Sülhəddin Əkbər: Rusiya bunları təkbaşına edirsə, Minsk Qrupuna nə ehtiyac var

“İndiki vəziyyətdə Bakının vaxt itirmədən Ankarayla hərbi ittifaq sazişi imzalanmalıdır”

Source: google.az


"Vaşinqtonun izahat istəməsi Moskvanın xoşuna gəlmir"

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət Departamentinin bəyanatını “qəribə xahiş” adlandırıb.

Rusiyalı nazirin sözlərinə görə, 10 noyabrda imzalanan üçtərəfli bəyanat haqqında Vaşinqton və Parisə diplomatik kanallarla məlumat verilib:

“ABŞ Dövlət katibinin müavini səviyyəsində bütün məlumatlardan xəbərdardır. Mənə bəyanatdakı xahiş qəribə gəldi. Doğrusu, belə bəyanatlar sadəcə olaraq ya məlumatsızlıqdan, ya da anlaşılmazlığın nəticəsində yaranır".

Sergey Lavrov bildirib ki, ölkəsi Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın yoxlanılmasına heç vaxt yol verməyəcək:

“Rusiya tam əvvəldən ABŞ-ın da tərkibində olduğu Minsk qrupunun həmsədrləri ilə birlikdə sıx əməkdaşlıq şəraitində işlədi. Oktyabrın 10-da Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri öz bəyanatlarını razılaşdıranda da ATƏT-in Minsk qrupunun həmsədrləri orada iştirak edib və tam olaraq məlumatlandırılıblar. Bir həftə sonra isə Fransa Prezidenti heç kimlə müzakirə etmədən öz təşəbbüsünü irəli sürdü. Biz də onu dəstəklədik. Baxmayaraq ki, bu, Rusiyanın maraqlarına hansısa ziyanı verə bilərdi, amma biz onu etdik. Bundan bir həftə sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü oldu və yenə də heç bir tərəfin narazılığı olmadı. Bütün bunlardan görünən odur ki, imzalanmış üçtərəfli müqavilə Qərbin , xüsusilə də Fransanın və ABŞ-ın ürəyincə deyil və buna görə "suyu bulandırmağa"çalışırlar”.

image_from_ios.jpg
Sergey Lavrov

Rusiyanın baş diplomatının açıqlamasını Meydan TV-yə şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər həmsədr dövlətlər daxilində diplomatik təşəbbüs uğrunda daim rəqabət olduğunu xatırladaraq bildirib ki, indiki halda da rəqabətin kəskinləşməsi təbiidir:

“Çünki Rusiya birtərəfli qaydada təşəbbüsü ələ alıb, çox ciddi diplomatik gediş edib, eyni zamanda, bu təşəbbüsün hərb meydanında “sülhməramlı” qüvvələr yeritməklə möhkəmləndirib. Əlbəttə, Rusiya ABŞ-dakı seçki vəziyyətindən istifadə edib və Fransanın prosesə müdaxiləsi isə həddən artıq məhduddur. Mövcud vəziyyət Kremlin siyasi-diplomatik qələbəsi sayıla bilər və həm də mahiyyət etibarilə Minsk Qrupu formatının da üstündən xətt çəkilməsi deməkdir. Sual yaranır, Rusiya bunları təkbaşına edirsə, Minsk Qrupuna nə ehtiyac var, xüsusən də Minsk Qrupunun 1992-ci ildən nəticə vermədiyi halda”.

Sülhəddin Əkbər Vaşinqtonun narahatlığını anlaşılan adlandırsa da, Ağ Evin nə baş verdiyini yaxşı bildiyini söyləyib:

“Sadəcə, Vaşinqtonun izahat istəməsi Moskvanın xoşuna gəlmir. Faktiki olaraq, Rusiya təkbaşına hərəkət edib de-fakto siyasi-hərbi durum yaradıb. Yəni Putinin iştirakıyla üçtərəfli bəyanat imzalanıb, atəşkəsə nail olunub, elə həmin vaxt da Rusiya sülhməramlı adıyla münaqişə bölgəsinə öz silahlı qüvvələrini yeridib. İkinci, Rusiya Türkiyə ilə birgə atəşkəsə nəzarət mərkəzi yaratmaq sazişi imzalamaqla Vaşinqton və Parisi narahat edib”.

Sülhəddin Əkbər ehtimal edir ki, bundan sonra narahatedici məqam Dağlıq Qarabağı statusu ilə bağlı Azərbaycana artan təzyiqlərdir: “Rusiya artıq edəcəyini edib, gördü ki, siyasi-hərbi dəstək verdiyi Ermənistan Azərbaycan ordusu qarşısında dayana bilmir, ona görə özü birbaşa Dağlıq Qarabağ məsələsilə məşğul oldu. Əslində, Rusiya status məsələsinin həllində maraqlı deyil və şimal ölkənin mövqeyi Vaşinqton və Parisdən fərqlidir. İkincilər bölgədəki ermənilərə hər hansıx üsusi statusun verilməsində maraqlıdırsa, Moskva bu məsələnin həllində maraqlı deyil. Kreml yeni şəraitdə məsələnin dondurulmasında maraqlıdır. Çünki problem həll olunsa, Bakı və Yerevanın Moskvaya ehtiyacı kəskin azalacaq. Ona görə də növbəti mərhələdə Rusiya və ABŞ-Fransa arasında rəqabət bu istiqamətdə gedəcək. Paris və Vaşinqton məğlubiyyətin acısını həm Moskvadan, həm də Bakı və Ankaradan çıxmağa çalışacaq, yəni təzyiqlər artacaq. Belə olanda, geopolitik vəziyyət Türkiyə ilə rusiyanın maraqlarını yaxınlaşıdırır, onları rəqabət içində əməkdaşlığa məcbur edir. Digər tərəfdən də Rusiya problemin əsl sahibi kimi ortada olduğundan Azərbaycan ayıq-sayıq olmalıdır. Rusiya Ermənistanda maraqlarını qorumaq üçün Azərbaycana lazım gələndə təzyiq edəcək. Xüsusilə ən təhlükəli məqam Qarabağdakı ermənilərə rus pasportlarının paylanmasıdır. Beləliklə, Azərbaycan bir tərəfdən Moskvanın təhdid və təzyiqlərilə üzləşəcək, başqa tərəfdən də Paris və Vaşinqtonun".

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

S.Əkbər indiki vəziyyətdə Bakının vaxt itirmədən Ankarayla hərbi ittifaq sazişi imzalanmasını vacib sayır:

“Bunun ardınca strateji müttəfiqlik hədəf götürülərək irəli getməliyik. Çünki bizim qarşımızda artıq Ermənistan deyil, Rusiya və ABŞ, Fransa dayanır. İndiki şəraitdə Azərbaycanın yeni kompleks münasibətlər dəstinə ehtiyacı var, həm ABŞ-la təmasları yeni səviyyəyə qaldırmalıyıq, məsələn Gürcüstan kimi strateji tərəfdaşlıq xartiyası imzalamalıyıq, həm də NATO-dan kənar əsas müttəfiq statusu almağa çalışmalıyıq. Paralel olaraq, Avropa Birliyi ilə Assosiativ Saziş haqda danışıqlara başlanmalıdır. İsraillə münasibətləri yeni səviyyəyə qaldırılmalı, Pakistanla strateji tərəfdaşlıq və qarşılıqlı yardım sənədi imzalanmalıdır. Çünki Azərbaycanın hərbi qələbəsi yeni siyasi-diplomatik riskləri ortaya çıxarıb, bunları minimuma endirmək üçün kompleks addımları atmağa məcburuq”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətSülhəddin Əkbər: Rusiya bunları təkbaşına edirsə, Minsk Qrupuna nə ehtiyac var