“COVID-19-un tam dəyişikliyə uğraması üçün 8-10 il vaxt lazımdır”

Professor bildirib ki, COVID-19-un genom fərqliliyi göstərən bütün mutantları, o cümlədən “Lyambda” və “My” ştamları da ana ştamdan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı və s.) ilə fərqlənməlidir

Foto: Meydan.TV


Professor: “İnsanları öldürən COVID-19 deyil”

“Hər gün sosial şəbəkələrdə kiminsə virusdan ölümü xəbəri verilir. Bu da digər insanlara güclü psixoloji təsir göstərir. Əslində ölümün səbəbi rəsmi mənbələrə istinadən yalnız patoloq-anatomun təsdiqindən sonra verilməlidir. Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir”. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib. Professorun fikirlər ATU-nun mətbuat xidməti vasitəsilə yayımlanıb.

“Hər bir şüurlu insan bilməlidir ki, ölüm canlı aləm üçün haqdır və qaçılmazdır. Canlı toxuma, postnatal inkişafın yaş dövrlərinə uyğun olaraq, məruz qaldığı mərhələli dəyişikliyin hər birində subhüceyrəvi genom vahidi itirərək, irsiyyətini yaşatmaq üçün sonda canlı həyata əlvida deyir. Yəni, ölüm həyatın sonu yox, yeni həyatın başlanğıcıdır. Bu ölümlər əbədi yaşam qanunudur”,- Musa Qəniyev vurğulayıb.

Professor Musa Qəniyev vaksinlərin mənfi təsirinin olub-olmaması ilə bağlı fikirlərini də açıqlayıb:

“1796-cı ildən etibarən, yəni vaksinlərin praktik istifadəsinə başladığı ildən ta bu günədək peyvənd – viral infeksiyalardan ən etibarlı qorunma vasitəsidir. Peyvəndləmə hər il yer kürəsində 3 milyondan çox əhalini ölümün pəncəsindən xilas edir. Vaksin müvafiq infeksiyanın orqanizmdə “nisbi xəstələnmə modeli”ni yaradır. Bu səbəbdən də peyvənddən sonra inyeksiya yerində ağrının olması, hətta bu ağrının bir neçə gün davam etməsi, qızdırma, üşütmə, halsızlıq, ishal, baş, əzələ, oynaq ağrısı və s. olması normal gözləntilərdir. Yəni, bunlar peyvəndin yan təsirləri deyil. Bu, yalnız formalaşan immunitetə orqanizmin lokal və ya sistem reaksiyasıdır ki, qısa müddətdən sonra tamamilə aradan qalxır”.

Professor vurğulayır ki, istənilən infeksiya kimi COVID-19-a qarşı təbii immunitetin yaranması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, infeksiyaya yoluxub sağalmış insanlarda əmələ gələn immunitet həmin virusa qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur: “Çünki təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə (örtük təbəqə, matriks və nukleoprotein sırası) qarşı, hüceyrə yaddaşına total şəkildə həkk olunan, aktiv immunitet formalaşdırır. Odur ki, mutant ştamından asılı olmayaraq, bütün təkrar yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni mövsümi infeksiya kimi keçirir”.

M.Qəniyevin sözlərinə görə, COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır. Odur ki, öpüşüb-görüşməkdən imtina etməklə də, yoluxma sayının kəskin azalmasına nail olmaq mümkündür.

Professor hesab edir ki, insanları qorxudub onların psixoloji sarsıntı keçirməsinə səbəb olmaqdansa, hər kəsə daha düzgün və elmə əsaslanan məlumatların verilməsi daha doğrudur.

Musa Qəniyev əvvəlki ştamlara nisbətən daha yoluxucu və daha aqressiv olan “Lyambda” və “My” ştamlarının yayılması haqqında xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu ştamlar COVID-19-dan genom fərqliliyi göstərən 24 mutant ştamdan bir neçəsidir: “Onların hər birinin ayrı-ayrılıqda mutasiya variantları var. Məsələn, “Lyambda” ştamının virogen fəallığına nisbi təsir göstərən səkkiz, virogen fəallığına praktik olaraq təsir göstərməyən, iyirmi funksional aktiv mutasiyası vardır. Bunların içərisində yalnız T76I и L452Q, eləcə də NTD-domeni mutasiyasının patogen fəallığının yüksək olması ehtimal olunur. T76I и L452Q mutasiyası virusu tənəffüs yolu epitel hüceyrələrinin ACE2 reseptorlarına bağlayan SHCO14 spayka (yapışan) zülal fraqmentinin özündə, sonuncu isə, spayka zülalın özünün bağlandığı domendə baş verir.

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 30-da nəzarətə götürdüyü və hazırda dünyada koronavirusa ümumi yoluxmanın cəmi 0,1%-ni təşkil edən “My” ştamında genom dəyişikliyi, yenə də virusu ACE2 reseptorlarına bağlayan SHCO-14 spayka zülalında baş verir, yəni 146 N nuklen əlavəsi (N-terminal domendə, AAC kodonda 3 nukleotid- Aspargin aminturşusu (Asn/N) əlavəsi) və furin parçalanma- genom sahəsində (S1/S2 parçalanma saytı) P681 mutasiyası. Göründüyü kimi, istər “Lyambda”, istərsə də “My” ştamında ana virus – COVID-19-dan fərqlilik yalnız SHCO-14 zülalında törənən dəyişiklikdir. SHCO-14-ün yeganə funksiyası virusa yoluxmanın təminatçısı olmaqdır. Odur ki, bu struktur vahidində törənən dəyişiklik heç bir halda virusun patogen fəallığı və letallıq əmsalının yüksəlməsi və ya xəstəliyin ağır gedişinə səbəb ola bilməz”, – Musa Qəniyev deyib.

Professor bildirib ki, COVID-19-un genom fərqliliyi göstərən bütün mutantları, o cümlədən “Lyambda” və “My” ştamları da ana ştamdan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı və s.) ilə fərqlənməlidir:

“Bu, mutasiyaya uğramanın əsas şərtidir, əks halda ana ştamın (COVID-19) mutasiyaya məruz qalmasını söyləmək olmaz. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet – hər kəsi, bütün mutant ştamlardan, o cümlədən, “Lyambda” və “My” ştamından da aktiv şəkildə qorumalıdır. Belə şəxslərdə virusa təkrar yoluxma ehtimalı 0,002 faiz nisbətindən yüksək olmamalıdır”.

Professor bu ştamların yalnız ehtimal olunan xüsusiyyətlərini reallıq kimi qiymətləndirib yazmağın, danışmağın, insanları şiddət altında saxlamağın yolverilməz olduğunu deyib. Professor elmi məntiq və fundamental klinik müşahidə və tədqiqatlara söykənməyən, yanlış fərdi yanaşmaların ictimailəşdirilərək geniş əhali içərisində yayılmasının, yalnız stress, qorxu, mənəvi sarsıntı və tərki-dünyalığa xidmət etdiyini vurğulayıb.

Professor M.Qəniyev onu da deyib ki, əhalinin 40-60%-nin vaksinləşəcəyi təqdirdə guya virusun daha dözümlü mutant ştamlar yaradacağı ilə bağlı deyilənlər də əsassızdır: “Bu mutasiyalar virus RNT-sinin simbioz yaşamağa xidmət edən, letallıq mutasiyasının nəticəsi kimi əmələ gəldiyindən, vaksinlərin ona təsiri, ana ştama təsirilə müqayisədə daha güclü olmalıdır. Həmçinin, istənilən virus populyasiyasında əsaslı genom fərqliliyi göstərən, letallığı çox yüksək və son dərəcə patogen virus ştamı, yalnız orqanizmin məlum virus ailəsini mütləq şəkildə “özündən təcridə” son cəhdi halında əmələ gələ bilər. Ana ştamın (COVID-19) bu dəyişikliyə uğraması üçün ən azı 8-10 il vaxt lazımdır”.

Professor Musa Qəniyev sonda deyib ki, COVID-19 insanları öldürmür: “İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu – yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus “xofunu” birdəfəlik unutmaqdır”.

Ana səhifəSağlıq“COVID-19-un tam dəyişikliyə uğraması üçün 8-10 il vaxt lazımdır”