XİN: Ermənistanın 62 nəfərdən ibarət terrorçu-diversant qrupu istintaqa təhvil verilib

XİN Ermənistanı üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır.

Foto: XİN


Nazirlik saxlanılanları hərbi əsir hesab etmir

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində işğaldan azad edilən ərazilərdə Ermənistanın 62 nəfərdən ibarət terrorçu-diversant qrupunun saxlanılaraq istintaqa təhvil verildiyi bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 9-da bununla bağlı bəyanat

yayıb

.

Nazirlik bildirib ki, saxlanılanlar Ermənistanın Şirak vilayətindən ölkənin silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb:

“Bu adamlar Azərbaycanın ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə yeridilib. İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr tarixində, yəni Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər. Onlar tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub”.

XİN diversiya qrupunun üzvlərini hərbi əsir saymır:

“Atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir. Onlar Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli bəyanatın kobud şəkildə pozulması halı olmaqla yanaşı, açıq-aşkar surətdə bu ölkə tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davam etdiyini nümayiş etdirir”.

XİN Ermənistanı üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır.

Ermənistan Xarici İşlər Nazirliyi yanvarın 9-da yaydığı

bəyanat

da Azərbaycanı erməni vətəndaşlarını əsir götürməkdə və üçtərəfli bəyanatı, beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətXİN: Ermənistanın 62 nəfərdən ibarət terrorçu-diversant qrupu istintaqa təhvil verilib