Zümrüd Yağmur

Mənbə: Foto: Meydan TV

Başlıq: Zümrüd Yağmur

Xocalı faciəsi və mentalitet

Bu yazını məxsus Xocalı faciəsinin ildönümündən sonra yazdım

Savaş insanlığın ən mənasız və amansız üzüdür. Güc və qalibiyyət iddiası ilə süslənmiş savaşlarda ağlayan hər insanın gözündən axan yaş, əslində, Tanrıya güvənin sönməsinə kifayət edər. Amma insan yenə də ona güvənməkdən vaz keçmir. Savaş filmlərini, xüsusən, olmuş hadisələr əsasında çəkilən sənədli filmləri izləyəndə düşünürəm ki, savaşlar həm də Tanrının varlığına inanan insanın son ümidini də əlindən almaq, hətta insan üçün Tanrını öldürmək hikkəsinin təzahürüdür. Çünki olanları görməklə, yaşamaqla Tanrının mərhəmətinə inamı saxlamaq çətindir. “Mənim iznim olmadan kimsə nəsə etməz. Görən və bilənəm” deyən Tanrının insanı odun kimi daşıyıb yanan tonqala atmalarına seyirçi olması ilə mərhəməti arasında bağlantını qurmaq insan iradəsinin üstündədir deyə düşünürəm, amma yanıldığımın fərqinə varırım tez... Çünki qaz kameralarına göndərilən insan son anda nəzərlərini göyə dikir, “görən və bilənəm” deyən Tanrını axtarır. Ölümə gedir, onu yenə özü üçün diri tutur.

Demək, insanın Tanrı sevgisi heç də əskik deyil.

Hətta bəlkə insan Tanrıya qarşı daha mərhəmətlidir, hər dəfə onu savaşların, tonqaların atəşindən qoruyub özü ölsə də, tonqallarda yandırılsa da, təcavüzə uğrasa da, piyindən sabun bişirilsə də, qaz kameralarında boğulsa da, hər dəfə onu xilas edir.

Ona, mərhəmətinə inanmağa davam edir.

Bəzən üsyan edir. Əgər hesab günü varsa, mən də həyatımda yaşadığım kiçik qiyamətlərin, ikinci dünya savaşındakı insan tonqallarının,qadınlara olunan təcavüzlərin, bir körpənin üzündəki qorxunun, acının, gecə yatarkən belə sabaha sağ çıxa bilməyəcəyinin əndişəsi ilə yaşayan gəncin hesabını soruşacam deyə hiddətlə üsyan edir. Amma yenə də inanmağa, bu inamla da onu var etməyə davam edir...

***

2015-ci ildə Bursada “ Müharibədə qadın və uşaqlar: yaşayan şəhidlər” adlı konfransında çıxış edəcəkdim. Qısa bir araşdırma apardım. İkinci dünya savaşından sonra baş verən hərbi münaqişələr zamanı təcavüzə uğrayan qadınların siyahısını tapdım. Bildiyimiz bütün münaqişələrin adı vardı. Xocalının adından başqa... Beynəlxaq təşkilatlar tərəfindən hazırlanmış siyahılarda Xocalıda qadınların təcavüzə məruz qalmasını əks etdirən bir sənədə belə rast gəlmədim.

Biz, yaşadığımız acı, faciə yenə dünyanın gözündən uzaq düşmüşdü.

Çünki biz acımızı dünyaya nə söylədik, nə də gözünə soxa-soxa paylaşdıq.

Başımız nəyəsə, daha vacib saydığımız kiçik intiriqalara və dedi-qodulara qarışdı. Biz heç vaxt nəyəsə qlobal yanaşa bilmədik, hər şey, ən böyük əməlimiz, yaşadığımız belə carinin çırçındırı içində itib batdı.

***

Yuxarıda qeyd etdiyim konfransda Bosniyadan gələn qadınlar da vardı. Onlar müharibədə təcavüzə uğramış qadınlardı və hətta biri bu barədə danışanda elə ordaca huşunu itirdi.O zaman bir daha anladım ki, təcavüz təkcə fiziksəl acı deyil. Qadının duyğularına, qüruruna saplanan ox kimidir. Çıxarsan da öldürür, saplandığı yerdə qalsa da....

Savaşın ən eybəcər üzü qadınlara olan münasibətidir desəm,yanılmaram. Çünki savaşda qadın olmaq bir dəfə ölmək deyil, min kərə öldürülüb sonra amansızlıqla “dirildilib” daha sonra yenə damla-damla öldürülməkdi. Hər yad nəfəsdə iyrənə-iyrənə ölmək, qüruruna saplanan xəncərdən sonra sağ qaldığına görə hər şeyə, aldığın hər nəfəsə lənət oxumaqdır. Uşaqların savaşdakı faciəsi bir dəfə ölməklə bitir, qadınlarınkı bitmir. Çünki qadına münasibət təkçə öldürmək instinkti deyil, həm də düşmən hesab etdiyindən qisas alıb heysiyyatı ilə oynamaq iddiası, hikkəsidir.

Erkəklərin üstünlük hikkəsinin ən adi, ən aşağı və ən eybəcərləşdirilmiş təzahürüdür təcavüz və bunu Xocalıda eyni hikkə, eyni adiliklə etdilər.

***

Xocalıda da o gecə faciənin ən qorxunc üzü təcavüz idi.

Yadımdadır. Ağdam qospitalında o zaman genekoloq işləyən Səkinə adlı həkimin bacısı mənə danışırdı ki, işğaldan sonra qısa müddətdə xilas edilmiş qadınların müayinəsini aparan həkimin saçları bir gecədə ağarmışdı.

Xocalıda qadınların ömrünə yazılan qaraydı Səkinə həkimin sağlarını ağardan...

Amma biz bu dəhşəti danışmadıq. Dilə gətirmədik.

Bosniyada özü də təcavüzə uğramış Bəkirə Hasecic sonradan özündə güc tapıb başına gələnləri dilə gətirdi, bununla da qalmadı, “Savaşda madur qadınlar” dərnəyini qurdu və insanlığın arsız, həyasız üzünə orda baş vermiş dəhşəti bütün çılpaqlığı ilə bağırdı.

Xocalıdasa başına min oyun açılmış, təcavüz edilmiş, övladı gözünün qarşısında öldürülmüş, azyaşlı qız uşaqlarına belə yanında təcavüz edilmiş analar susdu.

Onlar “təcavüz” sözünü belə ağzına almağa utandı.

“Mentalitet” deyə boynumuzdan asılmış daş bu dəfə də bizi susqunluğumuzda, göz yaşlarımızdan yaranmış “dənizdə” boğdu.

Beləcə, biz insanlığın Azərbaycanda yaratdığı ayıbını onun üzünə vurmaqdan utandıq. “Adətimiz var, bizim mentalitetdə qadının belə şeyləri danışması ayıbdır”, deyib əsl ayıbı dünyadan saxladıq.

Biz utandıqca, yalan ayaq tutub yeridi. Beləcə, “Xocalıda qətliamı azərbaycanlılar özü edib” deyəcək qədər həyasızlıq edənlərin yalanı böyüyür getdikcə... Biz yenə də hər il bir günlük kampaniyalar edib, gələn ilə qədər acımızı dincə qoyuruq.

P.S

Bu yazını məxsus Xocalı faciəsinin ildönümündən sonra yazdım. İllik kampaniyanın tərkib hissəsi olmaq istəmədim. Nəyinsə dəyişəcəyinə də ümidli deyiləm. Düz bir ildən sonra Xocalını eyni şəkildə anıb sosial şəbəkələrdə ən yaxşı statusu yazmaq üçün düşüncəyimizi də bilirəm. Bu qədər...

Dəyişməyən 28 il..., sadəcə, 29 rəqəmində dəyişəcək.

Ah, analoqsuz məmləkətim!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wc09q7

Ən çox baxılan