Milli Məclis

Mənbə: Milli Məclis

Başlıq: Milli Məclis

Tahir Kərimli: Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur

"Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük ləkə oldu"

Aqustun 3-də Milli Məclisdə Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Toplantıda çıxış edən Baş prokuror Kamran Əliyev təqdimatın ünvanlaması üçün kifayət qədər əsasların olduğunu bildirib.

“Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumuna məxsus olan “Starıy dvor” restoranına gəlib və Mirzəyev Zaurun nə üçün həmin restorana gəlməsi, gecə 12-dən sonra restoranın işləməsinə irad tutulmasına görə sonradan polisin atası ilə əlaqə saxlayıb, görüşə çağırıb. Hüquqi tərəfdən isə biz artıq cinayət işi başlamışıq. 30 iyul tarixdə məlumat Baş Prokurorluğa məlumat daxil olub. Fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub. Ona görə də Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi zəruridir”, - Baş prokuror belə deyib.

Kamran Əliyev

Kamran Əliyev

Mənbə: Report.az

İntizam Komissiyasının sədri Eldar İbrahimov da müvafiq qanunvericiliyə əsasən, Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsasların olduğunu vurğulayıb:

“Komissiyanın 11 üzvü məsələyə müsbət rəy verib. Bu, parlament üçün çox böyük ləkə oldu. Biz parlamentin şərəfini qorumalıyıq”.

Eldar İbrahimov

Eldar İbrahimov

Mənbə: Report.az

Deputat Qüdrət Həsənquliyev olayı "üzücü" adlandırıb və Eldəniz Səlimovun qanunvericiliyi pozduğunu deyib:

"Eldəniz Səlimov əməlini etiraf edərək üzr istəyib. Ancaq çıxışında onu da bildirib ki, təqib və təzyiqlərin nəticəsində bu hal baş verib. Mən Baş prokurordan soruşmaq istəyirəm ki, bu hadisəyə qədər onun tərəfindən Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə hər hansı müraciət olunubmu, yaxud onlarda belə bir məlumat varmı? Çünki söhbət deputatın əməlinə hüquqi qiymət verilməsindən gedir. Biz ona görə məsələyə diqqətli yanaşmalıyıq”.

Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev

Mənbə: google.az

Deputat Məlahət Həsənova isə sosial şəbəkələrdə parlamentin adına sərt ifadələr yazıldığını qeyd edib: "Mili Məclisə küfr edirlər. Amma parlament qısa müddətdə beynəlxalq münasibətlərdə, pandemiya dövründə və Vətən müharibəsində çox fəal çalışıb. Ona görə də əldə etdiyimiz uğurlara kölgə salmaqlarına imkan verməməliyik”.

Tahir Rzayev Eldəniz Səlimovla çox ünsiyyətdə olduğunu deyərək əlavə edib ki, bu qədər sakit, mədəni insanın birdən-birə belə hərəkətə yol verdiyinə inana bilmir: "Ancaq törətdiyi əməl ortadadır. Sahibə xanım, siz dünən videokonfransda bizə bir fləşkart göstərdiniz. Ondan sonra səhərə kimi ağrılı hisslər keçirdim. Biz nə üçün deputat adını aşağıladıq?!”.

Müzakirələr zamanı deputat Tahir Kərimlinin həmkarını müdafiə etməsi spiker Sahibə Qafarovanı əsəbiləşdirib.

Sahibə Qafarova və Tahir Kərimli

Sahibə Qafarova və Tahir Kərimli

Mənbə: Meydan.TV

Tahir Kərimli deyib ki, hər bir deputatın içində kədər var: "Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb. 309-2-ci maddədən söhbət getmir. Polisin həddində idimi ki, deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq".

Milli Məclis sədri Sahibə Qafarova həmkarına sərt reaksiya verib.

Spiker deyib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə, 10 dəqiqəlik səsə qulaq asmağa dəvət edəcəyəm. Mən özüm çıxacağam zaldan, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

Eldəniz Səlimov

Eldəniz Səlimov

Mənbə: lent.az

İyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumat Baş Prokurorluqda araşdırılıb.

Ardınca Baş Prokurorluqda Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.

Avqustun 2-də isə Eldəniz Səlimov YAP-dan çıxarılıb.

E.Səlimov 2010-cu ildən Milli Məclisin üzvüdür, o, 55 saylı Xaçmaz şəhər dairəsindən mandat alıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/eaojsp

Ən çox baxılan