“Məktəblərdə barama yetişdirilir”

“Məktəblərdə barama yetişdirilir”


Sosial şəbəkələrdə videogörüntülər yayılıb

Son günlər sosial şəbəkələrdə yenə məktəblərdə barama qurdu saxlanması ilə bağlı video və fotolar yayılır.

Öncəki illər də müxtəlif bölgələrdən Meydan TV-yə bu sahədə şikayətlər gəlirdi. Məsələn,

Goranboyda

uşaq bağçasında, Füzulidə, Göyçayda

məktəblərdə

barama saxlanması insanları narahat edirdi.

Bu il də müxtəlif bölgələrdə məktəblərdə barama yetişdirilməsi ilə bağlı iddialar var. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, 4 nəfər qadın Azərbaycanın bayrağı, gerbi və bir sıra fotoşəkillərin olduğu lövhənin önündə oturub barama təmizləyirlər.

Videonu çəkən şəxs buranın Sabirabad rayonu Şəfi Babayev adına Surra kənd orta məktəbi olduğunu söyləyir.

İmişlidən olan və işini itirməmək üçün adının açıqlanmasını istəməyən bir mənbə isə Meydan TV-yə bildirib ki, orada nəinki məktəblərdə, klublarda və dövlətin balansında olan idarələrdə də barama saxlanılır:

“Yuxarıdan icra hakimiyyətinə, icra hakimiyyətindən də idarə müdirlərinə tapşırıq verilir. Onlara müəyyən qədər barama götürüb, yetişdirib təhvil vermək lazım olduğu deyilir”.

Surra kənd orta məktəbindən telefonu götürən şəxs sualı dinlədikdən sonra dəstəyi asıb.

İmişli Rayon İcra Hakimiyyətindən isə informasiya təkzib edilib. Belə bir halın olmadığı söylənib.

Barama yemləmək üçün Şəki şəhərinin mərkəzindəki Bəxtiyar Vahabzadə parkındakı tut ağacları kəsilib.

Bu barədə eko-aktivist Cavid Qara bildirib. Deyib ki, bunu edənlər yaşıllaşdırma idarəsinin işçiləri olub:

“Biz görən kimi yerli ekologiya idarəsi və polisə məlumat verdik. Polis ağac kəsənləri apardı. Daha bilmədik nə tədbir gördülər”.

Cavid Qara da bildirir ki, bölgələrdə təhsil və səhiyyə sistemi işçilərinə barama qurdu paylayırlar. Məcburi “yetişdirməlisən”, – deyirlər:

“Adamlar işini- gücünü atıb dövlətə məcburi barama yetişdirir. Sovetlər mənzərəsi. Ondan da pis təşkil edilmiş versiyası. Rayonlarda bu işə məcburi cəlb edilən hər kəs narazıdır”.

Şəki Şəhər İcra Hakimiyyətindən isə Meydan TV-yə ağac kəsənlərin müvafiq qaydada cəzalandırıldıqlarını söyləyiblər.

Təhsil müəssisələrində barama yetişdirilməsi ilə bağlı məsələyə Təhsil Nazirliyinin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb. Gün ərzində edilən bütün telefon zəngləri cavabsız qalıb.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il öncə etdiyi çıxışlarının birində baramaçılığın Azərbaycanda geniş vüsət aldığını, fermer və kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə olduğunu söyləyib:

“Dövlət baramaçılıqla bağlı hər şeyi öz üzərinə götürüb. Bu gün Azərbaycanın bölgələrində bütün lazım olan infrastruktur layihələr icra edilir. Biz hazırda sürətli inkişaf dövrünü yaşayırıq. Azərbaycan tarixində heç vaxt belə qısa müddət ərzində bu qədər işlər görüşməmişdi”.

Daha çox bundan sonra bölgələrdə dövlət idarələrinin, məktəb və bağçaların binalarında barama saxlanması halları artıb.

2016-cı ildən etibarən baramaya görə fermerlərə subsidiya ödənilir. Kəndlilər deyir ki, əvvəlcə bu məbləğ hər kiloqrama görə 2 manat idi, sonra 5 manata qaldırılıb

Ana səhifəVideo“Məktəblərdə barama yetişdirilir”