Tofiq Yaqublu: Ölümümə fərman verilib

“Astma xəstəliyindən əziyyət çəkən məni vərəm və Hepatit C xəstələri ilə birlikdə saxlayırlar”

Source: Foto: sosial şəbəkə


“Astma xəstəliyindən əziyyət çəkən məni vərəm və Hepatit C xəstələri ilə birlikdə saxlayırlar”

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu məqsədli şəkildə həyatına təhlükə yaradıldığını bildirib. Onun sözlərinə görə, 3 saylı istintaq təcridxanasında saxlandığı şərait ölümünə fərman verilməsinin göstəricisidir. Bu barədə Meydan TV-yə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.

N.Həzi bildirib ki, iyulun 16-da T.Yaqublu ailəsilə telefonla danışarkən həm öz həyatının təhlükə altında olduğunu deyib, həm də cəbhə bölgəsində son günlərdə vəziyyətin gərginləşməsilə bağlı fikirlərini bölüşüb.

T.Yaqublu belə deyib: “Mənfur düşmənlə döyüşdə Azərbaycan Ordusunun 10-dan artıq əsgəri həlak olub, daha bir neçə hərbiçimiz yaralanıb. Həlak olmuş əsgərlərimizin xatirələrinə sayğılarımı bildirir, yaralılara tezliklə sağalmağı arzulayıram. Bu xəbər məni çox həyəcanlandırdı. Mən könüllü olaraq, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılmışam. Təvazökarlıq etməyə ehtiyac duymuram, cəsarətlə bildirirəm ki, şücaətlər göstərmişəm. Döyüş yoldaşlarımın gördüyü və ya əmin olduğu döyüş şəraitlərində düşmənin çox sayda zabit və əsgərini məhv etmişəm. Döyüşdüyüm müddətdə təltif olunmağa rəsmən təqdim olunmuşam. İndi həmin o mənfur düşmən Tovuz bölgələrində əsgərlərimizi öldürürkən, Azərbaycan hakimiyyəti də həyasız və saxta bir ittihamla məni həbs edib, dözülməz həbsxana şəraitində öldürür. Astma xəstəliyindən əziyyət çəkən məni vərəm və Hepatit C xəstələri ilə birlikdə saxlamaq, əslində, ölümümə fərman verildiyinin göstəricisidir”.

Penitensiar Xidmət isə T.Yaqublunun vərəmli məhbuslarla birlikdə saxlanması barədə dediklərini təkzib edib. Bu qurumdan bildirilib ki, həbs olunan şəxsdə vərəm xəstəliyi varsa, o, 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılır.

T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı“nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəXəbərlərTofiq Yaqublu: Ölümümə fərman verilib