Nensi Pelosi – ABŞ-ın Nümayəndələr Palatasının ilk qadın spikeri

“Tibetdəki vəziyyət bütün dünyanın vicdanı üçün bir sınaqdır”.

Source: meydan.tv



(üçüncü hissə)


“Tibetdəki vəziyyət bütün dünyanın vicdanı üçün bir sınaqdır”.

“Putin bizim seçkilərə və Qərb demokratiyalarına hücumları davam etdirir. Onun Krımdakı və Ukraynanın digər ərazilərindəki qanunsuz hərəkətləri bizim ölkəmizin paytaxtına VİP dəvət biletinə yox, beynəlxalq ictimaiyyətin yekdil qınağına layiqdir. Onlara başa salmaq lazımdır ki, Putin kimi quldur çıxış etmək üçün Konqresə nə indi, nə də sonra dəvət olunacaq”.

Respublikaçıların da yüksək qiymətləndirdiyi, “təcrübəli rəqib, demokratları bir cərgədə saxlamağı bacaran usta siyasətçi” adlandırdığı (konqresmen Mark Medous) Nensinin ikinci dönəm spikerliyi dağınıq hökumət, haqqında cinayət araşdırması başlamış prezident və ona qarşı impiçment tətləbləri əhatəsində başlayıb.

Tramp administrasiyasının lazımi sənədləri Konqresə təqdim etməməsi, vəzifədən getmiş və hələ çalışmaqda olan məmurlara Konqresdə ifadə verməyin qadağan olunması fonunda missis Pelosi “Biz hesab edirik ki, Amerika Birləşmiş Ştatlarının prezidenti faktları gizlətməklə məşğuldur” bəyənatıyla çıxış edir (22 may 2019). Buna görə Tram onunla və demokrat senator Çak Şumerlə 2 trilyon dollarlıq infrastruktur layihəsini müzakirə etməli olduğu görüşü tərk edir, onun fəaliyyətini araşdıran şəxslərlə işləyə bilməyəcətini deyir.

Onların əvvəlki görüşü də (dekabr, 2018) Trampın “hoqqası” ucbatından uğursuzluqla nəticələnmişdi. Meksika sərhəddindəki divarın möhkəmləndirilməsinə maliyyə ayrılmayacağı təqdirdə hökuməti buraxacağını Tram, adətən, belə müzakirələrdə iştirakına yol verilməyən jurnalistlərin yanında demiş, missis Pelosinin etirazına rəğmən, müzakirələri publik davam etdirmişdi (Nensi hələ 2006-cı ildə – Konqres sərhəd divarının hörülməsiylə bağlı qanun qəbul edəndə ideyanın əleyhinə səs vermişdi).

“Bilirsizmi, bu, həqiqətən kədərlidir. O görüşdə prezidentin dediyi heç bir söz doğru deyildi. Heç bir söz” – mətbuata açıqlamasında Nensi jurnalistlərin də izlədiyi müzakirələr haqqında belə demişdi. Müxbirlərdən birinin “Siz prezidentə nifrət edirsinizmi?” sualına cavabı isə belə olmuşdu: “Mən heç kimə nifrət etmirəm. Mən katoliklərin evində böyümüşəm. Biz heç kimə hifrət etmirik. Məni bunda günahlandıra bilməzsiniz”.

Spiker seçiləndən sonra həmin qalmaqallı görüşdə özündən başqa qadın olmadığını xatırladan və bunun ordakı kişilərə üstünlük qazandırdığını bildirən Nensi yeni tərkibə əvvəlkindən daha çox qadın seçildiyini vurğulamış və demişdi ki, “Ümid edirəm, bu artıq keçmişdə qalacaq. Həm də o qadınlardan birinin əlində spiker çəkici var. Çəkic – ciddi məsələdir”.

Trampla bağlı düşüncələrini onda Nensi belə ifadə etmişdi: “Silahlı basqınlardan qorxan uşaqlarımıza kömək lazım gələndə, o qorxaq; fəxr etdiyimiz “xəyalpərəstlərə” köməkdən imtina edəndə isə qəddardır. Üstəlik, iqlim böhranını da qəbul etmir”.

İqlim dəyişikliyini “zəmanəmizin təhlükələrindən biri” hesab edən, siyasətçiləri bununla bağlı aktiv fəaliyyətə səsləyən Missis Pelosi yanacaq istehlakının ətraf mühitə zərərini azaldacaq yeni texnologiyaların hazırlanmasını; təbiəti mühafizə proqramlarını, enerji sahəsində araşdırmaların maliyyələşdirilməsini dəstəkləyir. Arktikada neft-qaz kəşfiyyyatına icazə verən dəyişikliyin ləğvinə səs verənlərdən biri də Nensidir.

Bütün toqquşmalara və fikir ayrılıqlarına baxmayaraq əvvəlcə missis Pelosi Donald Trampa qarşı impiçment proseduru başlatmaq təkliflərinə müqavimət göstərmiş, yüksək çinli demokratlarla görüşdə (5 iyun 2019) “Mən onu təqsirləndirən şəxs kimi görmək istəmirəm, mən onu həbsxanada görmək istəyirəm” demişdi. Bəzi mənbələrin iddiasına görə, Nensi impiçment əvəzinə, Trampın 2020-ci il seçkisində məğlub olmasını və beləliklə də onu məsuliyyətə cəlb etmək imkanının yaranmasını daha doğru variant hesab edirmiş.

****

Nensi Pelosinin bioqrafiyası onu insan haqlarının müdafiəçisi kimi xarakterizə edə biləcək faktlarla zəngindir.

O, bir neçə dəfə abortun qadağan edilməsi cəhdlərə qarşı çıxıb, bununla bağlı müzakirəyə çıxarılan (2003) qanunun əleyhinə səs verib.

Seksual orientasiyaya və gender identifikasiyasına görə diskriminasiyanın qadağan edilməsi üçün vətəndaş haqlarıyla bağlı federal qanunu genişləndirən yeni layihənin lehinə, eynicinsli nikahları qadağan edən qanunun (1996) və ona edilən eyni məzmunlu dəyişikliklərin (2004, 2006) əleyhinə səs verib; Kaliforniya Ali Məhkəməsinin ştatın ərazisində eynicinsli nikahlarla balı qadağanı aradan qaldırmasını alqışlayıb; Konqresdə çıxış edərək (2019) LGBT üzvlərinə qarşı diskriminasiyalara son verməyi tələb edib; transeksualların orduya çağırılmasını əngəlləyən, Trampın təşəbbüsüylə qəbul olunmuş memoranduma (mart, 2019) etiraz edib.

Bundan başqa, Nensi vətənpərvərlik haqqında qanuna bayraq yandırmağın qadağan olunmasını nəzərdə tutan konstitusiya dəyişikliyinin əleyhinə səs verib.

Mühacir uşaqların valideynlərindən ayrı saxlandığı yerə baş çəkən (2018) missis Pelosi daxili təhlükəsizlik nazirinin istefasını tələb edib, mühacirətlə bağlı qanun layihəsini respublikaçıların iblislə sazişi adlandırıb, ailələlərin bölünməsi problemini müzakirə etmək üçün Nümayəndələr Palatasının spikeriylə görüşüb.

Nensi marixuana haqqında qanuna dəyişiklik və tibbi marixuanadan istifadə tərəfdarıdır; bəzi silah növlərinin qadağan edilməsi və potensial silah sahiblərinin daha dərindən yoxlanmasını tələb edir. Florida ştatındakı məktəblərdən birində baş vermiş, 17 nəfərin ölümüylə nəticələnmiş silahlı insidentdən (2018) sonra Pelosi respublikaçıları silah lobbisiylə birləşib “bütün ölkəyə hücum etməkdə” ittiham etmiş, “Qətl edilənlər bizim susqunluğumzun qurbanı oldular” demişdi.

O, etnik azlıqların müdafiəsi məsələsində də öncüllərdən olub. Məsələn, Çinin uyğurlara qarşı diskriminasiya siyasətini publik şəkildə pisləyərək dünyadakı bütün “azadlıqsevər insanları” Çini qınamağa səsləyib, “Tibetdəki vəziyyət bütün dünyanın vicdanı üçün bir sınaqdır” deyib (2008). Həmin il Avropa Parlamentinin “Saxarov mükafatı”nı Hu Tszya adlı çinli dissidentə təqdim etmək qərarını alqışlayıb, Çin hökumətini “onu dərhal və qeyd-şərtsiz azad etməyə, Çindəki bütün insanların fundamental haqlarını qorumağa” səsləyib.

Sonrakı dövrdə Nensi Çinin Amerikaya qarşı iqtisadi manipulyasiyalarına qarşı çıxaraq digər demokratlarla birlikdə Trampdan Çinə qarşı qəti mövqe sərgiləməyi tələb edib (2018).

Bir il sonra missis Pelosi Vaşinqtonda “Demosist” partiyasının gənc sədri, Honkonq aksiyalarının (2014) təşkilatçısı, ABŞ nəşrləri tərəfindən “ən nüfuzlu yeniyetmələrdən biri”, “ilin adamı”, “dünyanın ən böyük liderlərin biri” titulların alyiq görülmüş Coşua Vonqla görüşüb. Çin mətbuatı buna görə onu “radikal aktivistləri dəstəkləməkdə və təşviq etməkdə” günahlandırıb.

Missis Pelosi Obamanın Kubayla yaxınlaşma siyasətini (2015) dəstəkləyənlərdən biri olub, yüksək çinli məmurlarla görüş üçün Havanaya səfər edib. “Mən uzun illər Kubaya qarşı embarqonun əleyhinə olmuşam. Çünki bunun faydasız olduğunu düşünürəm. Biz gediş-gəlişə qadağanı aradan qaldırmalı və insanlarımız arasındakı ünsiyyəti artırmalıyıq” – bunları o, hələ 7 il əvvəl demişdi.

İraqla da münasibətlərin korlanmasını doğru hesab etməyən, Konqresin bu ölkəyə hərbi müdaxilə icazəsinin əleyhinə səs verən (2002) Pelosi ovaxtkı prezident Corc Buşu “BMT-yə hörmət etməyə və məsələnin Amerika qoşunları üçün daha təhlükəsiz olan çoxtərəfli həllinə” çağırıb. Tramp İranla nüvə razılaşmasını pozmaq niyyətini açıqlayanda isə bunu “çox düşüncəsiz, narahatedici və təhlükəli addım” adlandırıb.

****

Nensi Pelosi İsraillə də yaxın dostluq və məkdaşlıq tərəfdarıdır. O hesab edir ki, “20-ci əsrdə İsrail dövlətinin yaranmasından daha böyük siyasi nailiyyət yoxdur” (2018). ABŞ səfirliyinin bu ölkədəki paytaxtının Yerusəlimə köçürülməsi barədə qanuna (1995) səs verənlərdən biri də Nensi olub.

Missis Pelosi Şimali Koreyaya səfər etmiş az saylı konqresmenlərdən biridir. Ordakı reimin yaratdığı nüvə təhlükəsini, aclıq və zülm siyasətini pisləyən Pelosi Trampın bu ölkəyə qarşı təhdid tvitini (“ABŞ-a hədə-qorxu gəlməyi davam etdirəcəyi halda Şimali Koreya dünyanın heç vaxt görmədiyi alov və qəzəblə qarşılaşacaq”) vəziyyətin ciddiliyini anlamamaq və Amerikanın nüfuzuna xələl gətirmək kimi qiymətləndirib (avqust, 2017). Bir neçə ay sonra Pentaqon Konqresə məktub göndərib Şimali Koreyadakı nüvə silahını məhv etməyin yeganə yolunun ora hərbi müdaxilə olduğunu bildirəndə, Pelosi bəyan edib ki, rəsmi Pxenyanın nüvə silahını üçüncü tərəfə satması ehtimalından narahatdır və ABŞ “hüquqi müdafiənin bütün başqa üsullarını sınaqdan keçirməlidir”.

Trampın Şimali Koreya lideri Kim Çen Inı tərifləməsinə isə (iyun, 2018) Nensi belə münasibət bildirib: “Razılaşma əldə etməyə tələsən prezident Şimali Koreyanı Amerika Birləşmiş Ştatlarıyla eyni səviyyəyəqaldırdı və üstəlik, rejimin “staus-kvo”sunu da qoruyub saxladı”.

Nensi Pelosi Rusiyaya qarşı da sərt mövqe sərgiləməkdədir. O, Nümayəndələr Palatasının spikerinə məktub yazıb (2017) Rusiyanın Amerika seçkilərinə müdaxiləsiylə bağlı araşdırmaların davam etdirilməsindən yana olduğunu bildirib, bir müddət sonra isəTrampı Rusiya prezidenti Vladimir Putinlə sövdələşmədə ittiham edib (2018). Nensi Rusiya prezidenti haqqında kəskin ifadələr işlətməkdən də çəkinməyib: “Putin bizim seçkilərə və Qərb demokratiyalarına hücumları davam etdirir. Onun Krımdakı və Ukraynanın digər ərazilərindəki qanunsuz hərəkətləri bizim ölkəmizin paytaxtına VİP dəvət biletinə yox, beynəlxalq ictimaiyyətin yekdil qınağına layiqdir. Onlara başa salmaq lazımdır ki, Putin kimi quldur çıxış etmək üçün Konqresə nə indi, nə də sonra dəvət olunacaq”.

Bundan başqa, Trampın Amerika hərbi hissələrini Siruya və Əfqanıstandan çıxarmaq planını da (2019) tənqid edən Nensi bunu “Vladimir Putinə Milad hədiyyəsi” adlandırıb. O, Palatadakı demokrat çoxluğa ünvalandığı məktubda qeyd edib ki, bu qərar “kürd müttəfiqlərə qarşı fərarilikdir; avtoritar lider Rəcəb Tayyib Ərdoğanı sakitləşdirməyə hesablanmış səfeh cəhddir; regional sabitliyə böyük təhlükə törədir; İrana, Rusiyaya, o cümlədən, müttəfiqlərimizə ABŞ-ın artıq etibarlı partnyor olmadığı mesajını verir”.

Pelosinin ilk spikerliyi dönəmində də onunla Ərdoğan arasında konflikt yaşanıb (2007) – “erməni soyqırımı”nın Nümayəndələr Palatasında tanınması planlaşdırılan günlərdə. Onda həm prezident Buşun tərəddüdü, həm də Ərdoğanın ABŞ-Türkiyə münasibətlərinin pisləşəcəyi barədə xəbərdarlığı Nensini layihəni səsverməyə çıxarmaq fikrindən daşındırıb. Bununla bağlı qərar Palatada 405 nəfər lehinə, 11 nəfər əleyhinə olmaqla, 2019-cu ilin oktyabrında qəbul edilib (Az sonra qərarı respublikaçıların üstünlük təşkil etdiyi Senat da təsdiqləyib).

Venesuelada Nikolas Maduro hakimiyyətinə qarşı protest hərəkatı başlayanda və müxalifət lideri, Milli Assambleyanın (parlamentin) sədri Xuan Quaydo parlamentdə müvəqqəti prezident elan olunanda missis Pelosi Trampın Quaydonu ölkə rəhbəri olaraq tanımaq qərarını dəstəkləyib.

****

“Forbes” jurnalının “Dünyanın 100 ən nüfuzlu qadını” siyahısında 2010-cu ildə 11-ci, 2019-cu ildə üçüncü yeri tutan; İtaliya və Yaponiyanin ali ordenləriylə, Milli Tibbi Araşdırmalar Mərkəzinin “Foremother” mükafatıyla təltif edilən; 2013-cü ildə Seneka-Follzzda – Amerikada qadın haqları uğrunda hərəkatın başladığı şəhərcikdə adı Milli Qadın Şöhrət Zalına daxil edilən; 2018-ci ildə (78 yaşında) hüquq eləmləri doktoru dərəcəsi alan Nensi Pelosi bir də “Öz gücünə inan” adlı kitabın müəllifidir.

Müsahibələrindən birində Nensi niyə kitab yazmaq qərarına gəldiyini belə izah edib:

“Bu kitabı yazmaqda məqsədim ölkə boyu məndən soruşulan “Mətbəxdən Konqresə – evdar qadınlıqdan spikerliyə necə yüksəldiz” sualına cavab verməkdir. Mən qadınların dövlət vəzifələrində daha çox təmsil olunmalarını istəyirəm. Vaxtilə mən də sakit və utancaq biriydim. Amma vaxtilə, indi yox”.

Ana səhifəXəbərlərNensi Pelosi – ABŞ-ın Nümayəndələr Palatasının ilk qadın spikeri