Vladimir Putin

Mənbə: Ria novosti

Başlıq: Vladimir Putin

Zərdüşt Əlizadə: Putinin müsahibəsi çox təhlükəli idi

Məqalə yeniləndi:  18 Noyabr 2020

Şahin Hacıyev: "Putinin Cənubi Osetiya, Abxaziya və Qarabağ arasında paralellər aparması Azərbaycana ünvanlanmışdı"

Rusiya Prezidenti Vladimir Putin oktyabr ayında Azərbaycan dövlət başçısı İlham Əliyevi qaçqınların Şuşa şəhərinə qayıtması şərti ilə Qarabağdakı hərbi əməliyyatları dayandırmağa inandırdığını söyləyib, lakin Ermənistan buna qarşı çıxıb.

Bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putin noyabrın 17-də "Rossiya 24" televiziyasına müsahibəsində deyib.

“Paşinyan razılaşmadı”

V. Putin bildirib ki, o, 19-20 oktyabr tarixlərində həm İlham Əliyev, həm də Nikol Paşinyanla telefon danışıqları aparıb: “Ancaq gözlənilmədən İrəvan bu təklifi "onlar üçün qəbuledilməzdir" deyə cavablandırıb. Nikol Paşinyan mənə birbaşa bunu Ermənistan və Qarabağın mənafeləri üçün bir təhdid olaraq gördüyünü söyləyib”.

Putinin sözlərinə görə, döyüşlər bitməmişdən əvvəl Qarabağdakı vəziyyət kritik idi, vaxt az olduğundan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparmaq mümkün deyildi.

“Bəyanatdan imtina Ermənistan üçün intihar olardı”

Rusiya dövlət başçısının sözlərinə görə, Ermənistanın 10 noyabr bəyanatından imtina etməsi bu ölkə üçün intihar olardı: “Azərbaycanın silahlı qüvvələri Şuşaya nəzarəti ələ almışdı. Və Paşinyanın dürüst dediyi kimi, vəziyyət Ermənistan tərəfi üçün kritik idi. Söhbət saatlardan gedirdi. Stepanakerti tutmaq və daha da irəliləmək real idi. Bu şəraitdə dərhal hərbi əməliyyatları dayandırmaq erməni tərəfinin maraqlarına cavab verirdi. Buna görə də Paşinyana qarşı xəyanətdə ittihamların əsası yoxdur”.

Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsinə gəlincə, ölkə başçısı onlarının sayının artımı yalnız tərəflərin razılığı ilə mümkündür.

“Status necə olacaq, bu haqda gələcək liderlər qərar verəcək...”

O, Dağlıq Qarabağın son statusunun həll olunmadığını, Moskvanın isə status-kvonu qoruduğunu vurğulayıb: "Bundan sonra nə olacaq, gələcəkdə buna qərar verilməli olacaq: ya gələcək liderlər, ya da bu prosesin gələcək iştirakçıları. Ancaq normal bir həyat üçün, Ermənistan ilə Azərbaycan arasında, insanlar arasında münasibətlərin bərpası üçün şərait yaradılsa, Qarabağın statusunu təyin etmək üçün şərait yaradılacaq".

Putin bildirib ki, beynəlxalq qanuna görə Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: “Ona görə KTMT bu məsələyə müdaxilə edə bilməzdi, çünki “heç kim təşkilata üzv olan Ermənistana təcavüz etmirdi. Bu, bizə bu döyüşlərdə birbaşa iştirak etmək hüququ vermədi. Beynəlxalq hüquqa görə, Azərbaycan müharibə zamanı ərazilərini, Qarabağı və ətrafındakı yeddi bölgəni geri qaytarıb, beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərini tanıyır”.

Türkiyənin nizamlanmada iştirakı haqda suala Rusiya lideri belə cavab verib: “Azərbaycanın müttəfiqlərini seçmək hüququ var və heç kim bunu qadağan edə bilməz. Rusiya və Türkiyə hərbçilərinin birlikdə sülhməramlı əməliyyatın gedişatını izləyəcəyi Monitorinq Mərkəzinə gəlincə, bu, Azərbaycanın zəruri hesab etdiyi məkanda yerləşəcəkdir”.

"Yaltaq adamlar dövlətə xəyanət etdiklərini anlamırlar"

Siyasi şərhçi Zərdüşt Əlizadə “Vladimir Putinin müsahibəsini təhlükəli" adlandırıb.

Meydan TV-yə danışan Zərdüşt Əlizadə bildirib ki, Putin ölkəsinin separatizm kartından istifadə etməkdə israrlı olduğuna işarə vurdu: “Putin 2 dəfə dedi ki, Ermənistanın səhvi Dağlıq Qarabağın müstəqilliyini tanımamaqdaydı. Hərçənd ki, Rusiya icazə versəydi, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyardı. Rusiya isə münaqişəni donmuş şəkildə saxlamaq üçün vasitəçi kimi qalmaq naminə buna icazə vermədi. Hətta sabiq prezident Sarkisyan müəyyən güzəştə hazır idi, amma Rusiya Dağlıq Qarabağdakı separatçılara onun əleyhinə çıxmaq əmrini verdi. İndi vəziyyət dəyişdiyindən oyunun da formatı dəyişib, ona görə Putin Ermənistanın bu yöndə ilk addım atmasını istəyir, ardınca Abxaziya, Osetiya kimi marionetkalar belə bir addım atsın, sonra Rusiya tanınmamış respublikanın hüquqlarının müdafiəçisi kimi çıxış edib ordusunu ərazidə saxlasın. Putin günahı Ermənistanın üstünı yıxdı, halbuki Yerevan Moskvanın icazəsi olmadan münaqişənin həlli istiqamətində bir addım da atmırdı. Rusiyanın siyasəti “dovşana qaç, tazıya tut” xəttindən çıxmayıb, bunu anlamamaq üçün naşı olmalısan”.

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

Mənbə: google.az

Zərdüşt Əlizadə deyir ki, Azərbaycan hökuməti daxilində və ona yaxın çevrələrdə bilərəkdən, yaxud bilməyərəkdən böyük bir qism adamlar dövlətçilik adı altında erməni xalqını təhqir edirlər:

“Bu isə xarici auditoriyaya çıxarılır və bizi vəhşi, qaba xalq kimi təqdim edirlər. Düzdür, İlham Əliyev erməni xalqıyla birgə yaşayacağımızı, onların Azərbaycan vətəndaşı olacağını dəfələrlə ifadə edib. Amma yaltaq adamlar bu cür ədəbsiz hərəkətləriylə dövlətə xəyanət etdiklərini anlamırlar. Bir daha əfsuslar ki, vəzifələrdə belə adamlar əyləşir və medianı da o cür adamlar idarə edir".

Onun qənaətində, Azərbaycan tədbirli və ağıllı siyasət yürütsə, indiki vəziyyətdən uduşla çıxar:

“Bu, ondan ibarətdir ki, Bakı barış potensialından və beynəlxaq hüquqdan istifadə etməlidir. Birinci növbədə Bakı ankaradan xahiş etməlidir ki, Ermənistanla sərhədləri açsın, insani və iqtisadi münasibətlər qursun. Beləliklə, 5 ildən sonra Ermənistan Türkiyənin “cibində” olacaq. Biz də Ermənistanla iqtisadi-ticari münasibətləri qurmalıyıq, əgər ruslar buna mane olmaq istəsə, dünya onları görəcək. Yəni Azərbaycan ərazilərini qaytarıb, amma Rusiya imkan vermir normal münasibətlərə. Hətta Putin bir ifadə işlətdi: münasibətlər yaxşılaşandan sonra, status məsələsinə baxmaq olar, onun bu açıqlamasından möhkəm yapışmalıyıq. Məhz normallaşmaq xatirinə rüs sülhməramlıları Azərbaycan hökumətinin və cəmiyyətinin erməni əhalisilə kontaktına mane olmasınlar. Bu, artıq bizim gücümüzdən asılı olacaq ki, ordakı erməni əhalisinin zəhərlənmiş beynini təmizləyək”.

"Rusiya və Türkiyənin regionda güclənməsi Vaşinqton və Parisi çətin ki qane etsin"

“Turan” İA-nin redaktoru, analitik Şahin Hacıyev hesab edir ki, Putinin bəyanatlarının xeyli hissəsi erməni tərəfinə ünvanlanıb: “Putinin baş nazir Paşinyanın rolu ilə bağlı qiymətləndirmələri bir qədər gözlənilməz olub. Putin faktiki olaraq Paşinyanı müdafiə edib və bildirib ki, Baş nazirin ünvanına səslənən Ermənistanın maraqlarını satması barədə ittihamlar əsassızdır”.

Şahin Hacıyev

Şahin Hacıyev

Mənbə: arxiv

Şahin Hacıyevin sözlərinə görə, Putin İlham Əliyevin “Qarabağ heç bir status almayacaq, çünki Azərbaycan vahid dövlətdir” bəyanatını təkzib etməyə çalışıb:

“Rusiya dövlət başçısı qaranlıq şəkildə işarə edib ki, Qarabağın statusu gələcəkdə həll olunacaq. Onun bütün bu jestlərini Ermənistanda sabitliyin pozulmasına yol verməmək cəhdi kimi qiymətləndirmək olar. Belə ki, bu, nəinki bütün razılaşmaların həyata keçirilməsini poza bilər, həm də Rusyanın özünün rolunu zəiflədə bilər. Belə ssenari mütləq Qərbin Ermənistanın işlərinə qarışmasına, Ermənistanın özündə isə anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxaracaq. Bunun apogeyi Rusiya hərbi bazasının Ermənistandan, Ermənistanın özünün isə KTMT-dən və Avrasiya İttifaqından çıxmasını tələb edən millətçi qüvvələrin hakimiyyətə gəlməsi ola bilər. Qarabağın statusunun gələcəkdə ATƏT-in iştirakı ilə danışıqlar yolu ilə həll olunması tezisi ilk növbədə, Moskvanın birtərəfli addımlarından narazı olan ABŞ və Fransaya ünvanlanıb. Amma regionda həm Rusiyanın, həm də Türkiyənin güclənməsindən eyni dərəcədə narazı olan Vaşinqton və Parisi bu mesaj çətin ki qane etsin. Bu planda Moskva və Ankara yenidən "situasiya müttəfiqlərinə" çevriliblər ki, Moskvada durumu belə ifadə etməyi xoşlayırlar. Əslində, Türkiyənin münaqişədəki roluna müsbət qiymət verilməsi Ankaranın ünvanına reveransdır və Türkiyənin regiondakı proseslərdə iştirak etmək hüququnun tanınmasıdır. Azərbaycanın Türkiyənin timsalında özünə müttəfiq seçmək hüququnun tanınması, Qarabağ və onun ətrafındakı rayonların Azərbaycanın qanuni ərazisi olmasının təsdiqlənməsi Bakıya ünvanlanıb”.

Şahin Hacıyev bildirib ki, Putinin Cənubi Osetiya, Abxaziya və Qarabağ arasında paralellər aparması Azərbaycana ünvanlanmışdı: “Bütövlükdə Putin ona əsaslanır ki, Rusiya Qafqazda öz mövqeyini möhkəmləndirib və bu nüfuzu həmçinin möhkəmlənən Türkiyə ilə bölüşmək məcburiyyətində qalmasında problem görmür. Deməli, Rusiya Qafqazda Qərb ölkələrinin yox, regional ölkənin – Türkiyənin möhkəmlənməsinə üstünlük verir”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Noyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ycrnd4

Ən çox baxılan