Tofiq Yaqublunun işi üzrə istintaq yekunlaşdı, məhkəməsi başlayır

Müstəntiq qərarı müxalifətçiyə elan edib

Source: Foto: sosial şəbəkə


Müstəntiq qərarı müxalifətçiyə elan edib

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu haqqında cinayət işinin istintaqı başa çatıb. İstintaqın yekunlaşması haqda qərarı müstəntiq iyunun 2-də Şüvəlandakı istintaq təcridxanasında T.Yaqubluya elan edib.

Bu prosesdə iştirak edən vəkil Nemət Kərimlinin Meydan TV-yə bildirdiyinə görə, cinayət işinin materialları yaxın vaxtlarda məhkəməyə göndəriləcək: “Yəqin ki, gələn həftənin bazar ertəsindən (iyulun 6-sı) həm Tofiq Yaqublu özü, həm də vəkillər cinayət işinin materialları ilə tanış olacaq. Bu proses də başa çatandan sonra ittiham aktı təsdiqlənib, iş məhkəməyə göndəriləcək. Ərazi aidiyyəti üzrə bu işə Nizami Rayon Məhkəməsində baxılmalıdır. Müdafiə tərəfi olaraq, Tofiq Yaqublunun təqsirsizliyini təsdiqləyən sübutlarımızı ortaya qoyacağıq”.

Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı“nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəXəbərlərTofiq Yaqublunun işi üzrə istintaq yekunlaşdı, məhkəməsi başlayır