Rüzgar Mövsüm

Mənbə: Foto: Meydan TV

Başlıq: Rüzgar Mövsüm

Xəyanətlə ölmüşlər

Başda bütün şəhidlərimiz olmaqla, tarixə “Aprel döyüşləri” kimi düşmüş savaşda həyatını itirmiş o mətin oğullarımıza həsr edirəm.

2016-cı ilin dörd günlük savaşından dörd il keçir. Nəticəsində işğal olunmuş rayon və şəhərlərimizdən heç biri qaytarılmayan bu döyüşlərdə həlak olmuş övladlarımızın xatirəsi məni uzaqlara aparır - 1992-ci ilə.

Onları küçəmizdən əsgər marşımızı oxuya-oxuya keçən görəndə, mənə elə gələrdi ki, yazın ilıq küləyi onların saçları ilə oynayır, paltarlarının arasından keçib canlarına istilik yayır, içlərindəki qorxuları isə füləyib söndürür və onlar daha heç nədən qorxmurlar - ölümdən belə. Elə bil hamısı seçmə idi - gur saçlı, bığı burma, canlı-cüssəli, yaraşıqlı. Onlar kiminsə oğlu, qardaşı, kiminsə də nişanlısı, əri, atası idi. Bəziləri mövsümə uyğun geyinsə də, əksəriyyətinin əynində hələ də qış paltarları vardı. Geyimləri çox da yadıma gəlmir, amma birinin yaşıl nimdaş pencəkdə olduğunu yaxşı xatırlayıram. Üzbəüz dalandan idi. Onlar evimizin yaxınlığındakı meydana yığışar, sonra deyib gülə-gülə böyük avtobuslara doluşardılar. Mən inanırdım ki, onlar çox cəsur, çox qorxmazdırlar. Mənə elə gələrdi ki, onlar məndən çox böyükdürlər - ölümdən qorxmayacaq qədər çox. Aralarında elələri vardı ki, siqaretini tüstüsünü sanki həyatdan qənimət kimi daha bir-iki nəfəs artıq içinə çəkmək üçün tələsə-tələsə sümürərək çəkib bitirər və ancaq bundan sonra avtobusa minərdi. Külək də meydandan asılmış bayrağımızı dalğalandırar, əsgər marşımızın sədalarını ətrafa yayardı. Mən də marşımızı oxuyardım. Mən onu oxuya-oxuya dalanımızdakı hasarların üstü ilə qaçar, ağaclara dırmaşar, çörək almağa gedərdim.

Sonra yenə meydana qayıdar, səhərki kəslərin artıq orada olmadığını, onları yenilərinin əvəz elədiyini görərdim. Hiss edərdim ki, bu adamlardan bəzisi çox fikirlidir və bunu gizlətməyə çalışsa da, bacarmır. Həmin yaz küləyini xatırlayardım. Axı, bu külək o adamların qarşıdakı nigaranlığına son qoymaq, qorxularının sönməsi üçün əsirdi! Qorxularının son dəfə sönməsi üçün. Çünki gördüklərimdən bir müddət sonra bu oğulların, qardaşların, ərlərin, ataların çoxunun qara xəbəri gəlirdi. Eşitdim ki, bizim küçəmizdən çox uzaqdakı cəbhədə güvəndiyim yaz küləyi onları ölümdən qoruya bilməyib. Dedilər ki, Nadir kişinin oğlunu snayper gülləsi, Teymur əminin oğlunu mərmi qəlpəsi öldürüb. Bax, onda başa düşdüm ki, küləyin bayrağımızı dalğalandırmaqdan, milli marşımızın sədasını yaymaqdan başqa işi-gücü yoxdur. Demə, güllə adamın canını onun cəsurluğunu və ya qorxaqlığını soruşmadan alırmış.

Bir gün üzbəüz dalandakı Hökümə xala dedi ki, oğlu hələ lap uşaqdır, orta məktəbi yenicə bitirib, birazdan onun üçün toy eləyəcək. Amma mən biliridm ki, o, yalan deyir. Toy filan olmaycaq. Çünki Hökümə xalanın yaşıl pencəkli tək oğlu tankın içində yanıb ölmüşdü. Hökümə xalanın başına hava gəlməsini bütün məhəllə danışırdı. Bundan sonra mən Hökümə xalanın gözlərinə baxmağa utanırdım. Mənə elə gəlirdi ki, onu görəndə mütləq utanmalıyam, ağlamalıyam. Axı, mən yaşayıram, həyatım hələ qabaqdadır, küçəmizdən keçən həmin o oğlanlar, kişilər kimi ölməmişəm, ayağımı, əlimi cəbhədə itirməmişəm! Mən onların hamısından çox balacayam. Niyə mən onlar kimi ölümə göndəriləcək qədər böyüməmişəm?!

Amma sonra başa düşürdüm ki, onlar məndən çox da böyük deyilmişlər. Anaların dəli olması üçün ölmüş övladın yaşca böyüklüyü və ya kiçikliyi önəmli deyilmiş. Ümumiyyətlə, heç kim ölümdən qorxmayacaq qədər böyük filan da deyilmiş və ölümdən qorxmağın yaşla heç əlaqəsi də yox imiş. Sonra mən yenə dalanımızın önündən keçən yeni-yeni oğulları, qardaşları, ərləri, ataları görərdim. Onlar marşımızı oxuya-oxuya gedərdilər. Külək yenə bayrağımızı dalğalandırar, marşımızın səsini ətrafa yayardı - yay, payız, qış küləyi. Mən də onların uzaqlaşdığına baxa-baxa marşımızı oxuyardım. Özü də lap bağıra-bağıra oxuyardım. Mənə elə gələrdi ki, belə oxusam, Hökümə xala sağalacaq və ölmüş oğluna toy eləmək fikrindən vaz keçəcək. Külək də cəbhədə ölənləri xilas etmədiyinə görə utanacaq.

O vaxt mən hələ bilmirdim ki, Hökümə xala çox keçməyəcək, elə tinimizdəki dükandan çörək aldığı yerdə ürəyini tutacaq və yerə yıxılacaq. Son nəfəsini verməzdən əvvəl axırıncı dəfə “Rüfət, balam!” deyəcək. Axı, mən o vaxt haradan biləydim ki, nəinki təkcə külək, heç bu müharibədə torpaq alveri etmişlər də, əsgər həyatını oyuncağa çevirmişlər də, vicdan satmişlar da utanmayacaqlar. Müharibədə övladını itirmiş neçə ana, neçə ata yoxsulluğa, səfilliyə, dilənçiliyə məhkum olacaq. O vaxt bilmiridm ki, birazdan vaxt gələcək xarici düşmənlərimiz qala-qala, içimizdəki düşmənlər, hakimiyyəti ələ keçirmiş bir dəstə adam başımıza oyunlar açacaq, sülalə hakmiyyəti qurub ölkənin sərvətlərini talayaraq, xalqın haqqını yeyərək ölkəni və milləti zəlil hala salacaq. Vicdanlı olmaq yox, vicdansız olub qabağa getmək “milli adətə”ə çevriləcək. Vicdanları elə külək kimi, hava kimi boş olanlar vicdanlı adamlara divan tutacaq. Hətta onu da bilmirdim ki, bir vaxt vətən torpağı üçün ayağını itirmiş müharibə qazilərini polis elə onların öz protez ayaqları ilə döyəcək. Mən bütün bunları sonra bildim.

Mən həm də onu bildim ki, cəbhəyə gedən oğullarımızı, qardaşlarımızı, ərlərimizi və atalarımızı snayper gülləsi, mərmi qəlpəsi, od-alov öldürməyib. Onların hamısını xəyanət öldürüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l6xsdn

Ən çox baxılan