Source: google

Rüfət Səfərova xəbərdarlıq edilib

“Köhnə həmkarlardan ayrı cür mövqe və ya iddia gözləmək sadəlövhlük olardı”

“Müdafiə Xətti” insan haqları təşkilatının koordinatoru, sabiq müstəntiq Rüfət Səfərov avqustun 3-də Baş Prokurorluğun İstintaq İdarəsində Orduya dəstək yürüşü ilə bağlı cinayət işi üzrə dindirilib. R.Səfərova bu cinayət işi üzrə həbs olunan AXCP fəalları Fuad Qəhrəmanlı və Seymur Əhmədzadənin işgəncəyə məruz qalması haqda yaydığı məlumatlara görə xəbərdarlıq edilib.

R.Səfərovun bildirdiyinə görə, onu İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Mehdi Mirzəyev şahid qismində dindirib: “Fuad Qəhrəmanlı və Seymur Əhmədzadə barədə “Müdafiə Xətti”nə daxil olmuş məlum məlumatlarla bağlı rəsmi xəbərdarlıq edildim. Baş Prokurorluq bildirir ki, heç bir işgəncə, qeyri-insani rəftar və ya ləyaqəti alçaldan davranış olmayıb. Təbii, köhnə həmkarlardan ayrı cür mövqe və ya iddia gözləmək sadəlövhlük olardı...”

Rüfət Səfərov avqustun 1-də Fuad Qəhrəmanlının işgəncələrə məruz qalması haqqında məlumat yayıb. O, vaxtilə çalışdığı prokurorluqdakı mənbələrdən F.Qəhrəmanlının ağır işgəncə altında olması barədə xəbər aldığını bildirmişdi.

Həmçinin “Müdafiə Xətti” təkilatı S.Əhmədzadənin işgəncəyə məruz qalması barədə məktubunu yayıb. Həmin məktubda S.Əhmədzadənin kamera qarşısında etiraf ifadəsi üçün işgəncəyə məruz qalmasından bəhs olunur.

Baş Prokurorluq isə həbs edilən AXCP fəallarına işgəncə verilməsi haqda deyilənləri təkzib edib.

“Təqsirləndirilən şəxslərin iştirakıyla keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olub. İstintaq hərəkətləri müdafiəçinin iştirakıyla həyata keçirilməklə, təqsirləndirilən şəxslərin hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub”, - deyə Baş Prokurorluğun rəsmi açıqlamasında bildirilir.

AXCP-dən isə bildirilib ki, F.Qəhrəmanlı və həbsdə olan bir sıra başqa cəbhəçilərin ilk gündən vəkilləri olsa da, onları hüquqlarını müdafiə etdikləri şəxslərlə bağlı istintaq prosesinə buraxmayıblar. Əvəzində dindirmə protokollarına dövlət hesabına cəlb edilmiş vəkillər imza atıb: “Fuad Qəhrəmanlının, eləcə də həbs olunan əksər cəbhəçilərin öz vəkilləri olduğu halda, onları məhkəmə qarşısına dövlət hesabına vəkillərin iştirakıyla çıxarıblar. Öz vəkillərini isə istintaq prosesinə buraxmayıblar. Baş Prokurorluq “müdafiəçinin iştirakı təmin edilib” deyəndə həmin dövlət hesabına cəlb olunmuş vəkilləri nəzərdə tutur. Dövlət hesabına cəlb edilən vəkillərin əksəriyyətinin necə işlədiyini hər kəs yaxşı bilir. Ən əsası, adamın özünün vəkili ola-ola niyə dövlət hesabına vəkil cəlb olunur

F.Qəhrəmanlı iyulun 15-də Orduya dəstək yürüşündə bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s. olaylarla əlaqədar başlanmış cinayət işi üzrə həbs olunub. Ona qarşı CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması), 278 (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlama yönəlik hərəkətlər) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Onunla yanaşı, AXCP Rəyasət Heyətinin daha bir üzvü Məmməd İbrahim də eyni maddələrdə ittiham olunub. Bu cinayət işi üzrə həbs olunan daha 15 AXCP fəalına isə 278-ci maddə istisna olmaqla, digər üç maddə ilə ittiham irəli sürülüb.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2l3hsl

Most Viewed