Saxta Heydər Əliyev Fondu

İş adamlarını aldadanları həbsxanaya aparan yol…

Foto: Meydan TV

Həmişə demişəm ki, Azərbaycan istedadlı insanlarla doludur. Sadəcə sistem bərbaddır deyə, insanlar özlərini düzgün sahədə sübut edə bilmirlər. Və bunun sonu çox vaxt acınacaqlı olur.

Heydər Əliyev Fondunun bura nə dəxli? Bəli, bəli, düz oxumusuz! Heydər Əliyev Fondu! Lakin söhbət hamımızın bildiyi fonddan yox, Azərbaycanın ən istedadlı dələduzlarının Hollivud rejissorlarını tozda qoyacaq ssenariylə qurduğu və bütöv bir sistemi ələ saldıqları “Saxta Heydər Əliyev Fondu”-ndan gedir.

Deməli belə, başlayım sizə hadisəni nəql etməyə. Əhvalat vaqe olur bizim Bakımızda. Yox, yox, öncə giriş edim. Bu adamlar kimdir, onları haradan tanıyıram, bu məsələləri başdan izah edim ki, diqqətli oxucunun beynində sual işarəsi yaranmasın.

Azərbaycanın həbsxana sistemində ən əsas yazılmamış qanunlardan biri də budur ki, həbsxanaya yeni gələn şəxs hamıyla tanış etdirilir, başda xüsusilə vacib adamlar olmaqla. Həmçinin yeni gələn adama kimin kim olduğu ilk 15 gündə qısaca izah edilir. Mən də yeni gedəndə, mənə bir neçə nəfər adamı göstərib, “bunlar da Heydər Əliyev Fondunun saxtasını düzəldiblər, ona görə tutulublar” demişdilər. Başda maraqlı gəlməmişdi. Həbsxananın kitabxanaçısı, “İlkin, bunlarda oskarlıq mövzu var, oğul lazımdı bunları danışdıra, yaza, filmini çəkə” desə də, diqqətimi çəkməmişdi. Lakin həbsxanada olan digər siyasi məhbus dostlarımızı azadlığa buraxdıqdan və mən tək qaldıqdan sonra, suda boğulan saman çöpündən yapışar misalı, vaxtımı aparacaq, başımı qarışdıracaq hər cür yeni məşğuliyyət axtarmağa başlamışdım. Yadıma bu adamlar düşdü. Getdim, hamısıyla bir-bir danışdım, xatirələrini, hekayələrini danışmalarını istədim. Onlar danışdıqca, yazdım, qeydlər apardım. Bu gün o qeydlərimin, ümumiyyətlə, həbsxanada olarkən yazdığım yüzlərlə səhifənin biri belə məndə olmasa da, hafizəm həmişə olduğu kimi bu dəfə də, sərəncamımdadır.

Bu qədər uzun girişdən sonra artıq hekayəyə başlayaq. Həmin şəxslərin bir çoxunun hələ də həbsdə olduğunu, bəzilərinin isə öldüyü üçün qohumlarının və yaxınlarının həssaslığını nəzərə alıb, adları şərti olaraq hərflərlə verəcəm.

Günlərin bir günü, vaxtilə hansısa təhsil idarəsində işləmiş, indisə işsiz olan A. qərara gəlir ki, pul qazanmaq lazımdır. Bəs, yaxşı necə? Sərmayə yox, “krışa” yox. Lakin bol ağıl və qazlanmağa hazır N qədər axmaq var. A. yaxın dostu olan B.-ni dəvət edir, planını açıqlayır. B. əvvəlcə, dəhşətə gəlsə də, A.-nın əzmi və B.-nin pul qazanmaq istəyi-arzusu, sonda qalib gəlir. A. və B. ətraflarına 7-8 nəfəri yığırlar. Və başlayırlar işə. C.-dən 6 ay sonra qaytarmaq şərtilə bir miqdar borc pul, bu hadisələrə heç bir dəxli olmayan, Z. adlı bir nəfər sahibkardan, şəhərin mərkəzində yerləşən qəşəng bir ofisi icarəyə, gənc, seksual bir rusdilli katibəni işə götürürlər və serial başlayır. Yeni bir MMC qeydiyyatdan keçirilir. Adlarını eşitdikləri, qismən daydaysız biznesmenlərə zəng edib Heydər Əliyev Fondundan olduqlarını, görüşmək istədiklərini bildirirlər. Görüşlər alınır, biznesmenlər ofisə dəvət olunur. Qurban-biznesmenlərə Fond üçün məktəblər tikmək lazım olduğu bildirilir. Fondun adını eşidən andan əsməcəyə düşən biznesmenlər, əvvəlcədən planlaşdırılmış şəkildə 2 saat gözlədildkdən sonra kostyum-qalstuklu, sürücüsünün qapısını açdığı 150 minlik avtomobildən (əslində icarəyə götürülən) indicə düşən və mühafizəçinin (əslində, cəmi 1 həftə əvvəl işə alınan və kimi qoruduğunu özü də bilməyən) müşayiətilə içəri girən qocaman, ağsaçlı və ağ saqqallı, son model “Karl Legerfeld” marka eynəkli, 60-lı yaşlarında olan B.-nin mükəmməl teatrallıqla yaratdığı obrazın qarşısında, zatən lap başdan əzilmişdir. Onun ağzından çıxan kəlmə, bu andan etibarən, hökmdür. “Bəs, həqiqi fondla əlaqə saxlayıb, bu adamların həqiqi nümayəndə olub-olmadığını yoxlamaq, bu biznesmenlərin ağıllarına gəlmədimi?”- deyə, soruşursuzsa, cavab verim ki, gəlmədi, çünki gələ biılməzdi. Həmin qurban-biznesmenlər, heç buna cəsarət belə etməzdilər və etmədilər də. Hadisələri azca qabaqlayıb deyim ki, bu iş üzrə təqsirləndirilənlərin məhkəmə proseslərində, həmin biznesmenlərin çoxu bu adamlara pul verdiklərini inkar etmişdilər və bəziləri isə bildirmişdilər ki, bu adamları ümumiyyətlə, heç vaxt görməyiblər.

Beləcə, biznesmenlərlə görüşülür, onlarla danışılır, onlara görəcəkləri işlərin qarşılığında dövlət tenderləri verəcəkləri vəd olunur. Necə? Çox sadə. Yüksək vəzifəli məmurların yaxınlarının yas mərasimində biznesmenlərlə görüşlər təyin olunur. Yasın ağır psixoloji abu-havasında, A., məsələn, Ziya Məmmədova yaxınlaşır, “öpüşüb-görüşür”, başsağlığı verir, qulağına pıçıldayır ki, məsələn, “Əliyehdər müəllim gələ bilmədi, başsağlığı verir, oğlu gəlib”. Əliheydərin və indicə onunla görüşən maymağın kim olduğunu bilməyən və bu, ümumiyyətlə, vecinə olmayan Ziya Məmmədov yalandan başını yelləyir və gözucu qurban-biznesmenə baxır. Vəssalam. Mission completed. Yasdan çıxanda, A. biznesmenə deyir ki, “Ziyaya səni göstərdim, dedim ki, B. müəllim deyən oğlandı, o da dedi ki qanacaqlı oğlana oxşayır”. Biznesmen yeyir. Necə yeməyə bilər axı? Cəmi iki gün əvvəl B. ona demişdi ki, “Ziyayla sənin işini danışdım, dedi gətir, tanış elə, madam ki, o boyda yer üçün iş görüb, biz də çalışıb onu bir kanala salarıq”.

Yasdan çıxıb gəlirlər ofisə. Gedirlər B.-nin kabinetinə. Kabinetə girəndə, katibə özünü atır A.-nın qabağına ki, “B. müəllim, vacib telefon danışığı aparır, girməyin”. A. da qıza əsəbiləşir, bir-iki ağır söz deyib qapını itələyib açır, biznesmenin də qolundan tutub salır içəri. Bu anda bahalı kreslosunda fırlanan və içəri girən iki nəfərə işarət barmağını dodağına aparmaqla “susun” işarəsi verən B. öz master klassına başlayır: “Hə, Mehriban, qızım, siz də üzrlü sayın, başım səfərlərə qarışıb. Amma ataya de, onu yaddan çıxarmamışam, işlər o qədər çoxdur ki. Narahat olma, mütləq gələcəm. Oldu, sağ ol, qızım”. Vəssəlam. Qurban, artıq, ovuc içindədir. Ondan, xeyriyyə məqsədli bir iş üçün 200-700 min manat arası pul istənilir, nəğd qaydada alınır və x məktəbin tikintisi üçün sərf ediləcəyilə bağlı sənəd verilir.

Bəs x məktəb? Xeyr, uydurma zad deyil. Əvvəlcədən iti ağlını işə salan A. ilk bir neçə uğurlu işdən sonra həqiqətən də bir məktəb tikintisinə başlayır. Lazımi yerlərə rüşvət verib, məktəbin guya 47 milyon manatlıq smeta sənədi əldə olunur. Pulu alınan və alınacaq biznesmenlərin hamısına müvafiq dövlət orqanının möhürü və müvafiq vəzifəli şəxsin imzası olan bu sənədin surəti verilir, nisbətən iribuynuzlu biznesmenlər inşaat sahəsinə aparılır, – B.-nin yaxın qohumu olan iş icraçısı A.-nın qabağına qaçıb təzim edir, inşaatın (əslində, bilərəkdən yubadılan və bitirilməsi planlaşdırılmayan) yaxşı getdiyini və planlanan vaxtda bitəcəyini bildirir. Bu cür mükəmməl ssenariylə başları aldadılan biznesmenlərdən, üst-üstə 78 milyon manat-100 milyon dollar pul yığılır.

Hələlik, hər şey qaydasındadır, biznesmenlər yolunur, pullar gəlir, dəbdəbəli həyat başlayır. C.-nin pulu artıqlamasıyla qaytarılıb, A. özünə Nitsada, B. Mərdəkanda villa alıb. İcarəyə götürülən avtomobilin ən son modelindən iki dənə, bu dəfə həqiqətən alınır. Şirkətdəki seksual rusdilli katibələrin sayı 5-ə çatıb. Mühafizəçilərin sayı 6-dır. Hüquqşünaslarla müqavilələr imzalanır. Nə olar, nə olmaz. Amma hüquqi olaraq, onlar 47 milyonluq birgə layihə üçün pul alıblar, aldıqları pullar da təyinatı üzrə xərclənməkdədir. Qanunsuzluq? Qətiyyən! Onlar, kağız üzərində, tər-təmizdirlər.

O vaxta kimi ki, katibələrindən biriylə seksual münasibətə girən, daha doğrusu, el diliylə desək, katibəsini saxlayan B. ehtiraslı gecələrdən birinin sonunda “quşlayır”. Lakin onun bu quşlamağı, hələlik zərərsizdir. Gənc və seksual katibəyə bahalı avtomobil alınıb, o, şəhərin mərkəzində dəbdəbəli evdə qalır, B. ilə müntəzəm olaraq, dəbdəbəli Avropa şəhərlərini gəzirlər. Belə yolunmağa hazır qazı kim əldən buraxar?

Lakin işə yeni alınan katibə hər şeyi korlayır. O, artıq B.-nin ağlını işğal etmişdir. Qısa bir müddət sonra B. onun da saqqızını oğurlayır. Bundan sonra melodram və sonluğu hamınız bilirsiz. B. əvvəlki katibədən ayrılır. Lakin pulun qudurtduğu və ayağının altını görməyən, özünə və puluna çox arxayın olan B. eks-sevgilisini işdən qovmaqla bərabər, onunla indiki sevgilisinin yanında olduqca aşağılayıcı rəftar edir, əvvəllər onun qaldığı evi, yeni sevgilisinin sərəncamına verir. Avtomobilin isə kreditini bundan sonra özünün ödəməli olacağını bildirir.

Və B. öz işlərindədir. Hələ də seksuallığını qoruyan keçmiş sevgili və katibə isə yenicə tanış olduğu və xüsusi xidmət orqanlarında yaxşı vəzifədə işləyən yeni sevgilisinə hər şeyi danışır. O da öz müdirinə. O da Akif Çovdarova. Və iş artıq Azərbaycanın ən güclü qurumundadır. Birinci katibələr saxlanılır. Hərəsinin üstünə bircə dəfə qışqırandan sonra bildikləri hər şeyi danışırlar. Ardınca C MTN təcridxanasında ölümcül işgəncədən keçirilir və ssenarini daha dəqiq formada, və rəsmi istintaq sənədinə imza atmaqla danışır. A., B., və digər hər kəs bir gecədə yaxalanır. Eləcə də, Z. Hamısı hər şeyi ilk gecədən etiraf etsə də, adlarından istifadə etdikləri şəxslər, hakimiyyətin toxunulmaz fiqurları olduğundan, hamısı həftələrlə ən ağlasığmaz işgəncələr görürlər. Dəstəyə heç bir üzvü olmayan və müqaviləylə icarəyə ofis verməkdən başqa işə heç bir dəxli olmayan Z. də ən çox işgəncəyə məruz qalanlardan biri olur və sonda ən ağır cəzanı alanlardan olur.

Bir həftə keçir. Bir müddət əvvəl, Heydər Əliyev Fondunun adından istifadə edən A. və B.-yə pul verən biznesmenlər, bir-birinin ardınca MTN-in zəhmli binasının 4-cü mərtəbəsində yerləşən təcridxanaya salınırlar. Çoxunu, dindirməzdən əvvəl, A. və ya B.-nin olduğu kameraya salırlar. Kamerada gördüyündən dəhşətə düşən və Akif Çovdarovun kabinetinə başında qara torbayla aparılan biznesmen, iblis generalın gülərək “adın bilirsən də necə bir zibil işin içindədir” deməsindən dəhşətə düşür. Uşaq kimi hönkürtüylə ağlayanından əsməcə tutanına, paltarına yüngül ifrazatını boşaldanına kimi bir-bir hamını “stanokdan keçirən” Çovdarov, hər biznesmendən “fond”-a verdiyinin ən azı iki qatını alıb azadlığa buraxır, bəzilərindən daha çox alıb, adını ümumiyyətlə, hər yerdən silir, əksəriyyəti isə işdə zərərçəkmiş kimi qeydiyyata alınır. Və yuxarıda qeyd etdiyim kimi, məhkəmədə çoxu, hər şeyi inkar edir.

Gələk, qəhrəmanlarımıza. Onları sadəcə diri-diri basdırırlar. 63-75 yaşlı 12 nəfərə 11 ildən 15 ilədək cəzalar verilir və hamısı “kalendar” həbsxana həyatı çəkməyə davam edir. Mən azadlığa çıxana yaxın biri-daha dəqiq, A. həbsxana hospitalında komaya düşdü, tələm-tələsik azadlğa buraxdıqdan 4 saat sonra vəfat etdi, digərləri ölüm ayağındadırlar. Biri isə hələ də həbsxanadakıları inandırmağa çalışır ki, o, ailənin yaxın adamıdır, aralarında problem və inciklik yaranıb, tutublar, xaricdən gələn qonaqlara yalandan deyirlər ki, B. müalicə sanatoriyasındadır. C. həbsxananın mətbəxində qazan qoymaq üçün qaz yeri tutub alma, siqaret qarşılığında məhbuslara satmaqla başını girləyir. Z. isə həbsxananın əmək emalatxanasında şal toxuyur.

Beləcə, bəlkə də Skorseze, Ford Koppala olacaq adamlar bu ölkədə məhv olur…

Ana səhifəXəbərlərSaxta Heydər Əliyev Fondu