Pentaqon etiraf etdi: Əməliyyat zamanı Kabildə 10 mülki vətəndaş ölüb

Pilotsuz təyyarənin hücumu zamanı 7 uşaq həyatını itirib

Foto: Pentaqon


Pilotsuz təyyarənin hücumu zamanı 7 uşaq həyatını itirib

Pentaqon ABŞ-ın pilotsuz təyyarəsinin Əfqanıstanın paytaxtı Kabili vurması nəticəsində (yeddisi uşaq olmaqla) 10 mülki vətəndaşın öldüyünü etiraf edib.

Bunu sentyabrın 18-də jurnalistlərə açıqlamasında ABŞ Hərbi Dəniz Qüvvələrinin generalı Kennet Mackenzie deyib.

“Bir döyüşçü olaraq bu hücumu və onun törətdiyi faciənin məsuliyyətini tam mənasıyla öz üzərimə götürürəm. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə o qeyd edib.

Pilotsuz təyyarənin hücumu ABŞ-ın Əfqanıstandan geri çəkilməsindən sonra kütləvi evakuasiya zamanı baş verib. Belə ki, Həmid Karzai Beynəlxalq Hava Limanı yaxınlığında İŞİD-K terror qruplaşmasının göndərdiyi kamikadze 13 amerikalı əsgəri və onlarla əfqanı öldürdükdən sonra ABŞ-ın pilotsuz təyyarəsi həmin ərazini bombalayıb.

“Bu hücum hərbi qüvvələrimizə və hava limanında evakusiya edilən insanlara qarşı gözlənilən bir təhlükənin qarşısını almaq məqsədilə gerçəkləşdirilib”, – deyə Mackenzie vurğulayıb.

General deyib ki, ABŞ ölənlərin sağ qalan ailə üzvlərinə təzminat ödəyəcək. Lakin o qeyd edib ki, artıq ABŞ ordusu Əfqanıstanda olmadığı üçün ödənişlər edilərkən çətinliklər yarana bilər.

Pentaqon avqustun 29-da həyata keçirilən əməliyyat zamanı Kabildə ABŞ qüvvələrinə hücum planlaşdırmaqda şübhəli bilinən iki İŞİD-K döyüşçüsünün öldürüldüyünü açıqlamışdı.

General-mayor Vilyam Taylor isə hücum zamanı mülki itkilərinin olmadığını bildirmişdi.

Pentaqonun sözçüsü Con Kirby ABŞ-ın hücumdan əvvəl heç bir xəbərdarlıq etmədiyini və “Taliban”la razılığa gəlmədiyini söyləyib.

O əlavə edib ki, Müdafiə Nazirliyi nə regionda olan digər ölkələrə, nə də ABŞ qanunvericilərinə məlumat verib.

Müdafiə naziri Lloyd Austin mülki şəxslərin öldürülməsini “dəhşətli bir səhv” adlandırıb və hadisə ilə bağlı araşdırmaların aparılmasına göstəriş verdiyini deyib.

Kaliforniya ştatının Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Schiff hadisədən narahat olduğunu dilə gətirib: “Bu, əlavə araşdırma tələb edən bir məsələdir və Konqresdəki həmkarlarımla Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi cavab almaq üçün Müdafiə Nazirliyinə təzyiq göstərməyə davam edəcək”.

Aprel ayında prezident Co Bayden 11 sentyabradək təxminən 3000 ABŞ əsgərinin Əfqanıstandan tamamilə çıxarılmasını əmr edib. Daha sonra o, bu tarixi 31 avqusta dəyişdirib.

Sülhməramlı qüvvələrin ölkədən çıxmağı planlaşdırdığı son həftələrdə “Taliban” döyüş meydanında bir sıra uğurlu əməliyyatlar keçirib.

Avqustun 15-də “Taliban” qüvvələri Kabildə prezident sarayını ələ keçirib.

Bundan sonra Qərb hökumətləri təhlükə altında olan Əfqanıstan vətəndaşlarını, həmçinin öz diplomatlarını və mülki əhalini təxliyə etmək səylərini gücləndirmək məcburiyyətində qalıblar.

Taliban hakimiyyəti ələ keçirdikdən sonra prezident Bayden ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını dəstəkləyib, lakin təxliyə işlərinə kömək etmək üçün minlərlə ABŞ əsgərinin Kabildə müvəqqəti yerləşdirilməsi üçün göstəriş verib.

ABŞ-ın Əfqanıstandakı hərbi missiyası təxminən 125 min nəfəri evakuasiya etdikdən sonra – 31 avqustda sona çatıb.

Təxliyə edilən şəxslərin təxminən 6000 ABŞ vətəndaşı və onların ailə üzvləri olub.Pilotsuz təyyarənin hücumu zamanı 7 uşaq həyatını itirib.

Ana səhifəXəbərlərPentaqon etiraf etdi: Əməliyyat zamanı Kabildə 10 mülki vətəndaş ölüb