Türkiyə Rusiya ilə üz-üzə

Məşhur deyimdə olduğu kimi “Savaşanların bir şansı var, savaşmayanların isə heç bir şansı yoxdur”.

Seymur Həzi, Foto:: Meydan TV


Liviyada Həftar, yoxsa Səccar

Türkiyə Liviyaya qoşun yeritməklə bağlı qərar qəbul edib. Parlamentdə AKP və MHP deputatlarının səsçoxluğu ilə qəbul edilən qərar ciddi, bəzən isə sərt ritorikalı müzakirələrdən keçib. İyi Partiyanın və CHP-nin nümayəndələri qəbul edilən qərarın Türkiyənin milli maraqlarına, HDP (kürd əsilli deputatlardan ibarət partiya) nümayəndəsi isə bəşəri prinsiplərə uyğun olmadığını deyib. Hər bir halda qərar qəbul edilib və Türk ordusu Liviyaya yollanmaq üçün parlamentdən səlahiyyət alıb. Türkiyə bu ordunu Liviyaya niyə göndərir? Burada əsas maraq nədir? Göndərməsə, nə baş verərdi? Orada qalib olmaq imkanları necədir? Bütün bu məsələlər çox ciddi şəkildə nəzərdən keçirilməlidir. Beləliklə…


Türk əsgərinin Liviyadakı ilk işi …

Liviyada Milli Birlik hökumətinə qarşı baş qaldırmış hərbi qiyamın lideri General Xəlifə Həftar hakimiyyətə gələcəyi təqdirdə Aralıq dənizində Rusiya üçün yeni imkanlar yaradacağına söz verib. Hətta onların arasında bir razılaşma olduğuna dair məlumatlar da var. Bu isə o deməkdir ki, Suriyadan sonra Liviyada da bərkimək imkanı əldə edən Kreml artıq donmayan dənizlər arzusunda irəliləyir. Bunun qarşısı alınmazsa, Türkiyə yüz illərdir qoruyub saxladığı regional əhəmiyyətini itirəcək və özünün təhlükəsizliyinə birbaşa təhdidlər ortaya çıxacaq. Rusiyanın bu iddia və planlarına dair bir tarixi faktı təqdim etməkdə fayda var. 1914-cü ildə İstanbuldakı Rusiya səfirliyinin müşaviri Qulkeviç çarın Qafqazdakı canişininə yazırdı ki, ermənilərin köməyi ilə “Muxtar Türkiyə Ermənistanı” yaratmaq, Mersin limanı ilə birlikdə bu muxtar vilayəti Rusiyanın müstəmləkəsinə çevirmək lazımdır. Gələcək Ermənistanın sərhədləri istisnasız olaraq rus dövlət maraqlarına xidmət etməli və demək “Gələcək Ermənistan”ın, yəni Rusiyanın Aralıq dənizinə çıxışı olmalıdır. Bu fakt da göstərir ki, Rusiya uzun illərdir ki, bu plan üzrə işləyir və Türkiyənin Aralıq dənizində sıxışdırlması planı bir zamanlar “Ermənistan”, indi Liviya vasitəsilə həyata keçirilmək istənilir. Türkiyə üçün bu, hazırda ən ciddi məsələlərdəndir. Türk əsgərinin Liviyadakı ilk işi Həftar və başçılıq etdiyi qüvvələri hərbi siyasi səhnədən silmək, öz maraqlarına və regionun maraqlarına zərbə olan ən ciddi yerli faktoru aradan qaldırmaq, bunlada ona göz dikən xarici qüvvələrin gözünü və əlini bölgədən çəkmək.


İkinci iş…

Şübhə yoxdur ki, Türkiyə üçün Liviyada legitim hökumətin olması çox ciddi əhəmiyyətə malikdir. Hələ Osmanlı zamanının “Trablus Qarp” savaşı məhz bu bölgə uğrunda gedib. Bu o deməkdir ki, buradakı sabitliyin və siyasi təşkilatlanmanın Türkiyə üçün tarixi əhəmiyyəti var. Türkiyə Ordusu bu ölkədə sabitliyi bərpa edə bilsə, bu regionda uzun zamandır “Türk hüzuru” axtaran bir sıra dövlətlər üçün ciddi mesaj olacaq.


Əgər qərar çıxmasaydı…

Məşhur deyimdə olduğu kimi “Savaşanların bir şansı var, savaşmayanların isə heç bir şansı yoxdur”. Türkiyə Parlamenti bu qərarı qəbul etməsəydi, əvvəlcədən özünün Aralıq dənizindəki maraqlarını taleyin ümidinə buraxmış olacaqdı. Ola bilsin ki, Milli Birlik hökuməti- Səccar qalib gələcəkdi. Ancaq Türkiyə yenə də iştirak etmədiyi prosesdə söz sahibi ola bilməyəcəkdi.


Türkiyə üçün uğursuzluq…

Ankaranı bu prosesdə hansısa uğursuzluq gözləyə bilərmi? Əlbəttə nəzəri cəhətdən bu istisna deyil. Ancaq görünən odur ki, Türkiyə silahlı qüvvələri bölgədə təkcə özünün deyil, həm də uzun zamandır adı yada düşməyən NATO-nun maraqlarını müdafiə edəcək. NATO bu prosesdə açıq şəkildə Türkiyəyə dəstək verməlidir. Çünki, bu, həm də Aralıq dənizində NATO üçün taleyüklü, ölüm və qalım məsələsidir.

Ana səhifəXəbərlərTürkiyə Rusiya ilə üz-üzə