Xanımı: Əfqan Muxtarlı ona qarşı təxribat olacağını ehtimal edir

Azərbaycanda çap olunan və qadağa qoyulmayan kitabı həbsxanaya buraxmırlar.

Source:


Jurnalist həyat yoldaşına həbsxanada vəziyyətin gərginləşdiyini deyib

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlıya qarşı təxribat törədilə bilər. Bu barədə o, xanımı Leyla Mustafayeva ilə telefonla danışarkən deyib.

Leyla Mustafayevanın öz “Facebook” hesabında yazdığına görə, Əfqan Muxtarlı deyib ki, həbsxanada vəziyyət gərginləşib. Ona qarşı təxribat ola biləcəyini ehtimal edir. Vəkili Nemət Kərimliyə zəng etmək istəyib, lakin icazə verilməyib.

“Bir dostu ona poçt vasitəsilə 100 manat pul gondərib. Həbsxanadan ona deyiblər ki, pul koda düşüb. Ancaq gələn həftə verə biləcəklər. Dediyinə görə, göndərilən pulu məhbuslara vaxtında çatdırmırlar və həbsxana daxilində dövriyyəyə buraxırlar,”- Leyla Mustafayeva yazır.

Onun sözlərinə görə, Müsavat Partiyasının Divan üzvü Elman Fəttahın bu yaxınlarda çapdan çıxmış "Yeni Avtoritarizm və Azərbaycan" kitabını da 2 həftədir saxlayırlar, jurnalistə vermirlər:

“Azərbaycanda çap olunan və qadağa qoyulmayan kitabı həbsxanaya buraxmırlar. Dostları ilə görüş qadagası hələ də qalır. Bir vəkilləri və iki qardaşı və anası ilə görüşüb indiyədək.

Özünə də deyilib ki, qadağaların Penitensiar Xidmətlə heç bir əlaqəsi yoxdur, Prezident Aparatından göstəriş verilib”.

Həftəsonu olduğundan Meydan TV Penitensiar Xidmətdən məsələyə münasibət öyrənə bilməyib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-u Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Ana səhifəXəbərlərXanımı: Əfqan Muxtarlı ona qarşı təxribat olacağını ehtimal edir