”Bu sahədə nə qadın incədir, nə pambıq”

“Pambığı qadınlar becərir, yığır. Hamı da deyir, qadınlar incə məxluqdur. Bu sahədə incəlik qalar? Qarzaq (qurumuz qoza qabığı) bir dəfə adamın əlinə batanda ürəyinin başı sancır. İndi gör bir ətək yığmaq üçün neçə dəfə əl atırıq pambığa”. Bu sözləri Ağcabədi rayon sakini Rəna xanım deyir.

Günün istisindən, tozdan və pambıq kolundan qorunmaq üçün bürünən qadınların bircə gözləri açıqdır. Pambığı əyilib başı aşağı yığdıqları üçün gözləri də görünmür. Özlərinin dili ilə desək, onlara görünmək üçün pambıq olmaq lazımdır.

Sahibkar Sabir Məmmədov pambığa və pambıqçılara qiymət verilmədiyini deyir: “1955-ci ildən pambıqçılıq edirəm. Əvəllər işçilərə dəyər verirdilər. Heydər Əliyev öz dövründə pambığa qiymət vermişdi. İndi onun qiymətinə qiymət verən yoxdu”.

Bir kiloqram pambığı 15 qəpiyə yığan qadınlar çətinliklərindən və əziyyətin dəyərsiz olduğundan şikayətlənirlər: “Qiyməti bir az qaldırsalar, fəhlənin də əli sevinər, ürəkli işləyər. Heç yanda dolanışıq yoxdu. Hamı qalıb bu çölün ümidinə, bunu da eleyiblər qiymətsiz. İnsan başı aşağı, əyilmiş vəziyyətdə, günün altında nə qədər işləyər? Baş, bel ağrılarından əziyyət çəkirik”.

Mətanət xanım pambıq qozasını göstərib “Boğazımda bax bu boyda zobum var. Əyiləndə az qalir boğazım partlasın, amma nə edim, ehtiyacdan gəlib işləyirəm. Başqa çarəm yoxdu”- deyir.

Pambıqçıların dediyinə görə, bir kisə 10-12 kilo ağırlığında olur. Hər dəfə üç kisəni birdən götürüb sahədən kənara çixirlar. “İki kisəni çiyinlərimdə, birini də başımda aparıram. Gedib sahədən kənarda çəkdirib sonra boşaldırıq”.

Ana səhifəVideo”Bu sahədə nə qadın incədir, nə pambıq”