Şəhid ailəsi ilə qohumlar arasındakı mülk davası məhkəməyə daşındı

“Anam vaxtında torpaq vermişdi, onu satıb ev tikdirdi, cansağlığı ilə, onun evinə girən yoxdur”

Source: Meydan TV


Ana evini nəvəsinə versə də, övladları bununla razılaşmır

Birinci Qarabağ müharibəsində həlak olmuş Elşad Bayramovun ailəsi ilə bacısı arasıındakı mülk davası məhkəməyə qədər uzanıb. Tərəflər arasında mübahisə Quba rayonunun Alpan kəndində yerləşən ata evi üstündə düşüb. Hazırda həmin evdə Elşad Bayramovun ailəsi yaşayır.

Atasının adını daşıyan oğlu Elşad Bayramov Meydan TV-yə deyib ki, o, doğulandan atasının üzünü görməyib: “Anamla tək qalmışam. 1999-cu ildə hazırda üzərində mübahisə gedən ev vəsiyyətnamə ilə mənə verilib. O vaxtdan bu evdə yaşayırıq”.

Elşad Bayramov 1992-ci ilin sentyabrında Ağdərə istiqamətində gedən döyüşlərdə həyatını itirib. Kənddəki məktəb də onun adını daşıyır.

“Bibimgil kənddəki evini satıb. İndi deyirlər ki, bu evdə də payları olmalıdır. Halbuki nənəm – atamın anası onu mənə vəsiyyət edib və bunu təsdiq edən sənəd də var. 3 övladım var, anam da mənimlə yaşayır. Quba Rayon Məhkəməsində hazırda onların iddia ərizəsinə baxılır”, – E.Bayramov deyib. Əlavə edib ki, bibisinin Bakıda da evi var.

f78f5540-3147-4ad6-8e24-d584191d9793.jpg
Məhkəmə qətnaməsi

Sentyabrın 21-də iddia ərizəsinə baxılıb və iddia rədd edilib:

“İddia ərizəsində anamın və mənim evdən çıxarılmağım istənilirdi. Qərardan sonra dedilər ki, yenidən iddia qaldıracaq və biz evdən çıxarılmayanadək əl çəkməyəcəklər. Evdən pay almaq üçün hər vasitədən istifadə edirlər, bu da məni incidir. Atam mən anadan olmazdan 3 ay əvvəl şəhid olub, bacım-qardaşım yoxdur. Evin təmirindən tutmuş əşyalara qədər çətinliklə düzəltmişik. Nənəm hələ vəfat etməzdən əvvəl ona aid evi mənə verib. Təsəvvür edin, nənəm mülkünü, əmlakını şəhid oğlu, balasının yadigarı kimi mənə verib, illərdən sonra qohumlarım bununla razılaşmır. Bibim nənəmə aid olan torpağı müxtəlif vasitə ilə öz adına keçirib, payçı kimi mənim razılığım alınmayıb. Guya evi zəbt etmişik, bir hissəsin istəyirlər”,-şikayətçi deyib.

E.Bayramov qeyd edib ki, anası onu çətinliklə böyüdüb: “Onsuz da ata qayğısı görməmişəm, amma bibi və əmilərin bu iddiası həm də mənəvi cəhətdən zərbədir. Bu çətin vaxtda məhkəmələrə vaxt və maddi vəsaitim gedir, necə çətinliklə üzləşdiyimi sözlə təsvir edə bilmirəm”.

2ba1d37f-7e17-4a6b-869e-7ba97c4e7bc1_720.jpg
Vəsiyyətnamə

Quba Rayon İcra Hakimiyyətindən bildiriblər ki, şəhid ailəsi ilə yaxınlarının məhkəmə mübahisəsinə qatıla bilməzlər.

Şəhidin Pərvanə adlı bacısı isə Meydan TV-yə deyib ki, ailədə 10 uşaq olublar. Şəhid qardaşının oğlu isə onu, qardaşları və bacılarını ata yurduna buraxmır:

"Anam xəstə olanda uşaqlarından xəbərsiz notariusdan adam gətiriblər. Xəstə anama qol çəkdiriblər”.

sekill.jpg
Doğum haqqında şəhadətnamə

Pərvanə xanım məsələni ictimailəşdirəcək media orqanlarını da məhkəmə ilə hədələyib:

“Anam xəstə olanda Meydan TV gəlib ona baxmışdı? Hara gedirlər, şəhid ailəsinin adından istifadə ddirlər. Şəhidə qurban olum. Qardaşımın toyunu mən eləmişəm. 10 uşağıq, az deyilk. Anam vaxtında torpaq vermişdi, onu satıb ev tikdirdi, cansağlığı ilə, onun evinə girən yoxdur. Dövlətdən ev istədi, dövlət ev verdi. Dövlətimiz sağ olsun. Prezidentimizə, onun xanımına, icra hakimiyyətinə də böyük hörmətim var. Mən Heydər Əliyevin sözləri ilə yaşayıram. O deyir ki, hər bir azərbaycanlı öz hüquqlarını bilməlidir. Bu sözləri ürəklə təkrarlayıram. O evi zəbt ediblər. Anamın evinə bizi buraxmırlar. Bacım o evdə qeydiyyatdadır, əşyaları da var. Əşyalarına baxmaq üçün evə buraxmırdılar. Mən öz hüquqlarımı bilirəm! Gəlib sizə şikayət edib. Sizi də məhkəməyə verəcəm".

pppp.jpg
Meydan TV
Ana səhifəBölgəŞəhid ailəsi ilə qohumlar arasındakı mülk davası məhkəməyə daşındı