“Yeməyə yumurta tapanda sevinirəm…”

“Dörd min manatdan artıq deyirlər”, – qadın çarəsizcəsinə danışır.

Source: Specify Source


“Xəstəxanada əyləşməyə stul vermədilər, gedib pilləkəndə oturdum, onlar məni pulsuz əməliyyat eləyər?!”

Şəkidəki Bağbanlar küçəsində yaşayan Mehriban Nəbiyeva əmək qabiliyyətini itirib. Üstəlik, xeyli xəstəlikdən əziyyət çəkir.

“Əməliyyat üçün çox böyük pul istəyirlər”

Mehriban Nəbiyeva uzun müddət qaraciyər xəstəliyi sayılan hepatozla mübarizə aparıb. Bunun üstünə böyrək problemi də gəlib. Hər iki böyrəyində kista var. Böyrəkdaşı, sidik kisəsindəki daşlar ona normal yaşamağa imkan vermir. Qadın deyir ki, təcili əməliyyat olunmalı, daşlar götürülməlidir. Amma adi müayinəyə belə, gücü çatmır.

“Mən neçə illərdir bu vəziyyətdəyəm. Xəstəliklər göz açmağa imkan vermir. Evdə bir qalaq xəstəlik kağızı var. Əməliyyat üçün çox böyük pul istəyirlər. Bir analiz üçün 70 manat deyirlər. Böyrəyimdə beş-altı yekə daş var. Üstəlik, sidik kisəmdə də əmələ gəlib. Həyatım üçün təhlükəlidi, əməliyyat olunmalıdı. Bakıya qədər getmişəm. Çox böyük qiymət oxuyurlar. Dörd min manatdan artıq deyirlər”, – qadın çarəsizcəsinə danışır.

Qadın xəstəxanalardan çox şikayət eləyir. Şəki Mərkəzi Rayon Xəstəxanasında həmişə laqeyd münasibətlə qarşılaşdığını deyir. Bir əhvalatı xatırlayır:

“Xəstəxanaya getmişdik, halım pisləşmişdi. Uşaq tibb bacısına dedi ki, nə olar, bir stul qoyun, anam otursun. Qadın cavab verdi ki, “kamera çəkir, qoya bilmərəm”. Gedib pilləkənlərdə əyləşdim. Bir stul vermirlər, məni pulsuz əməliyyat eləyərlər, bala?!”.

image_from_ios (15).jpg
“Xəstələnəndən qapıdan çölə çıxmıram”


“Evə bir qəpik pul gəlmir”

Mehriban Nəbiyeva həyat yoldaşını altı ildir itirib. O da müxtəlif xəstəliklərlə mübarizə aparırmış. İndi qadın yeganə övladı Elxan Əhmədovla birlikdə yaşayır:

“Evə bir qəpik pul gəlmir. Ağlamıram, düzünü deyirəm. Mən əvvəllər kafedə işləyirdim. Səhər saat 11-də gedib, bir də gecə gəlirdim. Xəstələnəndən qapıdan çölə çıxmıram. Uşaq da xəstədi. Bir gün fəhləlik eləyəndə neçə gün ağrıdan dayana bilmir. Əsgərlikdən gələndən işsiz qalıb. Adicə yol qazmağa da öz adamlarını götürürlər”.

Bu yerdə Elxan söhbətə qoşulub deyir ki, normal iş yoxdur. Neçə yerə CV təqdim edib, gözləməyi məsləhət görüblər. Amma heç bir nəticə olmayıb.

Mehriban Nəbiyeva deyir ki, kommunal xərcləri ödəyə bilmir, su borcu 80 manata çatıb: “Qohumların hamısı fağır adamlardı. Bir qardaşa deyirəm ki, 10 manat iynə üçün pul ver. O biri qardaşa deyirəm ki, filan şey üçün 5 manat lazımdı. Onlar da mənim kimi pis vəziyyətdədir. Biz iki nəfərik, onlar külfətdi. Sistem köçürtdürürəm, bacıma deyirəm ki, nə olar, bunun pulunu ver də. Gündən-günə də vəziyyətim pisləşir”.

Qadın “yeməyə yumurta olanda sevinirik” deyir. “Ət yeyirsinizmi?” sualı yersiz görünür. Özü danışdıqca eşitmədiyi sualın cavabını verir:

“Axırıncı dəfə nə vaxt yarım kilo ət almağım yadıma gəlmir. Qurban bayramında iki nəfər ət vermişdi. Xırda-xırda doğradım ki, bir müddət yeyə bilək”.

image_from_ios (13).jpg
“Neçə yerə CV təqdim edib, gözləməyi məsləhət görüblər”.


“İcra başçısının yanına getsəm, kömək eləyər?”

Mehriban Nəbiyeva bilmir ki, aclığın dərdini çəksin, yoxsa səhhətinin günbəgün pisləşməsinin. Pensiyaya çıxmaq istəyir. Buna görə ondan pul umduqlarını deyir:

“Bir dəfə müraciət eləmişdim, konkret pul istəmişdilər. Tibbi sənədlərdə birinci dərəcəli böyrək xəstəliyi yazılıb. Belədisə, niyə pensiya vermirlər?”

Qadının hələ Ağciyər Xəstəlikləri İnstitutunda yatanda pensiya almaq şansı varmış. Ona verilən tibbi arayışa Şəki Mərkəzi Xəstəxanasında baxanda təqaüdə çıxmağa tam yaradığını bildiriblər, amma gözləməyi məsləhət görüblər. Mehriban Nəbiyeva illərdir gözləyir.

Düşünür ki, “gözlə” deyəndə pula eyham vururlarmış. Mehriban Nəbiyeva sosial yardım almağa da cəhd göstərib. Deyiblər ki, evdə, heç olmasa, bir nəfər işləməlidir.

“İşləyən adam sosial yardımı neyləyir ki?!”, – qadını Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin məntiqi təəccübləndirir. Ana-balanın köməyə çox ehtiyacı var. Nəyə ümid bəsləməli olduqlarını bilmirlər. Elxan sualla sağollaşır: “İcra başçısının yanına getsəm, kömək eləyər?..”

image_from_ios (16).jpg
Mehriban Nəbiyeva: Bir stul vermirlər, məni pulsuz əməliyyat eləyərlər, bala?!
Ana səhifəBölgə“Yeməyə yumurta tapanda sevinirəm…”