Zaqatala sakini: Gözüm görə-görə balamın ölməyinə göz yuma bilmərəm

“Aylini Bakıya gətirdik, analizlərin cavabı çıxdı, məlum oldu ki, uşaq leykoz – qan xərçəngi xəstəsidir”

Source: Specify Source


“Artıq on gündür uşaq burada müalicə olunur, sağalmaq əvəzinə səhhəti daha da pisləşir”

“Yay idi, həyətdə oturmuşduq, qəfil qızımın halı pisləşdi, dodaqları göyərdi. Çox qorxduq, uşağı təcili Zaqatala Rayon Mərkəzi Xəstəxanasına apardıq. Orada həkim müayinə etdikdən sonra dedi ki, vəziyyəti ağırdır, təcili Bakıya aparın, orada analiz verin. Aylini Bakıya gətirdik, analizlərin cavabı çıxdı, məlum oldu ki, uşaq leykoz – qan xərçəngi xəstəsidir”.

Zaqatalanın Qandax kənd sakini Rail Həsənov Meydan TV-yə danışır. Dediyinə görə, həkimlər uşağa xərçəng diaqnozunu 2018-ci ilin avqustunda qoyublar:

“Daha sonra Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda analizlər, müayinə və müalicələr başlandı. İki aya yaxın xəstəxanada yatdı, sonra evə yazdılar. Artıq ilyarımdır ki, müalicəsi aparılır. Həkimlərin dediyinə görə, müalicə bundan sonra ilyarım da davam etməlidir. Qan xərçəngi olduğu üçün ayda bir dəfə kimyaterapiya keçir. Zaqatalada isə iynələri vurulur. Həkimlər söyləyir ki, biz bacardığımız köməkliyi göstəririk, ümid Allahadır”.

Atası deyir ki, xəstəliyindən dolayı Aylin çox zəifləyib. Yeməkdən demək olar ki, imtina edib, tez-tez soyuqdəymə və infeksion xəstəliklərə yoluxur:

“Bu il yanvarın 7-də uşağı gətirdik, kimyaterapiya müalicəsini aldı, səhəri gün Zaqatalaya qayıtdıq. Bir neçə gündən sonra qızın vəziyyəti ağırlaşdı, yanvarın 13-də təkrar Qanköçürmə İnstitutuna gətirdik. Həkimlər baxdı, dedilər ki, uşaq meningit (baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi-red) olub. Aylini 2 saylı Uşaq Xəstəxanasının yolxucu xəstəliklər korpusuna köçürdülər. Artıq on gündür uşaq burada müalicə olunur, sağalmaq əvəzinə səhhəti daha da pisləşir. Bir-iki gün bundan əvvələ qədər heç olmasa nəsə yeyirdi, indi yeməkdən də kəsilib”.

untitled-1.jpg
Aylin Həsənova

Ailə olan-qalan nəyi varsa satıb balaca Aylinin müalicəsinə sərf edib. Pulları qurtardıqda isə böyük məbləğdə borca pul götürüb:

“Burada iş yoxdur, məcburam Rusiyaya gedim. Ora mayda gedirəm, sentyabrda Azərbaycana geri qayıdıram. Rusiyada tikintidə fəhlə işləyirəm. Orada qazandığım pulları Aylinin müalicə xərclərini ödəmək üçün sərf etdim. Pulumuz qurtaranda 15 baş inəyimizi, 50 başa yaxın qoyunumuzu satdıq. Yaxın adamlar, dost-tanışlar da bizə dəstək oldular, çox sağ olsunlar. Bir ay öncə məcbur qalıb maşınımı satdım. İndi Zaqatalada 10-15 manata fəhlə işləyirəm. O pulla necə dolanmaq olar? Evə gedəndə, dolanışıq bir yana, uşağın bir dərmanını ala bilmirəm. Yalandan başımı aldadıram ki, işləyirəm. Bir il yarım ərzində Aylinin müalicəsinə ümumilikdə 40 min manata yaxın pul xərcləmişəm, artıq tükənmişik, bircə canımız qalıb. Gözüm görə-görə balamın ölməyinə göz yuma bilmərəm”.

Şikayətçinin sözlərinə görə, Aylinin səhhəti ilə bağlı 2018-ci ildə Heydər Əliyev Fonduna yazdıqları məktuba müsbət cavab gəlib:

image_from_ios (3).jpg
Tibbi kartadan çıxarış

“Bizə cavab gəldi ki, uşağın bütün müalicəsi Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda pulsuz həyata keçirilə bilər. Əvvəlcə sevindik, lakin orada pulsuz heç nə görmədik. Təsəvvür edin, hər ay xəstəxanaya gələndə, ən azı min manat pul xərclənir. Kənddə maraqlana bilərsiz, tanıyanlar desin, nəyim vardısa hamısını satmışam, uşağıma görə etmişəm. Bundan sonra satası daha heç nəyim qalmayıb. Beş-on min manatla həll olunmur. Elə olsaydı, dövlətdən heç nə istəməzdim. İş burasındadır ki, etdikləri müalicənin də effekti yoxdur. Mənə köməklik göstərsinlər, xəstəliyin çarəsini tapsınlar. İmkanım yoxdur deyə mənim balam ölməlidir? Biz də azərbaycanlıyıq, mənim də qızım istəyir ki, məktəbə getsin. Çantanı çiyninə asdı, yazıq uşaq iki dəfə məktəbə gedə bilmədi. Artıq əlimdən heç nə gəlmir. Ümidim ancaq Prezidentə, Mehriban Əliyevaya və xeyirxah insanlaradır, qızımın həyatını xilas etsinlər”.

Səhiyyə Nazirliyindən Meydan TV-yə bildirilib ki, Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) tabeliyindədir.

TƏBİB-dən isə Meydan TV-nin sualları cavablandırılmayıb.

image_from_ios (4).jpg
Tibbi Sosial Ekspert Komissiyasına göndəriş
Ana səhifəBölgəZaqatala sakini: Gözüm görə-görə balamın ölməyinə göz yuma bilmərəm