“Mən dövlətdən pul istəmirəm, bircə oğlumun adı yaşasın…”

Post Travmatik Sindrom nəticəsində intihar edən müharibə iştirakçılarına xüsusi imtiyazlar tanınmır

Source: Reuters



Post Travmatik Sindrom nəticəsində intihar edən müharibə iştirakçılarına xüsusi imtiyazlar tanınmır

“Bizə deyirlər ki, sizə pensiya düşmür, ancaq bir ömür boyu bu post travmatik sindromla yaşamaq bizə düşür. Mənə xəsarətlər yetirir, çölə-bayıra bir həftədir çıxa bilmirəm. Köməksiz vəziyyətdəyəm. İki saat yarım dayanmadan evi dağıtdı, məni döydü, gözünə pis görünürük. Özündən asılı olmur, güc çatdıra bilmirsən, vəhşiyə çevrilir, əlləri sümük kimi olur”, – Pərvanə Səfərova belə deyir. Onun həyat yoldaşı Emin Səfərov Qarabağ müharibəsi iştirakçısıdır.

İkinci qrup əlilliyi olan astma xəstəsi Pərvanə və övladları üçün müharibədən sonra hər şey dəyişib. Həyat yoldaşı İkinci Qarabağ Müharibəsinə könüllü gedib və döndükdən sonra onun tez-tez əsəbi tutmaları olur. Bu zaman, o, evdəki əşyaları sındırır, divarlara yumruq atır və ailə üzvlərinə xəsarətlər yetirir.

Azərbaycanda müharibədən sonra Post Travmatik Sindromdan (PTS) əziyyət çəkənlərə yardım etməli qurumlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏSMN). Nazirliyin jurnalist sorğusuna cavabında qeyd olunub ki, post-müharibə dövründə genişmiqyaslı sosial dəstək paketi müharibədə həlak olanların ailə üzvlərini, müharibə iştirakçılarını, müharibə əlillərini, mülki şəxsləri əhatə edib.

Bu dəstəyə sosial təminat hüquqlarının reallaşdırılması, sosial ödənişlərin təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, birdəflik maddi yardım, məşğulluq məsələlərinin operativ həlli, kiçik biznes imkanlarının yaradılması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması aid edilib.

“180 manata kirayədə qalırıq, qaz, işıq və su pulu ilə birgə 220 manata çıxır. Yayda 200 manat, qışda 220 manat veririk. Kirayə pulunu çatdıra bilmirik, buna görə də ev yiyəsi bizi çox incidir. Ona Baş Prokurorluqdan, icra hakimiyyətindən belə zəng olundu ki, bizə vaxt versin. Əlliliyin gəlməsinə qədər gözləməsini istəyirik. Sumqayıt İcra Hakimiyyəti 3 aylıq kirayə haqqımızı ödəyib”, – deyir Pərvanə Səfərova.

Material nəşrə hazırlandığı dövrdə ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin əməkdaşları Pərvanə xanımla görüşüb, ona birdəfəlik sosial yardımın təyin ediləcəyi, həyat yoldaşının da Bakıda müalicəyə cəlb olunmasının mümkünlüyü deyilib. P.Səfərova onların Sumqayıtın Corat qəsəbəsində yaşadığını söyləyib. Nazirlik pandemiya ilə əlaqədar mart ayından üzbəüz psixoloji dəstək xidmətini dayandırıb, yalnız “online” formada xidmət göstərir.

Evdə zərərlər
Evdə zərərlər


“Maştağada 15 günlük müalicədən sonra yenidən hərbi xidmətə aparılıb”

Binəqədi rayonunda yaşayan Qurbanov Mirəlinin bacısı Gül Qurbanovanın qardaşının vəziyyəti ilə əlaqədar döymədiyi qapı qalmayıb.

“Əsgərlik dövründə Tovuz döyüşlərində olub, sonra tərxis olunub. Sentyabrın 21-i yenidən çağırılıb. Oktyabrın 10-da yaralandığını bilmişik. Oktyabrın 9-da Ağdərə istiqamətində yanına minomyot düşüb. Ordan Papanin xəstəxanasına gətiriblər, çünki özündə olmayıb, huşu getmiş vəziyyətdə olub. Sonra Maştağaya gətiriblər. Kontuziya alıb, sol əl və ayağında işləməməzlik olub. Maştağada 18 gün qalıb, oktyabrın 28-i 15 günlük məzuniyyət veriblər”.

Ailə üzvlərinin onu yoluxmağa gəldiyini xatırlamayan M.Qurbanov gecələr yuxuda qışqırır. G.Qurbanova deyir ki, Maştağada müalicəsi zamanı ancaq yemək və dərman verilib və bütün günü yatıb:

“Dilinin açılmağını gözləyiblər ki, yenidən aparsınlar hərbi xidmətə. Dili açılandan sonra Papaninə (Papanin adına Hospital-red.) aparıblar, ordan 15 günlük məzuniyyət verilib, noyabrın 15-i həkim komissiyası baxıb və qərar verib ki, yenidən hərbi xidmətə yollana bilər. Halbuki nitqində problemləri var idi, nə də qulağı eşidirdi”.

M.Qurbanov Ağdamda hərbi hissəyə aparılıb və orda xidməti vəzifəsini yerinə yetirərkən, bayraq asanda ayağı qırılıb. Yanvarın 15-i, ayağı gipsdə tərxis olunub.

“Gələndən bu yana qardaşımda ruhi problemlər var. Azadlıq Radiosunun reportajından sonra bir əsgər yoldaşı zəng vurub deyib ki, sən niyə danışırsan? Bu da əsəbləşib bıçaqla qollarını kəsib. Yanında danışanda deyir ki, danışma, səsin başıma düşür. Bir dəfə gecə öz-özünə danışanda anam durğuzub su vermək istəyib, o da anamı boğub”.

Müharibədən sonra yaralanan və həlak olanların təminatına dəstək məqsədilə YAŞAT Fondu yaradılıb. Fond Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinə – ASAN Xidmətə tabedir. Fondun maliyyə mənbəyi əhalinin əmək haqlarından könüllü tutulan ianələrdir. Baxmayaraq ki, bu vəsaitin artıq məcburi tutulduğunu deyənlər də var.

Son məlumatlara görə, fonda yığılan vəsaitin həcmi 36 milyon 189 min 52 (21 262 662 ABŞ $) manatdır. Bu vəsaitin 16 milyon 432 min 809 manatı (9 954 999 ABŞ $) fiziki şəxslər, 19 milyon 756 min 143 manatı (11 607 604 ABŞ $) hüquqi şəxslər tərəfindən ödənilib.

Yığılan ianənin 19 milyon 978 min 770 manatı (11 738 407 ABŞ $) əsasən üç istiqamət üzrə xərclənib – məişət şəraitinin yaxşılaşdırılması (71,66%), tibb xərclərinin ödənilməsi (38,19 %), borc öhdəliklərinin (bank və məişət kreditləri – 16,31 %) yerinə yetirilməsi.

Yaşat fondu
Yaşat fondu


Ümumilikdə post-müharibə dövründə 20 min nəfərə dəstək göstərilib

“Yaşat Fonduna pul əvvəllər könüllü ola bilərdi, indi isə məcburidir. Mən özüm də məcbur qalıb pul ödəmişəm, çünki görəndə ki, hamı ödəyir, sən də istər-istəməz ödəyirsən. Ancaq indi maaşlardan müəyyən məbləğ tutulur”, –Teymur Mürsəlov (ad şərtidir) deyir.

Həm özəl, həm də dövlət müəssisələrində işləyən işçilərin əmək haqlarından müəyyən faiz fondun büdcəsinə köçürülür. Fondun nizamnaməsində yığılan vəsaitin hansı şəxsləri əhatə etməsi ilə bağlı informasiya

verilib

.

Mirəli Qurbanovun bacısı isə deyir ki, fond qardaşına köməkdən imtina edib:

“Yaşat Fonduna getdim ki, bizə kömək lazımdır. Onlar da dedi ki, bizə epiqriz (xəstəlik tarixçəsi) gətirin. Mən Maştağadan (1 saylı Respublika Psixatriya Xəstəxanası -red.) həkimin rəyini alıb gətirdim, mənə dedilər ki, bu, yetərli sənəd deyil, bu Müdafiə Nazirliyindən gəlməlidir. Getdim Müdafiə Nazirliyinə, orda dedilər ki, biz sizə epiqriz verə bilmərik”.

YAŞAT Fondunun mətbuat xidməti ona göndərilən suallara cavab verməyib.

Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına, Dövlət Sosial Müdafiə Fonduna müraciət edən qadın qardaşının taleyindən narahatdır:

“Bu ay (mart ayında-red.) 550 manat birdəfəlik ödəmə almışıq. Çünki qardaşım

yoxlanışdan keçmədiyi üçün yüngül yazdılar. Qardaşım heç bir müalicəni, həkimi qəbul etmir, evdən çölə çıxmır, özünə qapanır. Həkimə getmir ki, həkim deyəcək “sən artıq tərxis olmusan, bizlik deyilsən””.

ƏƏSMN-in jurnalist sorğusuna cavabında deyilir ki, ümumilikdə post-müharibə üzrə dəstək paketi 20 mindən çox insanı əhatə edib. Onlardan 9 min nəfərə sosial-psixoloji dəstək, həm də fizioterapevtik müalicəyönümlü reabilitasiya xidmətləri göstərilib, eləcə də 700-dən çox qazi reabilitasiya mərkəzlərində həm sosial-psixoloji, həm də fizioterapevtik müalicəyönümlü reabilitasiya xidmətlərinə götürülüb və hazırda bu proses davam edir.

Nazirliyin rəsmi internet səhifəsində rəqəmlərin yenilənməsi aparılıb və qeyd olunub ki, may ayı üçün 21 mindən çox insana bu xidmətlər göstərilib. O cümlədən 900 qaziyə reabilitasiya xidməti

göstərilib

.

Qarabağ müharibəsi iştirakçılarına bəzi QHT-lər post-travmatik sindromla əlaqədar pulsuz xidmət təklif edib. Bu QHT-lərdən biri “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi olub. Mərkəzin Layihələrlə İş Şöbəsindən bildirilib ki, YAŞAT Fondu ilə bağlanan müqaviləyə əsasən fonddan yönəldilən qazilərə xidmətlə bağlı rəqəmləri üçüncü tərəfə açıqlamırlar. Amma fondla əməkdaşlıqdan kənar 120 qaziyə xidmət göstəriblər. Bu xidmətə psixoloji, nitq inkişafı və əlilliyi olan şəxslər üçün motivasiya təlimləri daxildir. Xidmətin müddəti fərdlərdən asılı olaraq 1 aydan 7 aya qədər çəkə bilir. Mərkəz həmçinin bildirib ki, qazilərə ödənişsiz xidmət təşəbbüsünə özləri başlayıblar, daha sonra fondla əməkdaşlıq çərçivəsində buna davam ediblər.

Mərkəzinin psixoloqu Taciyə Mehdisoy deyir ki, müasir müharibələrdə psixoloji travmalar fizioloji yaralardan daha çox qayğı, dəstək və zaman alır: “Hadisə qurbanlarının və onların yaxınlarının əksəriyyətində həyatdan zövq almama, hətta sağ qalmağına belə sevinməmə, maraq və enerjisinin azalması, yuxu və iştahanın pozulması, zehnin yavaşlaması kimi əlamətləri görə bilərik. Artıq bu depressiyanın olmağından xəbər verir”.

35-ə yaxın Qarabağ döyüşçüsünü psixoloji yardımla təmin edən T.Musasoyun sözlərinə görə, PTS ilə bağlı aparılan düzgün psixoloji işin davamlılığı nəticəni daha çox tezləşdirə bilər:

“PTS-dan əziyyət çəkən insanlara onları anladığımızı göstərmək, rahat yerdə qəbul edib güvəndə olduqlarını təsvir etdirmək lazımdı. Eyni zamanda həmin insanların əhvalları ilə bağlı düzgün məlumat vermək lazımdı. Bəzi hallarda onlar öz vəziyyətlərindən bixəbər olduqları üçün daha böyük təşviş keçirirlər. Belə olduqda aparılan psixoloji iş zamanı onların bu əhvalının nə qədər davam etdiyi və ən ağır hallarda nələrin baş verəcəyi haqda məlumat verilməlidir. Onların dinlənilməsi daha çox vacibdir”.


İntiharların qara üzü

  1. Musayev Vüsal Eldar oğlu, 1985-ci il təvəllüdlü. Baş Klinik Hospitalın Psixatriya bölməsində dekabrın 7-dən müalicəyə başlayıb. 2021-ci il yanvarın 6-da elə oradaca özünü asıb. Ailəli olub, 2 azyaşlı övladı var.
  2. Mənsurov Yunis Seymur oğlu, 1997-ci il təvəllüdlü. Hərbi vəzifəli əsgər olub. Ailəsinin dediyinə görə, hərbi xidmətdən məzuniyyətə gəlib. Heç yerdə müayinə olunayıb, evdəki əşyalara zərər vurub, gecələr qızqırırmış. 2012-ci il yanvarın 7-də Sulutəpədə yaşadığı evdə özünü asıb. Bir azyaşlı övladı qalıb.
  3. Məmmədov Alim Nazim oğlu, 1989-cu il təvəllüdlü. Daxili Qoşunların zabitinin 31 yanvar 2021-ci ildə ürəyindən atəş açaraq intihar etdiyi iddia olunur. İkinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Bir azyaşlı övladı qalıb.
  4. Quliyev Fərid Rafiq oğlu, 1994-cü il təvəllüdlü. Yardımlı rayonunun Urakəran kəndinin sakini olub və evinin yaxınlığındakı meşədə özünü asıb. İkinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Bir imiş evlənibmiş.
  5. Qəhrəmanov İmdad Niyazi oğlu, 1995-ci il təvəllüdlü. İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Subay idi.
  6. Sarızadə Elvin Azər oğlu, 1998-ci il təvəllüdlü. Müdafiə Nazirliyinin açıqlamasına görə məzuniyyətdə olarkən yanaraq ölüb, ancaq sosial şəbəkələrdə onun özünü yandırdığı yazılıb.
  7. Həsənov Fərman Fərhad oğlu, 1990-cı il təvəllüdlü. Yaşadığı Daşkəsən rayonunun Pirverdilər kəndindəki evində özünü asaraq intihar edib. İki azyaşlı övladı var.
  8. Nəbizadə Rüfət Ağayar oğlu, 1998-ci il təvəllüdlü. Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində təlim keçib. Evin tək övladı olub.

“Yunis döyüşlərə könüllü yollanıb. Aprel döyüşlərində də iştirak edib. Polad Həşimovun öldüyü günün səhərisi gedib hərbi komissarlığa, orduya yazılıb. Fəhləliklə məşğul idi. Yoldaşının 19, qızının 1 yaşı var. Yoldaşı indi uşağı ilə Gəncədə ata evində qalır”, – deyir anası Gülarə Mənsurova.

Yunis Mənsurov yanvarın 1-də məzuniyyətə buraxılıb. Ailəsi deyir ki, Yunisin gəlməyindən xəbərləri olmayıb, çünki o, həyətə girəndə evi tanımayıb, həyətlərindəki yarımçıq tikiliyə girib, gecəni də orda keçirib. Yunis gecələr sayıqlayıb, yoldaşına və uşağına hücum edib. Evdə qırdığı qapı və stolun izləri hələ də durur.

G.Mənsurova deyir ki, oğlunu müharibədən sonra Füzulidə hərbi xəstəxanaya yoldaşları aparıb. Onu müayinə üçün çağıracaqlarını, buna görə də xəstəxanada qeydiyyatdan keçirdiklərini deyiblər, sonra isə heç kim əlaqə saxlamayıb:

“Yunisin hərbi bileti hələ də verilməyib. Bunun üçün hərbi komissarlığa getdim, ordan dedilər ki, hərbi hissədən sənədləri göndərilməlidir. Yunis öləndən sonra hərbi hissədən bir nəfər ölüm şəhadətnaməsini istəməyə gəlib. Mənə dedilər ki, hərbi hissə Laçındadı və yollar bağlıdı deyə komissarlığa veriləcək sənədlər gecikir”.

G.Mənsurova sonradan təkrar əlaqə saxlasa da, Yunisin sənədi hələ də çatdırılmayıb və döyüşlərdə olduğuna dair sübut yoxdur: “Mən dövlətdən pul istəmirəm, yeganə istədiyim oğlumun müharibə qazisi kimi tanınmasıdır”.

Müdafiə Nazirliyi (MN) jurnalist sorğusuna cavabında PTS-dan əziyyət çəkən hərbçi və əsgərlərin statistikasının aparıldığını bildirib, ancaq onların sayı barədə məlumatı açıqlanmayıb.

MN sorğuya cavab olaraq qeyd edib ki, PTS aşkarlanan hərbi qulluqçular Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya və Nevrologiya bölmələrində, eləcə də bölgələrdə yerləşən hərbi tibb müəssisələrində müalicəyə cəlb olunur.

Yunis Mənsurovun müalicəyə cəlb olunmadan məzuniyyətə göndərilməsi məsələsini maraqlı hesab edən qurumun mətbuat xidməti bu haqda araşdırma aparacaqlarını bildirdi.

Nazirliyin açıqladığı digər məsələ isə odur ki, Qarabağ döyüşçüləri intihar edərlərsə, onlara heç bir güzəşt tanınmır. İntihar edən şəxsərlə bağlı qanunvericilikdə heç bir imtiyaz nəzərdə tutulmayıb.

“Yanvar ayında Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə zəng vurdum. Onlar məni qeydiyyata salıb, “Qafqaz Hotel”ində Türkiyədən gələn psixoloqlara yönəltdilər. Bir neçə otaqda psixoloqlar otururdu və məni də biri qəbul etdi. İki həftə 3 seansa getdim. Ancaq söhbət etdik, konsultasiyadan keçdim və seanslardan da razı qaldım”, – Qarabağ döyüşçüsü Məhəmməd Hüseynov belə deyir.

M.Hüseynov müharibədən sonra özündə hər hansı bir dəyişiklik olduğunu hiss etməyib. İş yoldaşları onun müharibədən sonra əsəbi olduğunu söylədikdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) yaratdığı bu imkandan istifadə edib.

Sosial Xidmətlər Agentliyi ilə oxşar xidməti göstərən nazirlik müharibə dövründə mənəvi-psixoloji olaraq təsirlənmiş əhali qrupu üçün Türkiyədən kadrlar dəvət edib.

Nazirlik jurnalist soğusuna cavab verməsə də, öz rəsmi elektron səhifəsində ümumilikdə 1700 nəfərə yaxın müharibə iştirakçısına, qazi, şəhid ailəsi üzvü və müharibədən təsirlənmiş mülki əhaliyə, 140-a yaxın uşaq və yeniyetməyə xidmət

göstərildiyini

açıqlayıb.

ƏƏSMN-nin məlumatına görə, “Onlayn psixoloji xidmət”ə (19 noyabr 2020-ci il – 15 mart 2021-ci il tarixlərində) 1 500 zəng daxil olub, həmçinin birbaşa müraciətlər də edilib.

Jurnalist sorğusuna cavabda ƏƏSMN-in Sosial Xidmətlər Agentliyində yaradılan psixoloq və psixatrlardan ibarət qruplarla ailələrlə işlədiklərini ilkin psixo-sosial dəstək göstərildiyini qeyd edib: “Həm fərdi, həm də ailə terapiyası formasında konsultasiyalar aparılıb. Seanslar psixoloji dəstək tədbirləri üçün ehtiyac qiymətləndirilərək, ay ərzində 4-6 dəfə reallaşdırılıb”.

Bu məqsədlə dövlətin hər hansı maliyyə dəstəyi göstərməsi ilə bağlı suallar cavabsız qalıb:

“Əyani formada, habelə evlərə gedilməklə həyata keçirilən psixoloji dəstək tədbirləri Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində həyata keçirilib. Bu tədbirlər psixoloq və psixatrlar tərəfindən yerinə yetirilib və onların əməkhaqları da həmin layihələrin maliyyələşdirilməsi çərçivəsində ödənilib”.

Mart ayının 16-dan əlillik almaq üçün sənədlərini Sumqayıt şəhərindəki 2 saylı poliklinikaya təqdim edən Emin Səfərov hələ də əlillik dərəcəsini gözləyir. Bunu da həyat yoldaşı P.Səfərova dedi:

“15 iş günü ərzində əlillik alınmalıdır. Mənə eləcə “inşallah gələr” deyiblər. Neçənci qrup veriləcəyini də bilmirik. 2750 manat sığorta pulu aldı. Onu da adındakı kreditlərə ödədi. Bir də dükanlara borcumuz vardı, onu da ödədik. Ev növbəsinə isə əlillik təyin olunarsa götürülə biləcəyik, əlilliyi olmayan müharibə iştirakçıları ev növbəsinə alınmır”.

Emin Səfərova may ayının 7-də III qrup əlillik təyin olunub. O, bir müddət Sosial Xidmətlər Agentliyinin köməyi ilə Sumqayıtda psixoloq yanına getsə də hazırda bu seansları dayandırıb: "Psixoloq yanına getdikcə daha pis olur, hər şey yenidən yadına düşür. Psixiatr Fuad İsmayılov da məsləhət gördü ki, psixoloq yanına getməsin. Onun müalicəsi davam edir, dərmanları da özümüz alırıq".


Aytən Fərhadova


Heydər İsayev



Məqalə Sülh və Münaqişə İcmalları İnstitutunun (Institutu of War and Peace Reporting) maliyyələşdirdiyi jurnalist araşdırması üçün nəzərdə tutulan “Söz haqqı ver və Dəyişiklik gətir – Sərhəddən çöllərə” qrant layihəsi çərçivəsində hazırlanıb. Məqalədə səslənən fikir və düşüncələr müəlliflərə aiddir və Sülh və Münaqişə İcmalları İnstitutunun və onun partnyorlarının mövqeyi ilə üst-üstə düşməyə bilər.

– NorwayMFA (1).png
Norveç XİN loqo
IWPR Master Logo (1).png
İWPR Logo
Ana səhifəAraşdırma“Mən dövlətdən pul istəmirəm, bircə oğlumun adı yaşasın…”