Şirvanda icra hakimiyyətinin şöbə müdiri həbs edilib

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Foto: Meydan TV


Eyyub Gülməmmədov rüşvət almaqda ittiham olunur

Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədov həbs edilib. Səbəb kimi rüşvət alması göstərilir. Onun cinayət başında yaxalandığı bildirilir.

Məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki, Eyyub Gülməmmədov barəsində vətəndaşın şikayəti əsasında araşdırma başlanıb. Araşdırmanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb:

“Eyyub Gülməmmədov Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirmək üçün 3000 manat alıb. Şəxsi avtomobilində pulu alarkən cinayət başında yaxalanıb”.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

“Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib”.

Məlumatda bildirilir ki, hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Meydan TV E.Gülməmmədovun yaxınları və ya vəkili ilə əlaqə saxlaya bilməyib.

Bir gün öncə, iyunun 24-də Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi də cinayət məsuliyyətinə cəlb

edilmişdi

. İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəSiyasətŞirvanda icra hakimiyyətinin şöbə müdiri həbs edilib