Ruslan İzzətli: İlham Əliyev, bu şəxslərə sözünüz keçmir?

O bildirib ki, qayıdandan sonra Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə müraciət edəcək.

Foto: arxiv


"II Qarabağ müharibəsində döyüşən bir şəxsin ailəsini təhqir etmək hansı əxlaqa sığır?"

D18 Hərəkatının sədri Ruslan İzzətli təhdid olunduğunu iddia edir.

O bu barədə avqustun 3-də "Facebook" səhifəsində yazıb.

Ruslan İzzətli qeyd edib ki, hər gün müxtəlif xarici nömrələrdən hədələnir: "Hər gün durmadan təhdid, söyüş, təhqirlə qarşılaşıram. Gün ərzində onlarla belə mesaj alıram".

Hərbi xidmətdən yenicə qayıdan hərəkat sədri bildirib ki, hərbi xidmətdən öncə də ona belə mesajlar göndərilib: "İndi isə artıq ailəmi də bu təhdidlərin içinə daxil ediblər".

O, dövlət başçısı İlham Əliyevə müraciət edib: "İlham Əliyev, bu ölkədə qərar verən tək şəxs sizsiniz. Bu söyüş kampaniyasını dayandırılmamasını siz əmr edirsiniz? Yoxsa bu şəxslərə sözünüz keçmir? İctimaiyyətə, mediaya müraciət edirəm! İlham Əliyev hər zaman şəhidlərimizdən, qazilərimizdən, müharibədə iştirak edən Azərbaycan əsgərlərindən danışır. Mən sual edirəm: II Qarabağ müharibəsində döyüşən bir şəxsin ailəsini, özünü təhdid etmək, təhqirlə mənəvi terror etmək hansı əxlaqa sığır?".

Ruslan İzzətli Meydan TV-yə deyib ki, o, iyulun 4-də hərbi xidmətdən qayıdandan 10 gün sonra bu cür mesajlar almağa başlayıb: "Bu gün 10 gündə həm sosial şəbəkələrdə, həm də mediada ordudakı durum barədə münasibətimi sərgilədim, yəni çatışmazlıqları qabartdım. Ardınca hər gün hədələnmələr, təhqir və təhdidlər oldu. Elə bu gün statusu yazandan sonra mesaj aldım ki, bununla heç nəyə nail olmayacaqsan, hara istəyirsən, şikayət elə".

Ruslan İzzətli hazırda Bakıdan kənarda olduğunu deyib.

O bildirib ki, qayıdandan sonra Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə müraciət edəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev Meydan.TV-yə deyib ki, Ruslan İzzətli müraciət edəndən sonra məsələ araşdırılacaq.

Ruslan İzzətli bu il ötən ilin fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində namizəd olub.

Ruslan İzzətli və bir neçə namizədlər dairədə saxtakarlıq olduğunu iddia edərək Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət veriblər. Onun namizəd olduğu 33 saylı Xətai ikinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib.

Seçkidən sonra isə (2020-ci ilin mayın 25-də) Ruslan izzətli hərbi xidmətə

aparılıb.

Ana səhifəSiyasətRuslan İzzətli: İlham Əliyev, bu şəxslərə sözünüz keçmir?