Azərbaycan hakimiyyətini tənqid edən AXCP üzvü Psixiatriya Xəstəxanasına salınıb

“Həyat yoldaşı küçələrdən tullantıları, əsasən də karton yığıb satmaqla üç uşağını dolandırırdı”

Foto: Meydan.tv


“Sözün düzünü deyəni ya şərləyib türməyə salırlar, ya da dəlixanaya”

Bugünlərdə “Facebook” səhifəsindən canlı yayımda əhalinin güzəranının ağırlığına görə Azərbaycan hökumətini tənqid edən AXCP-nin Xəzər şöbəsinin üzü Aqil Hümbətovun Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına salındığı bildirilir. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib.

A.Hümbətova deyir ki, həyat yoldaşı martın 30-da işləməyə gedib. Üstündən xeyli keçsə də, ondan xəbər ala bilməyib. Günorta saatlarında onunla birlikdə işləyənlərdən öyrənib ki, A.Hümbətovu bir neçə nəfər mülki geyimli zorla maşına mindirib, aparıb.

“Sonradan bizə məlumat verildi ki, Maştağadakı ruhi-əsəb dispanserindədir. Guya həyat yoldaşım özü ərizə yazıb ki, müalicə olunmaq istəyir. Polisdən isə deyirlər ki, guya qonşular şikayət edib yoldaşımdan. Tamamilə yalandır. Mənim yoldaşımı bir gün əvvəl “Facebook”dan İlham Əliyevə müraciətinə, onu tənqid etməsinə görə tutub ora salıblar. Azərbaycanda belədir də, sözün düzünü deyəni ya şərləyib türməyə salırlar, ya da dəlixanaya”, – deyə A.Hümbətova bildirib.

Onun sözlərinə görə, ailəsinin maddi durumu çox ağırdır. Həyat yoldaşı küçələrdən tullantıları, əsasən də karton yığıb satmaqla üç uşağını dolandırırdı. Uşaqlardan da biri xəstədir: “Bizim yeganə çörək gətirənimiz yoldaşım idi. Yoldaşımı ora salan və saldıranlar gəlsin, uşağımın qan dərmanlarının reseptini göstərim onlara. Aqil də bir gün əvvəl buna görə İlham Əliyevi tənqid edirdi. Uşağına dərman, qarındolusu çörək verə bilməyən atanın vəziyyətini təsəvvür edirsiniz?”

A.Hümbətova ötən ilin martında da 30 günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır. Həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

A.Hümbətov martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq, bütün bunlara görə prezident və komandasını tənqid etmişdi.

Meydan TV məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənə bilməyib. Azərbaycan rəsmiləri ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edir.

Ana səhifəSiyasətAzərbaycan hakimiyyətini tənqid edən AXCP üzvü Psixiatriya Xəstəxanasına salınıb