Mənbə: İcra Hakimiyyəti

Keçmiş Baş memar: Bizim möhürü Hacıbala Abutalıbov özündə saxlayırdı

Hakim: “Sənəd daxil olsaydı ki, Qız Qalası sökülsün, onu da təsdiqləyəcəkdiniz?”

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin məhkəməsində uzun illər paytaxtın baş memarı olmuş Akif Abdullayev dindirilib. 2008-2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini olmuş Akif Abdullayev bildirib ki, bu idarənin möhürü onlarda yox, Hacıbala Abutalıbovun özündə olurdu. İdarənin adından verilən rəyləri, sənədləri də icra başçısı özü möhürləyirdi.

Rasim Quliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır. Sentyabrın 20-də məhkəmədə əvvəlcə

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətində çalışmış, hazırda isə təqaüddə olan Feyzi Rizayev dindirilib. O, paytaxtın Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən, tarixi-mədəni abidə sayılan yaşayış binası haqda danışıb. Çünki Rasim Quliyev həmin binanın sökülüb, yerində hündürmərtəbəli binanın tikintisinə icazə verməyə görə təqsirləndirilir: “O tarixi binanın yanında tikinti gedirdi. Ona görə bu binada çatlar əmələ gəlmişdi. Biz Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirdik. Həmin vaxt yeni tikilən binanın zirzəmisi inşa edilirdi. Məsələ ilə bağlı müvafiq qurumlara məlumat verdik”.

Şahid əlavə edib ki, tarixi binalar, abidələr mütəxəssislər tərəfindən qeydiyyata alınır və Nazirlər Kabinetinə müvafiq şöbəsinə göndərilir. Bu qurumun rəyi ilə tarixi bina kimi qeydə alınır.

Daha sonra məhkəmədə Bakının Baş memarı olmuş Akif Abdullayev dindirilib. O bildirib ki, tarixi binaların sökülməsi ilə məşğul olmayıb: “Mən yalnız təzə tikilən binalara baxmışam. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sərəncam verəndən sonra mən həmin sərəncamı icra edirdim. Rauf Pənahov həm Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. İdarənin möhürü Hacıbala Abutalıbovda olurdu, bizə vermirdi. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu, ondan xəbərim olmurdu”.

Akif Abdullayev vurğulayıb ki, hansısa binanın tikintisiylə bağlı daxil olan sənədə icazə verəiləndə sənədləri araşdırmaq ixtiyarı olmayıb: “Memarlıq və Şəhərsalma Baş İdarəsinin işi tikinti üzrə sənədləri araşdırmaq idi. Hacıbala Abutalıbov sənədləri araşdırıb qərara gələndən sonra rəylər bizə daxil olurdu, biz də təsdiqləyirdik”.

Hakim Faiq Qəniyev:

-Sənəd daxil olsaydı ki, Qız Qalası sökülsün, onu da təsdiqləyəcəkdiniz?

-Lazım olsa, rəy alınsa, o da söküləcəkdi...

Akif Abdullayevin dindirməsi sentyabrın 17-də davam edəcək.

Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. 2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.

Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.

Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. O, özünü təqsirli bilmir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0m820b

Ən çox baxılan