MTN generalı Türkiyədən çağrılaraq həbs olunub

Mövlam Şıxəliyevlə birlikdə mühakimə olunacaq Yasin Məmmədov 2004-2011-ci illərdə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə MSK-nın sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Foto: Meydan.TV


O, külli miqdarda rüşvət almaqda ittiham olunur

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş general Nizami Şirinov və onun rəhbərlik etdiyi qurumun tabeliyindəki idarələrin keçmiş rəisləri Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili Nadir Nəzirovun məhkəməsi başlayıb.

General da daxil olmaqla, keçmiş MTN-çilər hədə-qorxu ilə vətəndaşların pullarını, əmlaklarını ələ keçirməkdə, külli miqdarda rüşvət almaqda ittiham olunur.

Adıçəkilən şəxslərdən yalnız Nizami Şirinov həbsdədir. Digərlərinin haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanov hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirəndə general deyib ki, 5 ildir təqaüddədir.

MTN-in keçmiş idarə rəisi Elman Tahirov isə hazırda “Azərsu”da məxfi şöbəyə rəhbərlik edir.

Generalın vəkili onun məhkəmənin hökmü çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəkil bildirib ki, Nizami Şirinov Türkiyədə ürək əməliyyatı keçirəndə istintaq onu dindirməyə çağırıb. O da çağırışa əməl edərək, dərhal ölkəyə qayıdıb. Bundan sonra da məhkəmədən yayınmaq niyyəti yoxdur, lakin hakimlər onun həbsdən buraxılmasına razılıq verməyib.

Zərərçəkmiş qismində tanınan şəxslərdən Mirzəli Yusifov vaxtilə MTN əməkdaşlarının hədə-qorxu ilə ondan 315 min dollar aldıqlarını bildirərək, həmin məbləğin ödənilməsi tələbilə mülki iddia qaldırıb.

O, mülki iddiada həmçinin mənəvi ziyana görə də 300 min manat ödənilməsini tələb edib.

Mirzəli Yusifovun mülki iddiası icraata götürülüb, lakin olun təmin edilib-edilmədiyi hələ məlum deyil. Bu məsələyə məhkəmənin hökmündə aydınlıq gələcək.

Mirzəli Yusifov Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi olub.

O, vəzifədən azad ediləndən bir müddət sonra rüşvət alma ittihamıyla cinayət məsuliyyətinə cəlb edilib.

Zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun sürücüsü olub.

Nizami Şirinov və daha üç işçisinin işi üzrə məhkəmə baxışı oktyabrın 7-nə təyin edilib.

Oktyabrın 11-də həbsdə olan başqa bir MTN generalı – nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev də məhkəmə önünə çıxarılacaq. Bu qurumun tərkibindəki şöbənin rəisi olmuş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov da onunla birlikdə mühakimə olunacaq.

Keçmiş MTN-çilər iş adamlarını, müxtəlif vəzifə sahiblərini ya özlərini, ya da yaxınlarını həbs etməklə hədələyib onların pullarını, əmlaklarını ələ keçirməkdə, milyonlarla manat rüşvət almaqda ittiham olunur.

Mövlam Şixəliyev tabeliyindəki təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə günahlandırılır.

Sabiq MTN polkovniki Vüsal Ələkbərovun bu, son 5 ildə ikinci mühakiməsidir.

2015-ci ildə MTN-in həbs olunan 20-dən artıq vəzifəlisindən biri də Vüsal Ələkbərov idi.

Uzun illər MTN-də müstəntiq, şöbə rəisi vəzifələrində işləmiş Vüsal Ələkbərov icraatındakı cinayət işlərində adı keçən adamlardan və onların yaxınlarından külli miqdarda pul almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilmişdi.

Mövlam Şıxəliyevlə birlikdə mühakimə olunacaq Yasin Məmmədov 2004-2011-ci illərdə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi, 2011-2018-ci illərdə isə MSK-nın sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Ana səhifəSiyasətMTN generalı Türkiyədən çağrılaraq həbs olunub