Azərbaycan pambıqçılığı dirçəltmək üçün sovet metodlarından istifadə edir

Azərbaycan pambıqçılığı dirçəltmək üçün sovet metodlarından istifadə edir

Source:
İlham Əliyev
İlham Əliyev
Arzu Geybulla
Arzu Geybulla


Azərbaycan pambıqçılığı dirçəltmək üçün sovet metodlarından istifadə edir

Əliyev yeni dövlət planı sayəsində pambığın əvvəlki şöhrətini qaytaracağına söz verib, şagirdlər və dövlət işçiləri məcburi şəkildə pambıq yığımına aparılıb, dövlət monpoliyasında olan şirkətlər isə pambığı bazar qiymətindən qat-qat ucuz qiymətə alıb

Sentyabrda, pambıq yığımı mövsümünün əvvəlində Azərbaycan prezidenti İlham Əliyev pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirdi.

Ölkənin strateji əhəmiyyətli kənd təsərrüfatı torpaqlarına sahib Sabirabad rayonunda keçirilən müşavirədə prezident 1970 və 1980-ci illərin xatirələrini yada salaraq deyib ki, o vaxt Azərbaycan Kommunist Partiyasının birinci katibi olan atası Heydər Əliyev Sabirabada tarlalarda işləyən pambıqçılarla görüşə gedəndə onu müşayiət edərmiş.

Əliyev qeyd edib ki, həmin illərdə Azərbaycanda 2015-ci ildə yığılan 35 min ton pambıqla müqayisədə milyon tonlarla pambıq becərilirdi.

“Təəssüf ki, indi Azərbaycanda pambıqçılıq böhran dövrünü yaşayır”, – Əliyev müşavirədə iştirak edən ekspertlərə deyib.

Ancaq o, söz verib ki, pambıqçılığın inkişafı üçün hazırlanmış dövlət planı sayəsində pambığın keçmiş şöhrətini geri qaytaracaqlar.

Ancaq bu şöhrət gizlədilmiş qiymət bahasına başa gəlir: fermer, işçilər və müstəqil ekspertlər bildirirlər ki, şagirdlər və büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilər planı doldurmaq üçün zorla pambıq yığımına aparılır. Dövlət monopoliyasında olan şirkətlər isə pambığı fermerlərdən bazar dəyərindən qat-qat aşağı qiymətə alır.

Əliyevin çıxışında səsləndirdiyi fikirlər Sovet sisteminə dayanan iqtisadiyyatı xatırladır. Bu sistem Özbəkistanda bugünədək tətbiq olunur.

“Həmin illərdə (1970-80-ci illər) biz pambıq yığımına şagirdləri də cəlb edirdik, amma bu gün buna ehtiyac qalmayıb, çünki bizim kifayət qədər işçi qüvvəmiz var”, – Əliyev deyib.

Hərçənd, bir çoxu deyir ki, rəsmi Bakı faktiki olaraq həmin sovet sistemini geri gətirir.

“Bu məhsul yığımı mövsümündə bütün dövlət müəssisələrinə yığım norması qoyuldu, bu göstərişdən dolayı biz müəllimlərin, şagirdlərin, həkimlərin və dövlət işçilərinin tarlalarda işlədiyinin şahidi olduq”,- İqtisadi Araşdırma Mərkəzinin eksperti Vahid Məhərrəmov “euroasianet.org”a deyib: “Onlar yuxarıdan göstəriş almışdılar və bu göstərişi həyata keçirməli idilər”.

İlham Əliyev
İlham Əliyev

Azərbaycanda, xüsusilə də paytaxtdan bölgələrə doğru daha çox sıxışdırılan media mühitində məcburi əməklə bağlı məlumatlara rast gəlmək çətindir. Amma məhsul yığımı mövsümündə bu cür məlumatlar üzə çıxdı.

Azadlıq Radiosunun Bakı bürosunun müxbirinin verdiyi məlumata görə, Göyçay şəhərində fəaliyyət göstərən bir xəstəxana işçilərini pambıq yığımına göndərmişdi.

Yerli icra hakimiyyəti rəhbərinin müavini İkram Vəliyev həkimlərin və xəstəxananın digər işçilərinin tarlalarda işlədiyini etiraf etmişdi, amma onu da demişdi ki, onlar pambıq yığımına könüllü gediblər.

“Bütün ölkəyə məlumat verilib ki, şənbə günləri, iş saatından sonra kim istəsə işləməyə gedə bilər. Yığdıqları pambığı gətirə və biz də buna görə onlara ödəniş edə bilərik”, – deyə Vəliyev bildirib.

Ancaq Göyçay sakinlərindən biri Azadlıq Radiosuna deyib ki, onlar yığıma könüllü getməyiblər: “Onlar səhər işə gələnləri zorla maşınlara mindirir və tarlaya göndərirdilər. Onlar bunun xəstəxana rəhbərinin göstərişi olduğunu deyirdilər”,- sakin bildirib.

Yerli sakinlərin məcburi şəkildə pambıq yığımına aparılmasının nə vaxt başladığını yaxud da, neçə nəfərin pambıq yığımına cəlb olunduğunu demək çətindir, amma Əmək Məcəlləsi üzrə ekspert Cavad Cavadovun “euroasianet.org”a dediyinə görə, minlərlə adam yığım mövsümünün sonunda bu prosesə cəlb olunub.

Pambıqçılıqla bağlı başqa bir ziddiyyətli məqam azərbaycanlı fermerlərin məhsullarını bazar dəyərindən qay-qat ucuz qiymətə satmağa məcbur edilməsi ilə bağlıdır.

Əliyev Sabirabadda çıxışında deyib ki, fermerlərə pambığın 1 kiloqramına görə 50 (0.28 dollar) qəpik ödənilir: “Hökumətin verdiyi subsidiya sayəsində əvvəlki qiymətlə( 40 qəpik) müqayisədə çox ciddi inkişaf baş verib”.

Əliyev bildirib ki, qiymətin daha da artırılması müzakirə olunub, amma bir yerə qədər.

“Fəaliyyətimizi insanların gəlirlərinin artırılmasına yönəltməliyik. Eyni zamanda, bu biznesin iqtisadi həyat qabiliyyətini də təmin etməliyik”, – Əliyev deyib.

Ancaq yenə də 50 qəpik bazar qiymətindən çox aşağıdır. Məhərrəmov deyib ki, İranda fermerlərə pambığın 1 kiloqramına görə verilən ödəniş Azərbaycan valyutası ilə 1.5 manatdır. Türkiyədə pambığın kiloqramı 90 qəpikdir. Dünya bazarında pambığın1 kiloqramı 1.6 dollar, yaxud 2.85 manatdır.

İmişli rayonundan olan Namiq Paşayev “euroasianet.org”a müsahibəsində deyib ki, o, pambıq yığımına getməyə etiraz eləmir, amma aldığı pulla ehtiyaclarını qarşılaya bilmir:

“Qiyməti onlar qoyurlar. Şikayət edəndə bizə hədə-qorxu gəlib deyirlər ki, qiyməti daha da aşağı sala bilərlər”.

Azərbaycanın pambıq sənayesində “CTC-Agro” və “MKT” istehsalat kommersiya şirkətləri dominantlıq edir.

Bu şirkətlər haqqında ictimaiyyətdə çox az məlumat var, amma analitiklər onların hökumət rəsmilərinə bağlı olduğuna inanırlar.

“Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin bu biznesdə maliyyə maraqları var. Onları fermerlər yox, gəlir əldə etmək maraqlandırır”, – Məhərrəmov deyib.

Kənd Təsərrüfatı Nazirliyi rəsmisi etiraf edib ki, dövlət işçiləri və şagirdlər pambıq yığımına aparılmış olarlar, amma o, nazirliyin bununla heç bir əlaqəsinin olmadığını deyib.

“Bu mümkündür, amma kənd Təsərrüfatı Nazirliyi olaraq biz bu işlərə qarışmırıq”, – deyə nazirliyin məhsul yığımı üzrə direktoru İmran Cümşüdov “euroasianet.org”a deyib.

Şirkətlərin nümayəndələri isə onlara ünvanlanan sualları cavablandırmayıblar.

“10 qəpik olan subsidiyanın fermer üçün çox az əhəmiyyəti var və bu, problemləri həll etmir”, – Məhərrəmov deyib: “Hökümət pambıq emal edən şirkətlərin ixracdan əldə etdikləri gəlirlərin bir hissəsinin fermerlərlə bölüşdürülməsi yönündə çağırışlar etməlidir”.

Azərbaycanın iqtisadiyyatı əsasən neftə söykənib. Pambıq becərilməsinə olan yeni marağın səbəbi neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. 2000-ci illərin əvvəllərində Azərbaycanda neft-qaz bumu yaşananda pambıqçılıq sahəsi diqqətdən kənarda qaldı; ötən il istehsal olunan pambıq 2000-ci ilin ortalarında qeydə alınan 130-150 min tonla müqayisədə aşağı düşüb – 35 min ton. “Hökumət tənbəlləşib. Bu sahəyə investisiya qoymaq əvəzinə enerji ehtiyatlarına arxayın olub asan çıxış yollarına baş vurdular. Əgər dövlət rəsmiləri vaxtında pambıqçılıq sahəsində ciddi islahatlara köklənsəydi, indi bu problemləri yaşamazdıq”, – iqtisadçı Natiq Cəfərli “euroasianet.org”a deyib.

Əliyev isə sentyabrdakı çıxışında deyib ki, 2016-ci ildə ölkənin pambıq yığımında hədəfi 100 min ton olub. Kənd Təsərrüfatı Nazirliyi isə dekabrın12-dək yığılan məhsulun 84.494 ton olduğunu bildirib.

“Mən inanıram ki, gələn il pambıq sahələri daha da genişləndiriləcək. Beləcə, işlə təmin olunan insanların sayı da artacaq. Yüzminlərlə adam pambıq becərilən rayonlarda bu işə cəlb olunacaq”, – Əliyev deyib.

Məqalə “euroasianet.org” saytında

dərc olunub.

Ana səhifəAraşdırmaAzərbaycan pambıqçılığı dirçəltmək üçün sovet metodlarından istifadə edir