Taxtadan adam düzəldirlər…

Onsuz da heç nəyi dəyişdirə bilməyəcəklər, zira ən çətin dəyişən şey insanın nəfsidir

Source: Мейдан ТВ


Onsuz da heç nəyi dəyişdirə bilməyəcəklər, zira ən çətin dəyişən şey insanın nəfsidir

Rəhmətlik anam işlər darmacala düşəndə və kənardan kimsə vəziyyətə dəxli olmayan bir məsələni dilinə gətirəndə əsəbi halda deyərdi: “Mən burada taxtadan adam düzəldirəm, şillə ilə üz qızardıram, sən gör nəyin hayındasan…”

Yəni iş tapşırası adam yoxdur, yad adamlar qıtlığı və aclığı görməsinlər deyə sifətin saraldığını gizlətmək üçün ona sillə vurub qızartmalı oluram, sən isə mətləbi tutmadan tam dəxli olmayan məsələni ortaya atırsan.

Bu sözlər niyə yadıma düşdü? Prezident İlham Əliyev təzəcə islahatlara başlamaq istəyirdi ki, məcbur olub kadr qıtlığı ucbatından “taxtadan adam düzəltsin”, yəni biçarə Mikayıl Cabbarovu heç cür “xoda düşməyən” iqtisadiyyat sahəsinə təhkim etsin, bu tərəfdən ənənəvi müxalifət məsələyə heç bir dəxli olmayan insan azadlıqları və konstitusiya hüquqları ilə bağlı mitinq tələb etdi. Özü də şəhərin mərkəzində! Bax burada mənim yadıma rəhmətlik anamın bu türkəçarə sözləri düşdü.

Müxtəsər, lham müəllim ənənəvi müxalifətə özünə və onlara yaraşan bir ənənəvi “yox” mayası qoydu. Sadə dillə desək, onların saralmış sifətinə yağlı bir şapalaq vurdu ki, qızarsın.

Urvatdan düşmüş ənənəvi müxalifətin sifəti həqiqətən bu sillədən qızardı. Hamı elə bildi ki, onun səhhəti əladır, sifətindən qan damır.

Mitinqlərin çağırılması və dağıdılması Azərbaycanda həqiqi milli ənənəyə çevrilib və “kosa-kosa” oyununu millilik yarışında kölgədə qoyub. Odur ki, bu məsələdə heç bir qeyri-adilik yoxdur. Amma islahat söhbətində yenilik, mən cəsarətlə deyərdim ki, orijinallıq var.

Hakimiyyətdə həqiqətən ciddi kadr qıtlığı var ki, “taxtadan adam düzədir”.

Hakim zümrədə yaltaq coxdur, oğru nə qədər desən tapılar, şərləmək və qaralamaq tapşırığı almaq üçün növbə durub, xalqı döymək və məsum vətəndaşları zindana salmaq şərəfi naminə minlərlə məxluq arasında şıdırğı yarış gedir, lakin hakimiyyət daxilində müasir və işlək idarəçilik islahatlarını həyata keçirmək ehtiyacı yarananda ətrafa boylanıb yalnız Mikayıl Cabbarovu görürlər.

O da Fiqaro kimi gah İçərişəhəri Avropa standartlarına uyğunlaşdırır, gah təhsili düzəldir, gah vergini səhmanlayır, gah da neft narkotikinə aludə olmuş milli iqtisadiyyat parovozunu çiyninə alıb onu qeyri-neft relsinə qoymaq tapşırığı alır.

Bəri başdan deyirəm ki, bir yox, min Mikayıl Cabbarov gəlsə də, bu ölü dirilən deyil. Çünki Azərbaycan iqtisadiyyatının tir-tap uzanmış bədəninin sağ əlindəki damarına islahat qanı köçürəcəklər, sol əlindəki damardan korrupsiya nasosu ilə qanı sorub cibişdanlara ötürəcəklər. Həmin bədən də həmin bihal halətindən çıxmayacaq, necə ki, indiyəcən 15 ildir çıxmır. Baxmayaraq ki, cənab prezidentin öz say-seçmə ətrafını qeyri-neft sektorunu inkişaf etdirməyə səsləməsinin sinni həddi-buluğa çatır.

Düşmənlərimiz sevinib deyə bilərlər ki, “zavallı Azərbaycan! Sənin bir Mikayıl Cabbarovdan başqa heç bir müasir tələblərə cavab verən kadrın yoxdur!” Deyə bilərlər! Lakin qələt eləyərlər! Azərbaycanın belə kadrları var, özü də az deyil. Lakin onlar İlham Əliyevin hakim komandasında deyillər və ola da bilməzlər. Ona görə yox ki, İlham Əliyev onları komandasına götürmür (bu da var!), yox, onlar özləri belə komandada olmağı özlərinə rəva qılmazlar!

Özünüz deyin, Messini “Kəpəz”ə dəvət etsələr, razılaşar?

Bu hakim “Kəpəz” komandasında oyun getmir və gedə də bilməz, zira məqsəd qələbə deyil, məqsəd oğurluqdur. Bu komandada bircə dənə iş olmur ki, ondan ikiqat oğurlamasınlar. Belə komanda heç cür heç bir oyunda qələbə qazana bilməz.

Qələbə odur ki, dünya bazarında rəqabətə davamlı məhsul istehsal edən və öz xərcini çıxaran, gəlir gətirən müəssisə tikəsən. Hakim zümrənin məqsədi isə odur ki, müəssisənin qiymətini hələ layihələşdirmə mərhələsində birə-beş artırıb dörd hissəsini oğurlasın. (Yadınıza Bakı-Tbilisi-Qars dəmir yolunun xərclərinin qəfil artmasını salın. İndi bu dəmir yolu öz gücünün 5%-i ilə işləyir və möcüzə baş verməsə, öz xərcini 300 ilə çıxara biləcək). Gördüyünüz kimi, bu qələbə ilə bu hakim zümrənin bu məqsədi heç cür uzlaşmır. Elə bil qəfəsə quzu ilə canavarı salmısan və bir neçə gündən sonra gəlib görürsən ki, qəfəsdə canavar var, quzu yoxdur.

Qələbə odur ki, dövlətdə qanun işləsin və hamı, başını aşağı salıb dolanan sadə vətəndaş da, xalqın etimadı ilə yüksək dövlət vəzifəsi tutan ali məqam sahibi də eyni cür bu qanuna hörmət etsin və onu pozmaqdan çəkinsin. Lakin hakim zümrənin məqsədi odur ki, qanunu əlində zopa edib məzlum xalqın başına vursun, özlərinin bəd əməlləri açılanda bu qanunu pambığa bürüyüb altına qoysun. Gördüyünüz kimi, bu qələbə ilə bu məqsəd heç cür bir yerə sığa bilməz.

Qələbə odur ki, vətəndaş yüksək vəzifə sahibinin cinayətini görəndə bunu tam əminliklə hakimiyyətin müvafiq qurum və şəxslərinə bildirsin və əmin olsun ki, cani cəzasını alacaq, dövlət öz qanunu ilə onu cəzalandıracaq. Yəni vətəndaş öz dövlətini sevsin, onun qanununun gücünə inansın və güvənsin. Hakim zümrənin məqsədi isə odur ki, vətəndaşların görən gözünü eşsin, danışan ağzını yumsun, onun hürən itini zəhərləyib acından öldürsün, ona anlatsın ki, bu dövlətdə qanun şah deyil, qanun elə şahın özüdür. Göründüyü kimi, qələbə ilə hakim zümrənin məqsədləri odla su kimidir, biri olanda, o birisi ola bilməz.

Qələbə odur ki, cəmiyyətdə istedadlıların və vicdanlıların yarışı getsin, ən istedadlı, ən vicdanlı insan vətənə xidmət etmək şərəfinə layiq görülsün. Dünənə qədər dövlət nərdivanında əyləşib Azərbaycanı bir məğlubiyyətdən digərinə aparmış, bu gün isə hörmət-izzətlə istirahətə göndərilmiş adamlar həqiqətənmi bu meyarlarla seçilmişdilər? Yoxsa prezidentin məqsədi vətənə deyil, özünə və ailəsinə sədaqətlə xidmət edən, bu xidmət əsnasında öz şəxsi mənfəətini əsla unutmayan insanların seçilməsi idi? Azərbaycanın düşdüyü durum göstərir ki, qələbə ilə hakim zümrənin məqsədi heç cür bir araya gələ bilməzdi və gəlmir də.

Bəli, Azərbaycanda qələbə naminə işləyə bilən, islahatlar yolu ilə ölkəni inkişafa yönəldə bilən insanlar var. Lakin onlar hakim zümrənin məqsədlərini qəbul etmirlər, onların nə vicdanı, nə də ağlı bu naqis və məğlubiyyətə məhkum yolu seçməyə imkan vermir. Onlar heç cür yalan və riya, saxtakarlıq və fırıldaq yolu ilə nəcib və ülvi məqsədlərə çatmağın mümkünlüyünə inanmırlar. İnanmırlar və hakim zümrədən kənarda qalıb fikrini ucadan səsləndirməyi üstün sayırlar.

İslahat təklifləri, onların gerçəkləşdirilməsi üsulları barədə ağıllı və savadlı adamların yüzlərlə, minlərlə təklifləri səsləndirilib, lakin onların biri olsun belə tam şəkildə həyata vəsiqə almayıb. Niyə? Çünki Azərbaycan hakimiyyətini məngirləmiş və onun sərvətini talayan hakim zümrənin məqsədləri tamam başqadır.

Lakin hərdən, əsl sovet ənənələrinə uyğun olaraq, dilxoşluq naminə, islahatdan da danışırlar. Qoy danışsınlar. Onsuz da heç nəyi dəyişdirə bilməyəcəklər, zira ən çətin dəyişən şey insanın nəfsidir. Onunla cihadı udmaq hələm-hələm adamın hünəri deyil.

Ana səhifəXəbərlərTaxtadan adam düzəldirlər…