Vahid Məmmədli və Niyaməddin Kərimov

Mənbə: Şəkil "Facebook"dakı Fan-klub səhifəsində paylaşılıb

Başlıq: Vahid Məmmədli və Niyaməddin Kərimov

“Prokurorun qanunsuzluğuna görə doğmalarım həyatda deyil...”

Məqalə yeniləndi:  22 Sentyabr 2021

Niyaməddin Kərimov iddia edir ki, əgər prokurorun dəstəyilə əmisi oğlu azadlıqda qalmasaydı, onun atası və qardaşı da qətlə yetirilməzdi

Yardımlı rayonunun Eçara kənd sakini Niyaməddin Kərimov atası və qardaşının qətlinə görə rayonun keçmiş prokurorunu günahlandırır. Deyir ki, əgər prokuror vəzifəsindən sui-istifadə etməsəydi, bəlkə bu gün atası da, qardaşı da sağ olardı.

Ata və oğlunun qətlinə görə daha bir ata ilə oğulun həbsi...

Niyaməddin Kərimovun atası Şəmsəddin və qardaşı Elməddin Kərimovlar 2020-ci ilin fevralında qətlə yetirilib. Onların qətlində təqsirləndirilən isə Niyaməddin Kərimovun əmisi Nurəddin Kərimov və onun oğlu Kənan Nuroğludur.

Cinayət işinin materiallarında iddia olunur ki, qardaşlar və onların övladları arasında ədavət Eçara kəndində torpaq sahəsinə görə yaranıb. 2020-ci ili fevralın 27-də tərəflər arasında növbəti mübahisələrin biri bir qardaş və oğlunun ölümü, o biri qardaş və oğlunun isə uzunmüddətli həbsi ilə nəticələnib. Həbsdə olan ata və oğula Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə ittiham verilib.

İttiham aktı

İttiham aktı

Mənbə: Şəkil "Facebook"dakı Fan-klub səhifəsində paylaşılıb

“Prokurorun dəstəyilə əmim oğlu həbsdən buraxılmasaydı...”

Niyaməddin Kərimov Meydan TV-yə bildirib ki, əmisinin oğlu Kənan Nuroğlu və onun qardaşı Fərhad 2019-cu ildə külli miqdarda narkotikə görə saxlanmışdı. Onun sözlərinə görə, Fərhad dərhal azad edilib, Kənana isə ittiham verilsə də, o, tutulandan 4 gün sonra ev dustaqlığına buraxılıb. Yardımlı rayonunun prokuroru Vahid Məmmədli də bu qərarla razılaşıb: “Kənan Nuroğluna Cinayət Məcəlləsinin 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) və 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddələrilə ittiham verilmişdi. Lakin Yardımlı rayon prokuroru Vahid Məmmədli bununla razılaşmayıb. O, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərarı”nı təsdiqləməyib və işi Yardımlı Rayon Polis Şöbəsində təkrar istintaqa qaytarıb. Prokuror göstəriş verib ki, Kənan Nuroğluna Cinayət Məcəlləsinin 307.1, yəni cinayəti bilib xəbər verməməyə görə ittiham verilsin”.

Niyaməddin Kərimov iddia edir ki, əgər prokurorun dəstəyilə əmisi oğlu azadlıqda qalmasaydı, onun atası və qardaşı da qətlə yetirilməzdi.

Prezidentə müraciət

Prezidentə müraciət

Mənbə: Şəkil "Facebook"dakı Fan-klub səhifəsində paylaşılıb

Prokurorun səs yazısı

Yaxınlarının qətlindən bir müddət sonra Niyaməddin Kərimov hadisəni törətməkdə şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb olunmamasıyla əlaqədar rayonun prokuroru Vahid Məmmədli ilə görüşüb. Onun sözlərinə görə, həmin görüşdə prokuror açıq şəkildə deyib ki, Nurəddin Kərimov və oğlu Kənanın məsuliyyətə cəlb olunmasına mane olan vəzifəli şəxslər var. Konkret Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov və Zərdab rayonunun keçmiş prokuroru Hüseynxan Əliyevin adı çəkilib: “Həmin vaxt yarım saata qədər söhbətimiz oldu. Bəlkə də spirtli içkinin təsirindən idi, Vahid Məmmədli bir çox məsələləri etiraf etdi. Dedi ki, Nurəddin Kərimovu da, oğlu Kənanı da yaxşı tanıyır, onlara müəyyən məsələlərdə kömək də eləyib. Əsas onların kimayəçisi kimi, Baş Prokurorluqdan Ədalət Həşimovun və Zərdab rayonunun Hüseynxan adlı keçmiş prokurorunun adını çəkdi...”

Şəkil "Facebook"dakı Fan-klub səhifəsində paylaşılıb

Niyaməddin Kərimov prokurorla aralarındakı bu söhbətin səs yazısını da əlavə edərək, Baş Prokurorluğa şikayət göndərib. O, 2011-ci ildən 2020-ci ilə qədər Yardımlı rayonunun prokuroru vəzifəsində çalışmış, hazırda isə Qaradağ rayonunda məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror kimi fəaliyyət göstərən Vahid Məmmədlinin cəzalandırılmasını tələb edib. Lakin ona cavab gəlib ki, göndərdiyi diski açmaq, səs yazısını dinləmək mümkün olmadı.

Prokurora müraciət

Prokurora müraciət

Mənbə: Şəkil "Facebook"dakı Fan-klub səhifəsində paylaşılıb

Yardımlı sakini bu cavabın səmimiliyinə inanmır: “Mənim müraciətimdən bir həftə əvvəl Baş Prokurorluğun yeni inzibati binasının açılışı olmuşdu. Açılışda prezident də iştirak edirdi. Onda Baş prokuror Kamran Əliyev prezidentə dedi ki, yeni binadakı bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. O zaman niyə mənə cavab verirlər ki, kompüterlər köhnə olduğu üçün diski açıb oxumaq texniki baxımdan mümkün olmadı?”

Şikayətçinin sözlərinə görə, o, bu cavabdan sonra mayın 19-da bir daha səs yazısını Baş Prokurorluğa göndərib. Üstündən aylar keçsə də, müraciətinə cavab gəlməyib: “Vahid Məmmədli hazırda Qaradağ rayonunda prokurorluq əməkdaşı kimi fəaliyyətini davam etdirir. Məhz onun qanunsuz hərəkəti nəticəsində bu gün mənim doğmalarım həyatda deyil. Başqalarının da eyni aqibətlə üzləşməməsi üçün onun cəzalandırılmasını istəyirəm”.

Baş Prokurorluq: “Xidməti yoxlama aparılır”

1965-ci il təvəllüdlü Vahid Məmmədli Yardımlı rayonuna göndərilməmişdən öncə 8 il Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru olub. O, bir sıra bədii əsərlərin, kitabların müəllifidir.

Müraciət

Müraciət

Mənbə: Şəkil "Facebook"dakı Fan-klub səhifəsində paylaşılıb

Baş Prokurorluqdan bildirilib ki, Niyaməddin Kərimovun təqdim etdiyi səs yazısı və digər materiallarla bağlı müvafiq idarədə Vahid Məmmədli barəsində xidməti yoxlama başlanıb.

Ata və oğul Kərimovların qətlinə gəlincə, hadisədən üç ay sonra – 2020-ci il mayın 18-də Nurəddin Kərimov həbs edilib. Ona öncə Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə ittiham verilib. Bundan 4 gün sonra oğlu Kənan Nuroğlu könüllü şəkildə hüquq-mühafizə orqanlarına gələrək təslim olub. Sonradan həm ata, həm də oğula qəsdən adam öldürməyə görə üç maddə ilə ittiham verilib.

Nurəddin Kərimov ittihamlarla razılaşmır, qardaşı və onun oğlunun ölümündə özünü təqsirli bilmir. Oğlu Kənan isə özünü qismən təqsirli bilir. Bu iş Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dg3wse

Ən çox baxılan