Sürücü: Cəriməyə iradımı bildirdim, yol polisləri məni şərlədi

“Qollarımı burub maşına basdılar, dedilər, 15 sutka basacağıq, gedəcəksən, işdən də çıxartdıracağıq səni”

Source: Reuters


“Qollarımı burub maşına basdılar, dedilər, 15 sutka basacağıq, gedəcəksən, işdən də çıxartdıracağıq səni”

“Yol polisi ratsiya ilə əraziyə post patrul xidməti çağırdı, 23-cü polis bölməsinin işçiləri gəldi, məni sürüyə-sürüyə post-patrul maşınına tərəf apardılar. Sənədlərim yerə dağıldı, əyilib yığmağa imkan da vermədilər. Qollarımı burub post-patrul maşınına basdılar, sanki qatı cinayətkar tutmuşdular”.

Keşlə sakini Vahid Həsənli Meydan TV-yə danışır ki, aprelin 13-də işdən evə qayıdarkən elə Keşlə qəsəbəsi ərazisində – Babək prospektindən qəsəbəyə daxil olan hissədə qurulmuş postda yol polisləri tərəfindən saxlanılıb. Yol polisləri onun sənədlərini və icazə arayışını yoxladıqdan sonra bildiriblər ki, elektron icazəsi olmadığına görə 100 manat cərimələnir.


“Yol polisləri məni qəsdən provokasiyaya çəkirdilər”

Vətəndaşın başına nə gəlibsə, elə bundan sonra gəlib:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Hava Limanlarının İstismarı Baş İdarəsində montyor işləyirəm. İdarə mənə karantin rejimində avtomobillə sərbəst hərəkət etmək üçün arayış verib. Mən də neçə gündür bu arayışdan istifadə edirəm, heç bir postda problemim yaranmayıb. Ancaq aprelin 13-də işdən qayıdarkən idarə etdiyim avtomobili qeyd etdiyim kimi, Keşlə qəsəbəsinin Babək prospekti istiqamətindən girişində yol polisləri saxladı. Sənədlərimi və icazə arayışımı təqdim etdim. Yol polisi bildirdi ki, “elektron icazən yoxdur, ona görə də protokol yazıram, 100 manat cərimələnirsən”. Mənsə bildirdim ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əgər vətəndaş arayış və vəsiqə təqdim edirsə, elektron icazəyə ehtiyac yoxdur. Yol polisləri məni cərimə yazmaqdan çox sanki provokasiyaya çəkməyə çalışırdılar. Özlərini təqdim etmir, səslərini vətəndaşın üstünə qaldırır, “sən” deyə ədəbsizcəsinə müraciət edir, “bu saat qollarını burub apararlar, ağlın başına gələr” deyib, hədə-qorxu gəlirlər. Dedim, vətəndaş bu 100 manatı küçədən yığmır ki, hər saxladığınıza yeri gəldi-gəlmədi 100 manat yükləyib yola salasız. Ratsiyanı götürüb post-patrula xəbər verdilər ki, guya vətəndaş bunların postuna hücum çəkib, tabesizlik göstərir, guya əlavə polis qüvvəsinə ehtiyac var. Az keçmədi ki, post-patrul maşını gəlib dayandı, içərisindən bir neçə polis düşdü. Məndən və onlardan nə baş verdiyini soruşdular. Yol polisləri yalandan bildirdilər ki, guya mən posta hücum çəkib onları təhqir etmişəm, mənsə olanları necə vardısa, bildirdim. Polislər sənədlərimi, arayışımı yoxladılar, hamısını özümə qaytardılar, dedilər get, protokol da yazılmayacaq, yol polislərinə də dedilər ki, vətəndaş haqlıdır”.


“Evə çatanda telefonuma cərimə ismarıcı gəldi”

Vahid Həsənli yoluna davam edib. Yaşadığı ünvana çatanda telefonuna karantin rejimini pozduğuna görə 100 manat cərimələnməsi barədə ismarıc gəlib. O, təkrar yol polislərinin yanına qayıdıb:

“Mənə bildirdilər ki, bizim işimiz protokol yazmaqdır, düzdür, səhvdir, bunu biz araşdırmırıq, bu, bizim vəzifəmizə daxil deyil. Dedim, zəhmət olmasa mənə protokolun surətini təqdim edin, mən o protokoldan şikayət verəcəm. Dedilər, aralan burdan, başını ağrıtma, get, cəriməni ödə, adını da portala daxil etdir, tutsaq , yenə cərimələyəcəyik. Mən dönə-dönə bunlardan protokolu tələb etmələrini, özlərini təqdim etmələrini istədim. Dedim, vətəndaşam, məni cərimələmisiz, mən də cəriməni qanunsuz hesab edirəm, protokoldan şikayət etmək mənim hüququmdur, verin protokolu, çıxım gedim. Bunlar götürüb yenə ratsiya ilə əraziyə polis çağırdılar. Yenə yalandan dedilər ki, guya posta hücum çəkib, bunları təhqir etmişəm”.


“Sürüdülər, qollarımı qandallayıb polis maşınına basdılar”

Bu dəfə post-patrul əməkdaşları Vahid Həsənlini əraziyə nəzarət edən 23-cü polis bölməsinə aparıblar:

“Bu dəfə heç nə soruşmadılar, heç nə aydınlaşdırmadılar, çatan kimi hərəsi bir tərəfdən qoluma girib məni post-patrul maşınına tərəf sürüdü. Məni sürüdüklərinə görə sənədlərim də yerə dağıldı, imkan vermədilər ki, əyilib yığam. Qollarımı burub maşına basdılar, dedilər, 15 sutka basacağıq, gedəcəksən, işdən də çıxartdıracağıq səni… 23-cü polis bölməsinə gətirdilər, növbətçi hissəyə dedilər, posta hücum edib, yol polislərini təhqir edib, “oformit” eləyin, aparaq məhkəməyə… Sonra səhv etmirəmsə, növbətçi hissənin komandiri idi, gəldi, məndən nəyin necə baş verdiyini soruşdu, mən də olduğu kimi danışdım. Dedi, dəhlizdə gözlə, görək nə olur. Mən dəhlizdə gözlədiyim müddətdə şirkətimizin xidmət rəisi ilə əlaqə saxladım, dedim, şirkətin verdiyi icazə arayışını və digər sənədləri təqdim etsəm də, cərimələyiblər, protokolu tələb etdiyimə görə isə şərləyib, qollarımı burub, polis bölməsinə gətiriblər. 3 saat bölmədə saxlanmışam, 3 saatdan sonra bölmənin rəisi zəng vurub işçilərinə tapşırıq verdi ki, izahatını alıb buraxın”.


“Dedilər, izahatı elə yaz ki, “başımız ağrımasın”

Nizami rayon 23-cü polis bölməsindən Meydan TV-yə bildirilib ki, aprelin 13-də Vahid Həsənli yol polisinin cərimə protokoluna irad bildirdiyi üçün aralarında mübahisə yaranıb. O, bölməyə dəvət edilib, məsələ aydınlaşdırıldıqdan sonra sərbəst buraxılıb. Vahid Həsənli isə deyir, bölmədə ondan xahiş olunub ki, izahatı bir qədər “yumşaq” yazsın, qeyd etsin ki, bölməyə dəvətlə gəlib, zorla gətirilməyib. Vahid Həsənli sözünə davam edir:

“Bayaqdan qollarımı buran, məni cinayət işi açmaqla, işdən çıxartdırmaqla hədələyən polislər üçün dönüb oldum “ağsaqqal”. Dedilər, ağsaqqal, səbrli ol, izahatını alıb buraxırıq səni. İzahat yazanda da xahiş elədilər orda qeyd edim ki, yol polisi protokol yazıb, mən iradımı bildirmişəm, anlaşılmazlıq yaranıb, guya polis məni bölməyə dəvət edib ki, aydınlaşdırılsın, guya mən həmin dəvətlə özüm bölməyə getmişəm. Dedim, məni dəvət etməmisiz, sürüyə-sürüyə, qollarımı burub maşına basmısız, yerə dağılan sənədlərimi toplamağıma da imkan verməmisiz. Dedilər, belə yazmaqla bizim üçün iş artırırsan, “başağrı” yaradırsan. Halbuki, 3 saat məni bölmədə saxlayandan sonra məhkəməyə göndərib özləri mənimçün “iş artıracaqdılar”. Mən də baş verənləri olduğu kimi izahatımda qeyd etdim, bölmədən çıxdım”.

Vahid Həsənli hüquqlarını pozmuş polis işçilərinin cəzalandırılması üçün müraciətlərini davam etdirəcəyini deyir.

Screenshot 2020-04-17 at 15.00.15.png
Arayış
Screenshot 2020-04-17 at 15.00.52.png
Arayış
Ana səhifəBölgəSürücü: Cəriməyə iradımı bildirdim, yol polisləri məni şərlədi