Azərbaycanda qadınların pensiya yaşı 6 ay artır

Nazirlik: “Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”

Foto: Meydan TV


Nazirlik: “Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”

İyuldan Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay artırılacaq. Dəyişiklik “Əmək pensiyaları haqqında” Qanuna əsasən aparılır.

2017-ci ilin iyulun 1-dən Azərbaycanda pensiya yaşı artırılıb. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılıb.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulub ki, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay mərhələli şəkildə artırılacaq.

Bu barədə “Turan” məlumat yayıb.

Bildirilir ki, 2017-ci ilə qədər kişilərdə pensiya yaşı 63, qadınlarda isə 60 olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən agentliyə bildirilib ki, Azərbaycanda 2017-ci ilin 1 iyul tarixindən yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesinə başlanılıb və kişilərdə artıq ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb: “Qadınlarda isə bu il həmin yaş 62-dir. Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”.

Nazirlik bütün dünyada eyni prosesin getdiyini bildirib: “Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil. Nazirlik tərəfindən mütəmadi olaraq sosial-iqtisadi inkişaf tərzi baxımından Azərbaycana yaxın ölkələrlə bağlı araşdırmalar və təhlillər aparılır. Bundan başqa, elm və texnikanın, səhiyyənin, təhsilin inkişafı da insanların həyat səviyyəsinin uzanmasına imkan yaradır və ilbəil insanların həyat səviyyəsi artır. Ömür uzunluğunun artması nəticəsində bütün dünya ölkələrində pensiyanın yaş həddi mərhələli şəkildə artırılır. Həm də bir çox kateqoriyalar üzrə kifayət qədər erkən pensiya hüququ mövcuddur. Məsələn, zərərli işlərdə işləyənlər, əlilliyi olan şəxslər, çoxuşaqlı və ya sağlamlıq imkanları məhdud uşağı olan analar pensiya hüququnu daha öncə qazanırlar”.

Nazirlikdən eyni zamanda deyiblər ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib: “Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5 faiz çoxdur. Pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırılıb və artım 1,14 milyon pensiyaçını əhatə edib. Həmçinin araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb. Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin fəaliyyətinin davamı olaraq, son beş ayda 12,6 min şəxsə elektron qaydada olmaqla proaktiv şəkildə pensiya təyin edilib. Təkcə 2021-ci ilin may ayında 2175 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bunun 50,2 faizini kişilər, 49,8 faizini isə qadınlar təşkil edir”.

İqtisadçı Toğrul Maşallı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda bir müddət əvvəl qadınlarla kişilərin pensiya yaşının eyni olması ilə bağlı qərar verilib: “Həmçinin qərar verilib ki, pensiya yaşı 65-ə artırılmalıdır və buna səbəb kimi ölkədə insanların ölüm yaşının artması kimi göstərilib. Qanunvericiliyə görə Azərbaycanda pensiyanın minimal dövrü 12 ildir. Bu isə problem yaşadırdı, vəsait kifayət etmirdi, çünki yaşlı insanların sayı artır”.

Avropa ölkələri ilə müqayisəyə gəlincə, Toğrul Maşallı deyir ki, orada pensiya yaşı müxtəlifdir: “65 yaşı da var, 68 də. Amma Avropa ölkələrində insanlar daha çox yaşayır. Azərbaycanda isə real vəziyyəti götürsək, indi pensiyaya çıxan şəxslərin böyük hissəsi heç 65 yaşa çatmır. Lakin Azərbaycanda 65 yaşında pensiyaya çıxan şəxslər pensiya alandan sonra ən yaxşı halda 8-9 il yaşayırlar. Yəni, qanunvericilikdə göstərilən minimal pensiya dövrü 12 il yox, ən yaxşı halda 8-9 ilə enir. Bir çox insan ümumiyyətlə pensiya ala bilməyəcək. Qanunvericiliyə edilən dəyişikliklərdən sonra iş stajı böyük rol oynayır. Yalnız 25 illik stajı olan və pensiya kapitalı yetərli olan şəxslər pensiya ala biləcəklər. O da bir çox insanı pensiyanı yox, müavinət almağa məcbur edəcək. Müavinət isə 130 manatdır. Mövcud olan pensiya sisteminin əsas məğzi ondan ibarətdir ki, daha az vəsait xərcləməkdir. Statistikaya baxsanız, görə bilərsiz ki, yaş üzrə müavinət alan insanların sayı vaxtilə 16 min olubsa, indi isə artıq 100 mini keçib. Yəni daha çox insan pensiya hüququndan məhrum olunub. Çünki onların ya 25 illik stajı yoxdur, ya da pensiya kapitalı azdır”.

Ana səhifəXəbərlərAzərbaycanda qadınların pensiya yaşı 6 ay artır