Millət qəhrəmanlarını tanımalıdır

Bu il də yubileylər ilidir

Foto: Meydan.tv


Bu il də yubileylər ilidir

2019-cu ildə AXC-nin saxtakarlıqla keçmiş və xalqımızın indiki bəlalarının təməlini qoymuş təsis konfransının və heç vaxt olmamış Dünya Azərbaycanlılarının Həmrəyliyinin 30 illik yubileyləri, demək olar ki, səssiz-səmirsiz, geniş ictimai müzakirələr doğurmadan keçdi. Bir-iki məqalə yazıldı, bir-iki videoçarx göstərildi, fəqət əhali heç maraqlanmadı da ki, aya, bu 30 il əqdəm baş vermiş hadisələrlə bizim indiki ağlamalı halətimiz arasında görəsən hansısa əlaqə var, ya yox?

Belə dərin, səbəb-nəticə əlaqələrinin məntiqi təhlilıini tələb edən zehni iş əhalimizə yerli-dibli yaddır deyə bu laqeyd münasibətə heç təəccüb də etmədim, zira xalqımız ceyran sürüsüdür və şirlər ovlağında gəzib otlayır, şirlərin hərdən onlardan kimisə ovlayıb yeməsini təbii hal sayır.

2020-ci il də yubileylər ilidir, məsələn, 20 Yanvarın və Ali Sovetə ilk alternativli seçkilərin 30 ili tamam olur. Əminəm ki, cənnəti heç vaxt tərk etməmiş xalqımız bu hadisələrin də yubileyini qeyd etməyəcək, onların tarixi əhəmiyyəti barədə düşünməyəcək.

Həqir bəndəniz heç vaxt palaza bürünməyib və xalqla birgə sürünməyib deyə inadla öz zindiqlığına davam edəcək və heç kəsin bəyənmədiyi ağrılı mövzuları bəxtəvər xalqımızın yadına salmağa çalışacaq.

Ağlıma bir fikir gəlib, istəyirəm millətimin qəhrəmanları barəsində silsilə yazılar inşa edim. Əzəl başdan bilirəm ki, yaralı yerinizə toxunacağam və məndən möhkəm rəncidə olacaqsınız.

Xub, su içərsiniz və hirsiniz soyuyar. Sonra isə, ola bilsin, düşünməyə başlayarsınız.

Başlamaq istəyirən şəksiz qəhrəmandan, vuran-yıxan, döyüb-öldürən qəhrəmandan. Onun çağlar dövrünü xatırlamaq istəyənlər üçün giriş kimi əvvəl-əvvəl "Yutube” kanalında ümumi müşahidə üçün qoyulmuş


https://www.youtube.com/watch?v=ms7M1_weAJg


çarxına tamaşa etməyi məsləhət görərdim.

Tamaşa etdinizmi? Qəhrəmanınızın tərbiyəsi, əxlaqı, məntiqi ilə tanış oldunuzmu?

Əgər tanış oldunuzsa və sizdə sual yarandısa ki, belə məziyyətlər sahibi necə oldu ki, “xalq hökumətində” daxili işlər naziri oldu, sizə həmin dövrdə hansı növ adamların gəlib xalq qəhrəmanına çevrilmələri barəsində yüngül bir eyham edəcəyəm. Yəni biləsiniz ki, hansı növ vücudlar o zaman da, elə indinin özündə də, bu xalqın qəhrəmanı ola bilir.

Bəli, təməlini qoyduğum AXC-nin “simasız quldur”ların əlinə keçməsini görüb 1990-cı ilin yanvar ayının 7-də onun sıralarını tərk etdim və həmin andan etibarən tayfa mafiyasının zopa və toppuzuna çevrilmiş bu təşkilatı amansız tənqid atəşinə tutmağa başladım. Eyni qəzəb və amansızlıqla xain və kütbeyin partokratları tənqid etdiyimdən heç kəs şübhə etmirdi ki, mən heç kəsə satılmamışam. Di gəl ki, səsimi eşidən, dediyimi anlayan yox idi. Əksəriyyət biganə, fəal azlıq isə duza gedirdi, yəni yatıb yuxusunda yağlı vəzifə görürdü.

Ən bəd öncəgörmələrim çin çıxdı, AXC güruhu hakimiyyətə gəldi, Əbülfəz Əliyev and içdi ki, “dövlətə və xalqa sədaqətlə xidmət edəcək”. Dövlətin laxladılması və dağıdılması sürətləndi.

Həmin günlərin birində işim milis idarələrindən birinə düşdü və orada kasıb bir iş otağında sakit bir podpolkovniklə tanış oldum. Bu milis zabiti siyasətlə maraqlanır və mənim kim olduğumu yaxşı bilirdi deyə söhbətə özü başladı. Soruşdu ki, “Cəbhənin daxili işlər nazirini tanıyırsınız?” Dedim, yox, heç bir tanışlığım yoxdur. Dedi :”Əyləşin, onun barəsində sizə bir hadisə danışım, biləsiniz ki, təzə nazir kimdir”.

Bəli, əhvalat vaqe olur İsgəndər bəyin rayon SƏDM şöbəsində sosialist əmlakını dağıdanlarla mübarizə apardığı illərdə. Cavan milis zabiti məhz belə uğurlu əməliyyatlar sayəsində cəsur və dəliqanlı bir kadr kimi bütün milli milisin həsəd apardığı sevimli qəhrəmana çevrilir.

Bu qəhrəmanlıq nədən ibarətmiş?

Yay tətili vaxtı çatanda bizim qəhrəmanımız gəlir rayon prokurorunun yanına və ondan açıq soruşur ki, “İstirahətə cibi dolu gedirsən, ya elə-belə?” Prokuror belə açıq söhbətə gülüb deyir ki, “elə-belə”. Qəhrəman deyir ki, “günün axırına kimi heç bir telefon zənginə cavab verməsən, axşam qabağına 5 min rubl sayacağam”.

Məbləğı eşidən prokuror and içir ki, axşama kimi heç bir telefon zənginə cavab verməyəcək.

Qəhrəmanımız özü ilə bir-iki SƏDM zabiti götürüb yollanır rayon univermağına. Bu unuvermağın direktoru “toxunulmaz” şəxs sayılırdı, çünki hamı bilirdi ki, rayon prokuroru ilə yaxın dostdurlar. Gələcək milli DİN naziri sovet ticarətinin necə təşkil olunduğunu çox gözəl bilirdi deyə yarım saat yoxlama aparandan sonra alıcılardın gizlədilib piştaxtaya çıxarılmamış xeyli defisit xarici mal tapır və direktora dostcasına təklif edir ki, yoxlamanın nəticələri əsasında birgə protokol hazırlasınlar. Yox, əgər protokol istəmirsə, masaya 10 min rubl saysın.

Direktor yoxlama əsnasında azı yüz dəfə yaxın dostu prokurora zəng vurur, lakin zənginə cavab verən olmur. Görəndə ki, əli hər yerdən üzülüb və protokol bağlanıb istintaqa getsə, 10 min yox, azı 20 min xərcləməli olacaq, sınır və gətirib qəhrəmanın qarşısına 10 min rubl sayır.

Qəhrəmanımız protokol yazmır, əsli Laçından olan univermaq direktoru ilə mehriban ayrılır və hətta təklif edir ki, “innən belə nə işin olsa, müraciət elə, qardaşın kimi səni himayə edəcəyəm”.

Sonra da kişi kimi gedir rayon prokurorunun yanına və masasının üstünə 5 min rublu sayır.

Milis podpolkovniki mənə öz ahəstə səsi ilə “baxın, AXC-nin daxili işlər naziri vəzifəsinə təyin etdiyi cəsur və igid oğlan belə oğlandır” dedi.

Sözün düzü, mən heç şübhə etmirdim ki, Əbülfəz Əliyevin könlünə yatan milis zabiti məhz belə növ insan olmalıdır.

Bu qənaətə mən nəzəri elmi təhlil əsasında gəlmişdim. Təhlilimin qayəsi də bu idi ki, sovet dövrünün ikinci yarısında təşəkkül tapmış milli burjuaziyanın aparıcı qüvvəsi heç də sənaye və ticarət burjuaziyası deyildi, yox, aparıcı qüvvə məmur burjuaziyası idi. Məmur burjuaziyasının gəliri isə yalnız rüşvətdən çıxırdı və məhz bu məqsəd naminə onlar maneəsiz və qorxusuz rüşvət almağa və xalqın malını oğurlamağa tam rahat şərait yaradan müstəqil milli dövlər arzulayanların ön sıralarında gedirdilər.

Milis zabitinə xalqın milli-azadlıq hərəkatının sevimli qəhrəmanı barəsində verdiyi dəyərli məlumata görə təşəkkür edib idarəni tərk etdim.

Oranı tərk edərkən onu da düşündüm ki, ətrafına İsgəndər Həmidov tipli insanları toplamış AXC liderlərinin heç ağıllarına gəlirdimi ki, milli məmur sinfinin həqiqi lideri heç də onlar deyil, Heydər Əliyevdir? Məhz Heydər Əliyev atalıq qayğısı ilə millətin içindən bu növ insanları seçib onları ərsəyə gətirir, özü və zirvəsində əyləşəcəyi quruluş üçün geniş bir ictimai təməl hazırlayırdı.

Lakin ona da əmin idim ki, AXC liderlərinin ağlına belə sadə və bəsit fikirlər gələ bilməz, zira gözlərinin önündə vəzifə kürsü və kətillərindən savayı heç nə görmürdülər.

Ana səhifəXəbərlərMillət qəhrəmanlarını tanımalıdır