Azərbaycanda koronavirusa yoluxmuş daha iki nəfər ölüb

O, Azərbaycanda hazırda 3855 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib

Source: Архив


106 nəfərin virusa yoluxduğu bildirilir

Martın 22-də Azərbaycanda koronavirus infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq evə buraxılıb, 2 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifində açıqlama verilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölən şəxslərin 1949 və 1962-ci il təvəllüdlü olduğunu qeyd edib.

O, Azərbaycanda hazırda 3855 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259.155 testin aparıldığını qeyd olunub.

Tədbirdə çıxış edən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı həftə hələ başa çatmasa da, yoluxma intensivliyinin yüksək olduğunu bildirib.

R.Bayramlının sözlərinə görə, mayın 16-da 158 nəfər koronavirusa yoluxmuşdu. Həmin gündən bu günə qədər statistika 100-dən yuxarı yoluxma ilə davam edir. Azərbaycan ötən həftə 755 nəfərlə pik dövrünü yaşadı. Bu həftə isə 581 nəfər koronavirusa yoluxub.

Ramin Bayramlı bu gün 1962-ci il təvəllüdlü tibb işçisinın öldüyünü deyib:

“Pasiyentin başqa xəstəliyi də olub və o, aprelin 30-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı, süni nəfəs aparatına qoşulmuşdu”.

TƏBİB İdarə Heyətinin sədri hansı bölgələrdə yoluxma hallarının yüksək olduğunu da xatırladıb:

“Gəncə, Bakı, Lənkəran, Salyan, Yevlax, Neftçala, Sumqayıt, Cəlilabad, Kürdəmir, Samux, Ağstafa və Göyçayda yoluxma halları daha yüksəkdir. Yevlax rayonunda 83 nəfər yoluxub və bu da aktiv halların 6 faizini təşkil etməkdədir”.

R.Bayramlı paytaxtın Yasamal rayonunda 16 faiz, Nəsimidə 14 faiz, Sabunçuda 13,8 faiz, Nərimanovda 11,3 faiz yoluxma qeydə alındığını bildirib.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxmuş daha iki nəfər ölüb