Taliban: Tramp əfqan danışıqlarını sonlandırdığı üçün daha çox amerikalı öləcək

“Bu, ABŞ-a daha çox itki gətirəcək”

Source:


“Bu, ABŞ-a daha çox itki gətirəcək”

“Amerika prezidenti Donald Trampın əfqan sülh danışıqlarını ləğv etməsi ilə bağlı qərarı daha çox amerikalının həyatına son qoyacaq,”- Taliban təşkilatı bazar günü bəyan edib.

“Reuters” xəbər verir ki, ABŞ 20 illik müharibəyə son qoyan danışıqlar səylərini təəccüblü şəkildə dayandıraraq, silahlılara hərbi təzyiqləri davam etdirəcəyini vəd etdikdən sonra İslamçı qrup bu bəyanatla çıxış edib.

Bazar günü Tramp Merilend ştatındakı Kamp Deviddə Talibanın əsas liderləri ilə planlaşdırılmış gizli danışıqları gözlənilmədən ləğv edib. Taliban ötən həftə bir amerikalı əsgərin və daha 11 nəfərin ölümünə səbəb olan hücum üçün məsuliyyəti öz üzərinə götürdükdən sonra Tramp danışıqları dayandırıb.

Taliban sözçüsü Zabihullah Mucahid (Mujahid) Trampı dialoqu dayandırdığına görə tənqid edib və deyib ki, ABŞ qüvvələri eyni anda Əfqanıstana hücumları davam etdirib.

“Bu, ABŞ-a daha çox itki gətirəcək,” o deyib: “Onun etibarlılığı şübhə altına alınacaq. Onun sülh əleyhinə tutduğu mövqeyi dünyaya bəyan ediləcək”.

Vaşinqtonda dövlət katibi Mayk (Mike) Pompeo deyib ki, əfqan sülh danışıqları davam edir və Vaşinqton Talibanın öhdəliklərini yerinə yetirə biləcəyinə inana qədər ABŞ Əfqanıstan qoşunlarına verdiyi hərbi dəstəyi azaltmayacaq.

“Birləşmiş Ştatlar ABŞ-ın Əfqanıstandakı xüsusi səfiri Zalmay Xəlilzada (Khalilzad) yol xəritəsi çızmağı tapşırıb,”- Pompeo “Sunday TV” xəbər proqramında deyib. “Fox News Sunday”də Əfqanıstan danışıqlarının ölü olub-olmadığını cavablandıran Pompeo deyib ki, “an etibariylə elədir [ölüdür]”.

Tramp uzun müddətdir ki, ABŞ-ın Əfqanıstandakı varlığını sonlandırmağa çalışırdı. Hələ onun namizəd olduğu zamanlardan etibarən amerikalı diplomatlar aylarla Taliban nümayəndə heyəti ilə görüşərək, ABŞ qoşunlarının Talibanın verdiyi təhlükəsizlik təminatı qarşılığında Əfqanıstandan çıxarılması ilə bağlı danışıqlar aparırlar.

ABŞ və Taliban danışıqları nəticəsində ötən həftə Amerikanın apardığı uzun müharibədən sonra qoşunların Əfqanıstandan çıxarılması üçün nəzərdə tutulan müqavilənin ilkin versiyası hazırlanmışdı.

Hazırda Əfqanıstanda 14.000 Amerika qüvvəsi, həmçinin minlərlə NATO qüvvəsi mövcuddur. 11 Sentyabr 2001-ci ildə Əl-Qaidə (al-Qaeda) terror təşkilatının Amerikanın qoşa qüllələrinə hücumundan sonra Əfqanıstan Amerikanın rəhbərlik etdiyi qərb qüvvələri tərəfindən işğal edilib.

Əfqanıstanda savaş davam edir və Taliban tərəfindən edilən son hücumlar müqavilənin ilkin variantını şübhə altına alıb. Ölkədə zorakılıq artdıqca əfqan liderləri prezident Əşrəf Qəni (Ashraf Ghani) də daxil olmaqla sülh razılaşmasını tənqid edib və Talibanı birbaşa danışıqlara getməyə çağırıb.

Ana səhifəDünyaTaliban: Tramp əfqan danışıqlarını sonlandırdığı üçün daha çox amerikalı öləcək