlər hakimiyyətin onlara bu dəfə hansı sürprizlər edəcəyindən xəbərsizdir.

“Media İnkişaf Agentliyi özü azad olmayacaqsa, azad medianı necə təmin edəcək? Çünkü agentliyi prezident bir göstərişi ilə, bir imzası ilə anında ləğv edə bilər. Bu onları qorxu altına salmayacaqmı? Təhdid altında saxlamayacaqmı?”

Medianın İnkişafı Agentliyinin əməkdaşı Rüstəm Əhmədov deyib ki, yeni qanunda media orqanlarının və jurnalistlərin Media Reyestrinə salınması nəzərdə tutulub. Reyestrə daxil edilmiş media subyektinə şəhadətnamə, jurnalistlərə isə vəsiqə veriləcək. Lakin bu qrupa daxil edilmək üçün xüsusi tələblər müəyyənləşdirilib. Bəs bu “tələblərə” cavab verməyənlər necə olacaq?

“Statisktika komitəsinin verdiyi məlumata görə reklam bazarının ümumi həcmi 11 milyon manatdır. Bu 11 milyonla elə bir televiziya saxlamaq ancaq olar. Bəs bu qədər media haradan dolanır? Deməli, qara bazardan, qara pullar hesabına. Sən bu cür yaratdığın süni mediaları leqallaşdırırsan və digərlərini sıradan çıxarırsan”.

“Hardasa 8-9 il əvvəl jurnalist araşdırmaları çıxdı, bu prezident ailəsinin biznesi ilə bağlı idi. İndi düşünün ki, Media İnkişaf Agentliyindən vəsiqə almış bir şəxs bu araşdırmanı edib. Edə biləcəkmi? Adamın dərhal vəsiqəsini ləğv edərlər, o da əgər veriblərsə. Vahid vəsiqə tətbiq olunması mediaya böyük zərbə olar”.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev danışır ki, qanunda adı çəkilən digər məsələ internet televiziyalarının lisenziyalaşdırılmasıdır. Bu isə birbaşa informasiya cəmiyyətinin məhdudlaşdırılması deməkdir.

“Söhbət təkcə peşəkar mediadan getmir. İnformasiya fəallarının da fəalliyyətini çərçivəyə salmaq istəyirlər. Sosial şəbəkələr bu gün ən böyük platformadır ki, orada cəmiyyətin təşkilatlanması gedir. Hakimiyyəti də ən çox bu narahat edir. Amma dövlət cəmiyyətə deyə bilməz ki, siz informasiyanı yaza bilərsiz, ya yox. Video çəkə bilərsiniz, ya yox. Prezident özü də səhifəsindən nəsə paylaşır. Onda, bu, necə tənzimlənməlidir?”

Sosial medianın nəzarətə götürülməsi müzakirələri yeni deyil. Bu haqda dəfələrlə Milli Məclisdə çıxışlar olub. Elə mətbuatı buxovlamaq cəhdləri də Azərbaycan hökumətinə yad deyil. Jurnlalist Vüsalə Əlibəyli isə həmkarlarını ümidsizliyə qapılmamağa çağırır.

“Bu, son deyil. Yenə də son deyil. Heç vaxt son olmur. Söz varsa, həqiqət varsa və onun axtarışında olmaq istəyənlər varsa, bunun bir yolu mütləq tapılacaq”.

Müstəqil Jurnalistlər yeni “Media Haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması tələbi ilə bəyanat yayıb. Agentlikdən hələ buna münasibət bildirilməyib.

Ana səhifəVideoYeni media layihəsi: “Hökumət jurnalistə nəzarət edəcək”