Kəlbəcərli köçkün: Uşaqlar 3 ay masanın üstündə yatıb

“Bundan sonra əşyaları üst-üstə qalaqlanıb”

Source: Specify Source


“Hökumət üçün bir ailəni yerləşdirmək nə qədər çətin işdir?”

Kəlbəcərin Fətallah kəndindən olan məcburi köçkün ailəsi Yevlaxda keçmişdə dövlət binası kimi fəaliyyət göstərən, indi isə inşaat materialları satılan yarmarka ərazisində məskunlaşıb.

Fətəliyevlər ailəsi 4 nəfərdən ibarətdir. Ata Namiq Fətəliyevin 42 yaşı var. Deyir, belə bir şəraitdə uşaq böyütmək çox çətindir:

“Qış aylarında xüsusən də yağıntı çox olanda evin içini su basır. Ötən il düz 3 ay bu uşaqlar masanın üzərində yatıblar. Bütün yorğan-döşəyimiz, əşyalarımız suyun altında qalmışdı. Həmin vaxt yoldaşım və mən gecələri oturulu açmışıq”.

image_from_ios_7_4i6xsef
Fətəliyevlərin evi

Namiq Fətəliyev deyir ki, su çəkiləndən sonra ilan, kərtənkələ, əqrəb dolur evə. Bu dəfə də uşaqlarını bu zəhərli həşaratlardan qorumalı olurlar:

“Belə də baxın də. Əvvəl heç olmasa qonşu otağı da istifadə edə bilirdik. İndi mümkün deyil. Ora yığılan sudan çürüyüb, tökülüb. İndi ancaq bu balaca otaq qalıb. Burada da bizə çox çətindir”.

Evin xanımı Fərqanə Fətəliyeva deyir ki, gözünü açandan belə şəraitli yerlərdə yaşayıb. Həmişə normal evinin olmasını xəyal edib, ancaq mövcud imkanları buna uyğun olmayıb:

“Vallah yoldaşım da sağlam deyil ki, gedib işləyə, nə bilim iş tapa. Epilepsiya xəstəsidir. Ağır işlər görə bilməz. Aldığımız köçkünlərə verilən “çörək pulu”dur. Bununla da kommunal xərclərimizi, yeməyimizi güclə çatdırırıq. Həmin pulla ev almaq və ya kirayəyə çıxmaq mümkün deyil”.

image_from_ios (5).jpg
Namiq Fətəliyev

Fərqanə Fətəliyeva deyir ki, dəfələrlə problemləri ilə bağlı Yevax Rayon İcra Hakimiyyətinə, Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Hər dəfəsində də “biz nə edək? Əlimizdən gələn nəsə yoxdur”, – cavabını alıblar:

“Bir baxın, belə bir şəraitdə 2 bala böyüdürük. Yazıq uşaqlar revmatizmadan əziyyət çəkirlər. Vallah, çətindir. Bizi şəraitsizlik, dərd boğur. Anamgil də məcburi köçkündürlər və başqa bir yerdə məskunlaşmışdılar. Onların hamısına ev tikilib verildi. Bizi yada salan yoxdur. Deyəndə də deyirlər ki, siyahıya almışıq, nə vaxtsa verəcəyik. Daha biz xəstə düşümüşük, özümüz, uşaqlarımız pis gündədir. Nə zaman verəcəklər evi? Biz öləndən sonra?”

Namiq Fətəliyev deyir ki, bir neçə il bundan öncəyə qədər şəraitləri çox da bərbad olmayıb. Elə ki, otağın biri tamamilə sıradan çıxıb. Bundan sonra əşyaları üst-üstə qalaqlanıb:

“Vallah, yaşaya bilmirik. Yaş artdıqca, problem, xəstəlik də onunla bərabər artır. Burada qalmaq artıq bizim üçün çox risklidir. 2 uşaq böyüyür bu evdə. Özü də o qədər yaxşı oxuyurlar ki… Utanıram onların üzünə baxanda. Hamı istəyər ki, övladını normal böyütsün. Biz də istəyirik, amma alınmır, alındıra bilmirik. Yanıb tökülürük. Hökumət üçün bir ailəni yerləşdirmək nə qədər çətin işdir?”

image_from_ios (6).jpg
“Bir baxın, belə bir şəraitdə 2 bala böyüdürük”.

Yevlax Rayon Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəhbərinin müavini Məhəbbət Hümbətov Meydan TV-yə deyib ki, bəli, məcburi köçkünlər var ki, onlar şəraitsiz yerlərdə yaşayırlar. Ancaq hamısı qeydiyyata alınıb:

“Nə zamansa bu ərazidə məcburi köçkünlər üçün ev tikiləcək. Onların hamısı müvəqqəti məskunlaşdıqları ərazilərdən köçürüləcəklər. Həmin evlərlə təmin ediləcəklər. Hal-hazırda Yevlaxda bu təyinatda tikinti yoxdur”.

Meydan TV ailənin müraciəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu göndərib. Bir həftə ərzində sorğuya cavab ala bilməyib.

Ancaq komitəsinin belə durumlarda adətən bir cavabı olur. Hər dəfəsində bildirirlər ki, bütün məcburi köçkünlər siyahıya alınıb, hamı bir gün evlə təmin ediləcək. Sadəcə bu işlər mərhələli şəkildə həyata keçirilir. Növbə hamıya çatacaq.

image_from_ios (3).jpg
Evin xanımı Fərqanə Fətəliyeva deyir ki, gözünü açandan belə şəraitli yerlərdə yaşayıb.

1990-cı ilin əvvəllərində Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün salıb.

BMT-nin Miqrasiya Agentliyinin məlumatına (https://www.refworld.org/country,,UNHCR,,AZE,,5b081e2f4,0.html) əsasən, 1994-cü ildə atəşkəs imzalanana qədər müharibədə 30000-dən çox insan həyatını itirib, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaçqın düşüb.

Köçkün düşmüş əhali sığınacaq kimi istifadə edə biləcəkləri hər yerdə məskunlaşıb. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, yol kənarları, ya da bu ailə kimi kiçik daxmalarda məskunlaşıblar. Hətta ilk vaxtlarda çadırlarda qalanlar da var idi. Bu sığınacaqlar müvəqqəti sayılırdı, ancaq insanlar 25 ildən artıqdır ki, bu yerlərdə yaşayırlar. Müvəqqəti sığındıqları bu yerlər onların daimi yaşayış məskənlərinə çevrilib.

image_from_ios (4).jpg
Fərqanə Fətəliyeva: Həmişə normal evinin olmasını xəyal edib, ancaq mövcud imkanları buna uyğun olmayıb
Ana səhifəBölgəKəlbəcərli köçkün: Uşaqlar 3 ay masanın üstündə yatıb