Razi Hümmətov

Mənbə: Facebook

Başlıq: Razi Hümmətov

“İlham Əliyev, xalq səni sevmir” yazan şəxsin məhkəməsi başlayıb

Razi Hümmətov “Bandotdel”də işgəncəyə məruz qaldığını deyir

"Facebook"dakı hesabından "İlham Əliyev, xalq səni sevmir" məzmunlu paylaşımından bir neçə gün sonra narkotik ittihamıyla həbs olunan Razi Hümmətovun məhkəməsi başlayıb. Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Telman Hüseynovun sədrliyilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona məhkəmədəki hüquq və vəzifələri izah olunub.

Razi Hümmətovun vəkili Cavad Cavadov müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik daşıma, saxlama) maddəsilə irəli sürülən ittihamın əsassız olduğunu bildirərək, onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Razi Hümmətov narkotikin ona aidiyyəti olmadığını deyir. İş materiallarındakı pozuntular da onun dediklərinin doğru olduğunu düşünməyə əsas verir.

Vəkil daha bir vəsatət qaldırıb ki, əgər cinayət işinə xitam verilməsə, heç olmasa, məhkəmə dövründə ev dustaqlığına buraxılsın.

Razi Hümmətov vəkilinin qaldırdığı vəsatətləri müdafiə etməklə yanaşı, vurğulayıb ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel kimi tanınır) işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, ilkin dindirmə protokolundakı imzanı da fiziki təzyiqlər altında atıb.

Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı oktyabrın 21-nə təyin edilib.

Razi Hümmətov ilahiyyatçı Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının üzvüdür. Hərəkatın onun həbsindən sonra yaydığı bəyanatda bildirilir ki, Razi Hümmətov "Facebook" hesabından hökuməti tənqid edən paylaşımlarına görə cəzalandırılıb. Hərəkat bəyan edib ki, Razi Hümmətov özü narkomaniya və narkotik satışına qarşı mübarizə aparan fəal olub.

Razi Hümmətovun ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zpabhb

Ən çox baxılan