Fuad Qəhrəmanlı

Source: Meydan TV

Caption: Fuad Qəhrəmanlı

Ombudsman Fuad Qəhrəmanlının işgəncəyə məruz qalması xəbərini yalanlayır

Rüfət Səfərov prokurorluğa çağırılıb

Avqustun 2-də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AXCP üzvləri Fuad Qəhrəmanlı və Seymur Əhmədovla görüşüb.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Səbinə Əliyeva Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən baş çəkib:

“Fuad Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər. Təqsirləndirilən şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti yerində araşdırılıb. Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib”.

Eyni zamanda, bu gün Respublika Prokurorluğu həbs olunan AXCP üzvlərinin işgənlərə məruz qalması barədə media və sosial şəbəkələrdə yayaılan məlumatları təkzib edib.

Respublika Prokurorluğu bildirib ki, iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin qanunsuz olaraq saxlanılması, həyata keçirilən prosessual hərəkətlər zamanı hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb:

“Cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur”.

Respublika Prokurorluğu deyir ki, təqsirləndirilən şəxslərlə bağlı istintaq qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilir.

Avqustun 3-də “Müdafiə Xətti” insan haqları təşkilatının koordinatoru, sabiq müstəntiq Rüfət Səfərov da Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunub.

Bu barədə Meydan TV-yə danışan Rüfət Səfərov güman edir ki, onun çağırılmasının səbəbi özünün də təsisçisi olduğu “Müdafiə Xətti” Təşkilatının son bir həftəlik fəaliyyətidir:

“Təşkilatın hesabaları hökuməti əsəbləşdirib. Əgər həbs niyyəti olsaydı, iyulun 14-dəki aksiyadan sonra həbs edərdilər”.

Rüfət Səfərov avqustun 1-də Fuad Qəhrəmanlının işgəncələrə məruz qalması haqqında məlumat yayıb.

O, vaxtilə çalışdığı prokurorluqdakı mənbələrdən F.Qəhrəmanlının ağır işgəncə altında olması barədə xəbər aldığını bildirmişdi.

F.Qəhrəmanlı iyulun 15-də Qarabağa dəstək yürüşündə bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s. olaylarla əlaqədar başlanmış cinayət işi üzrə həbs olunub. Ona qarşı CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması), 278 (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlama yönəlik hərəkətlər) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Onunla yanaşı, AXCP Rəyasət Heyətinin daha bir üzvü Məmməd İbrahim də eyni maddələrdə ittiham olunub. Bu cinayət işi üzrə həbs olunan daha 15 AXCP fəalına isə 278-ci maddə istisna olmaqla, digər üç maddə ilə ittiham irəli sürülüb.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bteghn

Most Viewed