Mənbə: Google

Turizm Agentliyi Azərbaycana gələn turistlərin sayının 13,2 faiz artdığını bəyan edib

Natiq Cəfərli: “Qohumlarını görməyə, toya, yasa gələnlərin hər biri turist kimi qeydiyyata alınır”

Avqustda Azərbaycana 361 min əcnəbi gəlib. Statistikanı Dövlət Turizm Agentliyi yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 min nəfər və ya 13,2 faiz çoxdur.

Ölkəyə gələn turistlərin çoxu, 111 mini Rusiyadan gəlib. Bu rəqəm də illik müqayisədə 9,3 faiz artıb.

Son 1 ildə İrandan Azərbaycana səfər edənlərin sayı isə 82,2 faiz çoxalıb. 37 min nəfərə çatıb.

Agentlik bildirir ki, Gürcüstandan gələnlərin sayında da artım olub. Avqustda qonşu ölkədən Azərbaycana 68 min nəfər gəlib. Bu rəqəmdə də 20 faiz artım var:

“Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13, 50 və 11.2 faiz artaraq 27 min, 14 min və 11 minə çatıb. Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18,3 faiz artaraq 23 minə çatıb”.

Beləliklə agentliyin statistikası deyir ki, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 8,3 faiz artıb. Gələnlərin sayı 2,1 milyona çatıb:

“Gələnlərin yarısından çoxu – 53 faizi Rusiya (653 min nəfər) və Gürcüstan (472 min nəfər) vətəndaşlarının payına düşür. Xüsusilə Gürcüstandan gələnlərin sayında 22,8 faiz və yaxud 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40,4 və 38,1 faiz artıb. 83 min və 72 minə çatıb”.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Meydan Tv

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, statistikada ilk 2 yeri tutan Gürcüstan və Rusiyadan gələnlərin sayı həmişə şübhə doğurur. Belə statistikalarda hər zaman ilk üçlükdə bu ölkələr yer alır:

“Səbəb isə sadədir. Həm Gürcüstan, həm də Rusiyada minlərlə azərbaycanlı soydaşımız yaşayır. Xüsusən də yay aylarında onlar Azərbaycana gəlirlər. Qohumlarını görməyə, toya, yasa gələnlərin hər biri ölkəyə girişdə turist kimi qeydiyyata alınır. Məncə, statistika hazırlanarkən bunlar nəzərə alınmalıdır. Hər il və ya ildə bir neçə dəfə gələn insan niyə turist sayılmalıdır? Onların böyük əksəriyyəti həmin ölkələrdə yaşayan soydaşlarımızdır. Çoxunun hətta evi var, evinə gəlir. Evi olmayan qohumlarının, valideynlərinin evinə gedir. Bu adamların heç biri turist sayılmır. Odur ki, belə statistikalarda bəzi dəqiqləşdirmələrə ehtiyac var. Mən bu statistikanı düzgün, normal statistika kimi dəyərləndirmirəm”.

Cənubi Asiyadan gələnlərin sayının artmasına gəlincə, Natiq Cəfərli deyir ki, Azərbaycan hökuməti yenilikcə Yaponiya və Çinlə viza asanlaşdırılmasına gedib. Onun fikrincə bu bölgədən turistlərin sayının artmasına səbəb bu ola bilər:

“Görünür, işə yarayıb. Viza asanlaşdırması siyasəti Asiya ölkələrindən gələn turistlərin sayının artmasına səbəb olub. Bunu siyahıdakı Türkiyəyə də aid etmək olar”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/etfg7o

Ən çox baxılan