“Qırmızı” filmi beynəlxalq festivala göndərilir

“Məktəbə çatana qədər ayaqqabılarını palçıqda itirir”

Source: Specify Source


Rejissor: “Ümid edirəm ki, Samara Beynəlxalq “Кино-детям” festivalından da mükafatla qayıdacağıq”

Rejissor Tahir Tahiroviçin “Qırmızı” qısametrajlı bədii filmi beynəlxalq festivalda iştirak edəcək.

Söhbət sentyabrın 19-dan 24-dək Rusiyada keçiriləcək XXVI Samara Beynəlxalq “Кино-детям” festivalından gedir.

Sosial mövzu üzərində qurulan film Lerikin ucqar dağ kəndində yaşayan məktəbli qız Səbinə Ağayevadan bəhs edir.

Valideynləri ayrılıb. Evdə tək qalan məktəbli qız səhərin tez açılmağını gözləyir ki, atasının ona doğum günündə aldığı qırmızı ayaqqabılarını məktəbə geyinsin. Lakin qıza qırmızı ayaqqabını geyinmək qismət olmur. Məktəbə çatana qədər ayaqqabılarını palçıqda itirir.

Filmin yaradıcı heyəti: ssenari müəllifi Sevda Sultanova, rejissor Tahir Tahiroviç, operatoru Əminə Həsənlidir. Xronometrajı 15 dəqiqədir.

Tahir Tahiroviç Meydan TV-yə açıqlamasında deyib ki, filmdə əlavə obrazlar da var, lakin onların yalnız səsləri eşidilir. Onun sözlərinə görə, “Qırmızı” indiyədək beş beynəlxalq festivalda iştirak edib:

“Film 2020-ci ildə Moskvada keçirilən VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında mükafat da qazanıb. Ümid edirəm ki, Samara Beynəlxalq “Кино-детям” festivalından da mükafatla qayıdacağıq. Festivalın final mərhələsinə İtaliya, Rusiya, Belarus, Ermənistan və Azərbaycandan olan beş film qalıb. Onu da deyim ki, pandemiya vəziyyəti ilə əlaqədar festivalda iştirak etməyəcəyəm, onlayn izləyəcəyəm”.

“Кино-детям” beynəlxalq kinofestivalı 25 ildir keçirilir. Bu illər ərzində ABŞ, İtaliya, Böyük Britaniya, Fransa. Almaniya, Gürcüstan, Belarus Respublikası, Ukrayna və başqa ölkələrin filmləri nümayiş olunub.

Festivalın tədbirlərində çətin həyat şəraitində olan uşaqlar üçün “Ümid artımı” proqramı xüsusi yer tutur. Proqram 2011-ci ildən Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və “Radost” xeyriyyə fondunun dəstəyi ilə keçirilir.

Ana səhifəMədəniyyət“Qırmızı” filmi beynəlxalq festivala göndərilir