Mənbə: APA

Tofiq Zülfüqarov: İranın hərbi ssenarisinə beynəlxalq aləm kəskin reaksiya verəcək

Rauf Mirqədirov: “Tehranın təhdidlərinin bir hissəsi Türkiyəyə ünvanlanıb”

Artıq bir müddətdir ki, Azərbaycanla İran arasında diplomatik gərginlik davam edir.

Son zamanlar İran tərəfdən təkcə siyasilər deyil, hərbi rəhbərliyin də Azərbaycanı təhdid etməsi, Azərbaycan ərazisinə mümkün hərbi müdaxiləyə işarə vurmaları nəzərə çarpdı.

“Azərbaycan bir il sirr kimi saxladığı məsələni ictimailəşdirdi”

Buna cavab olaraq Azərbaycanda hərbi məlumatlar sahəsində ixtisaslaşmış “Youtube” kanalında İkinci Qarabağ müharibəsi zamanı baş verən və indiyə qədər rəsmi açıqlanmamış hadisə işıq üzü gördü. https://www.youtube.com/watch?v=4tezgbuQZzE

Məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı İran hərbçiləri Araz çayını keçərək Xudafərin körpüsü tərəfdən Azərbaycan ərazisinə daxil olub, xüsusi təyinatlı qüvvələrin hərəkətinə mane olublar. Diplomatik kanallarla müraciətdən sonra İran hərbçiləri ərazini tərk ediblər. Belə bir hadisə Azərbaycan qoşunlarının Arazboyu hərəkətinə bir günlük maneə olub ki, bu da Ermənistan qoşunlarına müdafiə mövqeyi tutmağa şərait yaradıb.

“ABŞ yalnız azərbaycanlı müxbirin sualından sonra məsələyə reaksiya verdi”

Müşahidələrə əsasən, adətən İran dövləti hər hansı bir ölkəni təhdid edərkən, ABŞ başda olmaqla bütün Qərb dövlətləri həmən İrana təpki göstərir, müxtəlif bəyanatlarla çıxış edir. Azərbaycanla İran arasında olan gərginliyin bir özəlliyi də, bu ölkələrin proseslərə seyrçi gözü ilə baxması oldu.

Yalnız “Turan” İnformasiya Agentliyinin Vaşinqtondakı müxbirinin sualından sonra ABŞ Dövlət Departamentinin nümayəndəsi baş verənlərə qısa şərh verib.

Ned Prays

Ned Prays

Mənbə: Turan.az

Ned Prays İran və Azərbaycan arasındakı son çəkişmələrlə bağlı suala cavabında deyib ki, söhbət İranın regional fəaliyyətindən gedirsə, biz açıq şəkildə öz mövqeyimizi bildirmişik.

“İran bir çox cəhətdən, o cümlədən yerlərdə İranyönlü qüvvələrə dəstəyi, təhdidləri və bəyanatları da daxil olmaqla, sabitliyi pozan subyektir”, - deyə Prays bildirib.

“Vaşinqton İranın təhdidini ciddi saymır”

Qərb dövlətlərinin susqunluğunu Meydan TV-yə şərh edən politoloq Rauf Mirqədirov deyib ki, Azərbaycan özü heç bir dövlətə müraciət etməyib. Digər tərəfdən onun sözlərinə görə, yaranmış gərginliyə azdan-çoxdan Türkiyə və Rusiya mövqeyini bildirir.

“Amerikaya gəldikdə, region, xüsusən Azərbaycan onun təsir dairəsində olan dövlət deyil. Eyni zamanda, Vaşinqton İranın təhdidini ciddi saymır”.

Rauf Mirqədirov deyib ki, bu məsələdə Türkiyə Azərbaycanı dəstəkləyir və rəsmi Ankaradan konkret reaksiyalar gəlir.

“Əslində, İsrailin adı çəkilsə də, Tehranın təhdidlərinin bir hissəsi məhz Türkiyəyə ünvanlanıb”, - Rauf Mirqədirov deyib.

“Qərb İrana səhvə yol verməyə imkan yaradır”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, Qərb bu məsələyə praktiki yanaşır:

“Onlar İranın daxilində Azərbaycan amilini istifadə etməyin ilk növbədə Tehran üçün təhlükəli olduğunu görürlər. Mən Azərbaycan amili deyəndə, iki elementi nəzərdə tuturam: Azərbaycan dövlətini və İran azərbaycanlılarını. Yəni bu amilin istifadəsi, yaxud konflikt vəziyyətinə gətirilməsi ilk növbədə İran üçün təhlükəlidir. Məhz ona görə Qərb də İrana səhvə yol verməyə və vəziyyətini daha da mürəkkəbləşdirməyə imkan yaradır. Bu proses gedəndən sonra onlar bizə dəstək verəcəklər”.

Tofiq Zülfüqarov və Rauf Mirqədirov

Tofiq Zülfüqarov və Rauf Mirqədirov

Mənbə: Meydan TV

“Hərbi ssenari İran üçün intihar ola bilər”

Bölgədə hərbi ssenarinin nə dərəcədə real olduğunu şərh edən ekspertlər buna inanmadıqlarını qeyd ediblər.

Rauf Mirqədirov vurğulayıb ki, bu, İran üçün intihara çevrilə bilər:

“Çünki Azərbaycan ən azı beynəlxalq aləmə müraciət edəcək. İkincisi, belə bir təhdid Rusiya üçün yolverilməzdir. Həm də belə bir hadisə regionda beynəlxalq müdaxilə təhlükəsi yarana bilər”.

Onun sözlərinə görə, ABŞ əvvəlcə İsrailin mövqeyini, yəhudi lobbisinin maraqlarını nəzərə alır və ondan sonra isə regionda müttəfiq saydığı Türkiyənin mövqeyini əsas götürür:

“Ümumiyyətlə, regionda İranın mövqelərinin güclənməsinə, hər hansı təcavüz aktı həyata keçirməsinə doğru hər hansı addım gerçəkləşərsə, Qərb kifayət qədər ciddi reaksiya verəcək. Xüsusilə bu məsələ İsraillə bağlıdır. Tel-Əviv Tehranın regionda güclənməsində heç cür maraqlı deyil”.

O xatırladıb ki, bir neçə gün əvvəl rəsmi Vaşinqton bəyanatla çıxış edib, İranın İsrailə zərbə vurmasının istisna olmadığını deyib:

“Dolayısı olaraq bu açıqlamanı Tehranın region siyasətinə cavab kimi də düşünmək olar. Yəni faktiki olaraq bu cür planların müzakirə olunduğu bildirildi və belə planlar gerçəkləşərsə, ABŞ İsrailin arxasında dayanacağını bəyan etdi”.

Tofiq Zülfüqarov da, hərbi ssenarinin reallaşacağı təqdirdə, beynəlxalq ictimaiyyətin reaksiyasının çox kəskin olacağını deyib:

“Amma hərbi baxımdan Azərbaycan-Türkiyə cütlüyü real olaraq imkan verməz ki, İran hansısa hərbi əməliyyatlar keçirsin. Həm də İran belə bir addım atsa, özünə ziyanı daha çox olacaq və buna hərbi baxımdan şansları da yoxdur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/du0jnv

Ən çox baxılan