Sərhəddə: Mal-qaranın hara getdiyini bilmirik

“Azərbaycan- Gürcüstan sərhədinin müəyyənləşdirilməsinə ehtiyac var”

Source:
Erisimedi kəndinə gedən yolda olan mal-qara
Erisimedi kəndinə gedən yolda olan mal-qara


“Azərbaycan- Gürcüstan sərhədinin müəyyənləşdirilməsinə ehtiyac var”

“Erisimedi” sözü gürcü dilinə “xalqın ümidi” kimi tərcümə olunur. Bu mənanı daşımasına baxmayaraq, baş verənlər onu göstərir ki, kiçik gürcü kəndi olan Erisimedi ölkədə ümidsiz olan yerlərdən biridir. Azərbaycan tərəfdə yerləşən İtitala kəndində də vəziyyət elə də fərqli deyil.

Sovet İttifaqı dağıldıqdan sonra 25 ildən çoxdur ki, Gürcüstanla Azərbaycanın sərhəd müəyyənləşdirilməsi üçün keçirdikləri görüşlər uğursuzluqla nəticələnir. Sərhədin delimitasiya (dövlət sərhədinin müəyyənləşdirilməsi) və demarkasiyası (mübahisəli sahələri xüsusi işarə ilə ayırma) barədə danışıqların bu ilin ikinci yarısında da davam etdirilməsi nəzərdə tutulub. Amma reallıqda dəyişməyən bir şey var, sərhəddə olan qarışıqlıq, itkin inəklər, həbslər və ölüm hadisəsi.

Azərbaycan sərhədini kiçik hərbi baza yaradaraq, silahlı əsgərlər və gözətçilərlə qoruyur. Gürcüstanda isə sərhədyanı kəndinə (Erisimedi) girişdə üç kilometr uzaqda bir neçə gözətçisi olan yoxlama məntəqəsi fəaliyyət göstərir.

Azərbaycandakı İtitala kəndi
Azərbaycandakı İtitala kəndi

“Heç kim sərhədin harada olduğunu bilmir”. Keçən ilin oktyabrında həbs olunan İtitala kənd sakinlərindən biri deyir:

“Sərhədçilərin dayandığı yerdən sərhədin harada olmasını təxmin edirik”.

İtitala kəndindən sərhəddə olan yol
İtitala kəndindən sərhəddə olan yol

Gürcüstanın mərkəzindən 50 km uzaqda olan Erisimedi kəndində 80-dən çox ailə yaşayır. 1989-cu ildə olan torpaq sürüşmələrinə görə hökumət Acarada qalan insanları təhlükəsizlik səbəbilə bu kəndə köçürüb. Kənddə qalan digər etnik çeçenlər isə Çeçenistanın sərhədinə yaxın ərazidə yerləşən Pankisidən bura köçüblər.

Erisimedi kənd sakinləri 8 ildən çoxdur ki, Azərbaycanın bu kəndin yarısını alaraq nəzarətə götürəcəyi barədə xəbərlər oxuyurlar. İndi də kənd sakinləri eşidir ki, artıq onların yarısı Azərbaycan torpağında yaşayır.

Kənd sakinlərinin mal-qarası hər gün iki ölkəni bölən Alazan çayının ətrafına toplaşır. Mal-qara çayı keçdikdən sonra onları geri qaytarmaq sahibləri üçün qeyri-mümkün olur. Çünki çayı keçəcəkləri halda onlar Azərbaycan tərəfində olacaqlarına görə əsgərlər tərəfindən güllələnə bilərlər. Kənd sakinləri iddia edir ki, son 25 ildə bu kənd 500-dən çox mal-qara itirib.

Erisimedi kəndinə gedən yolda olan mal-qara
Erisimedi kəndinə gedən yolda olan mal-qara

2010-cu ildə Erisimedi kənd sakini Əhməd Gaurgaşvili Azərbaycan sərhədçiləri tərəfindən mal-qarasını geri qaytarmaq istəyən zaman güllələnib. Hadisə şahidi Emzar Surmanidze deyir ki, Əhməd mal-qaranı geri qaytarmaqdan ötrü çəpərə dırmaşıb və o zaman öldürülüb.

“Vurulduqdan sonra onun qanaxması dayanmırdı”- Surmanidze deyir. – “Kəndin digər sakinləri həmin vaxt meşədən odun toplayırdılar. Nə qədər çalışdılarsa, meyidi geri ala bilmədilər. Ondan sonra Əhmədin vurulduğuna görə kənddəki digər insanlardan kömək üçün qışqırmağa başladılar”.

“Can verən vaxtı,o, su istəməyə başladı. Çəpərdən 5 metr uzaqda olmasına baxmayaraq, heç kim ona kömək edə bilmədi və öldü”.

İki ölkə arasında otlayan mal-qara
İki ölkə arasında otlayan mal-qara

Azərbaycan Dövlət Sərhəd Xidməti isə baş verən hadisəyə tamamilə başqa cür açıqlama verir. Həmin gün yayılan xəbərlərdə Sərhəd Xidməti bildirir ki, üç Gürcüstan vətəndaşı qanunsuz olaraq sərhədi keçməyə çalışan zaman onlara “dayan” əmri verilməsinə baxmayaraq, dayanmayıblar və nəticədə güllələniblər. Onlardan biri bu sırada ölüb.

Gaurgaşvili ailəsi hadisədən sonra kəndi tərk edərək Pankisiyə qayıdıb. Əhmədin anasının sözlərinə görə, heç kim ona oğlunu öldürənin adını və soyadını deməyib:

“Onlar mənim günahsız oğlumu öldürüblər. Buna baxmayaraq, heç kim cəzalandırılmadı”.

Ölüm hadisəsinin şahidi Emzar Şumanidze
Ölüm hadisəsinin şahidi Emzar Şumanidze

“Mənə istintaq hesabatında göstərildi ki, oğlum Azərbaycan deyil, Gürcüstan ərazisində öldürülüb. Bu, cinayət deyilmi? Niyə hökumətimiz bir tədbir görmədi?”

76 yaşlı Taliko Maxaradze Erisimedi kəndinin Azərbaycana verildiyi deyilən iki küçənin girişində yaşayır. Onun sözlərinə görə, kənd sakinləri sərhəd məsələsində olan qarışıqlığa görə kəndi tərk edirlər:

“Kəndin 2 küçəsi Azərbaycana verildiyi üçün həmin evlər qeydiyyatdan keçirilmir və heç bir sənəd verilmir”.

“İnsanlar deyir ki, Gürcüstan mənim qapımın önündə bitir”- Maxaradze deyir.

Sərhədçilər tərəfindən həbs olunan kənd sakinləri cərimələndikdən sonra azadlığa buraxılır. Hər iki kənd İtitala və Erisimedi sakinləri sərhədyanı meşədən odun götürmək və istifadə etmək üçün icazə kağızı almalıdır. Amma kənd sakini Maxaradze deyir ki, 80 ailədən ancaq beş nəfər bu sənədi ala bilib:

“Əvvəl mənim də icazə kağızım var idi. 2015-ci ildə Gürcüstan sərhədçiləri tərəfindən meşədə odun toplayan zaman həbs olundum”.

“Yerli bankda yerləşən notariat kontoruna gedirik, gözləyirik, amma sonda deyirlər ki, icazə kağızı yoxdur”- Maxaradze bildirir.

Maxaradzenin sözlərinə görə, səhər qarışıqlığının nəticəsi olaraq, o, 8 inəyini itirib.

İtitala kəndində daha çox gürcü dilində danışan etnik gürcülər məskunlaşıb. Əhalinin çoxu orada doğulub, amma dinlərini dəyişərək islamı qəbul ediblər. Digər kənddən fərqli olaraq İtitalada kənd sakinlərinin çoxu icazə kağızı ala bilib. Bunun üçün onlar ilk olaraq icra hakimiyyətinə müraciət edir, daha sonra onların sənədləri sərhəd xidməti ilə dəqiqləşdirildikdən sonra icazə kağızı verilir.

Köhnə hasar sərhəd kimi istifadə olunur
Köhnə hasar sərhəd kimi istifadə olunur

İtitala kənd sakini Seyfulla Balayev sərhəddən mal-qarasını geri qaytarmaq istəyən zaman Gürcüstan sərhədçiləri tərəfindən həbs olunub.

“Sərhədyanı əraziyə mal-qaramı aparmaq üçün icazə kağızım var idi. İnəklərin üçü gözləmədiyim halda Gürcüstan tərəfə keçdi, ancaq ikisi qayıtdı. Üçüncü inəyi geri qaytarmaq üçün addım atan zaman Gürcüstan sərhədçiləri mənə “dayan” dedilər və nəticədə həbs olundum. Daha sonra Azərbaycan sərhədçiləri mənim icazə kağızımı geri aldı”.

Balayevin qonşularının sözlərinə görə, Seyfulla tutulan zaman Gürcüstan deyil, Azərbaycan ərazisində olduğu üçün icazə kağızını geri ala bilib.

Sərhəddə yerləşən ensiz və tez-tez quruyan Alazan çayı
Sərhəddə yerləşən ensiz və tez-tez quruyan Alazan çayı

İtitala kənd sakinlərindən biri sərhədyanı əraziyə 5 dəqiqə tez getdiyi üçün həbs olunub:

“Meşəbəyi təmizlik işləri üçün mənə zəng edib sərhədyanı əraziyə gəlməyimi istədi. Əraziyə daxil olanda səhər saat 7.55 idi. Qaydalara görə həmin əraziyə səhər 8-dən sonra daxil ola və axşam 8-dən gec olmayaraq çıxmalısan. 5 dəqiqəyə görə həbs olunaraq 250 manat cərimələndim.

İndi pulu ödəyə bilmirəm, cəriməyə görə də ölkəni tərk etməyim mümkün deyil. Onlara meşəbəyinin məni çağırdığını dedim, o da təsdiqlədi, amma nəticə eyni olaraq qaldı”.

80 yaşlı Ramazan Rəhimov İtitala kəndində anadan olub. Onun sözlərinə görə, torpağı sərhədyanı ərazidə yerləşir:

“Öz ərazimə gedən zaman icazə kağızını Azərbaycan sərhədçilərinə göstərməliyəm. Amma sərhədə bir az yaxın getsən, sərhədçilər tərəfindən həbs olunacaqsan. Gürcüstan tərəfdən bu tərəfə keçən heç bir inək görməmişəm. Mal-qara keçsə, sərhədçilər bunu bir-birinə deyir və mal-qara geri qaytarılır”.

Erisimedi kənd sakini Emilyon Kborvaşvilinin sözlərinə görə, inəklər sərhədi keçdikdən sonra onları kimin götürdüyü sual altındadır: “Azərbaycan sərhədçiləri, yoxsa kim? Hara şikayət edək? Bəzən mal-qaramızı sərhədçilər geri qaytarır, bəzən yox”.

Erisimedi sakini Emilyon Kborvaşvili ona məxsus üç inəyinin hara getdiyini bilmir
Erisimedi sakini Emilyon Kborvaşvili ona məxsus üç inəyinin hara getdiyini bilmir

Hər iki ölkənin səlahiyyətli nümayəndələri isə bu mövzu haqqında heç nə danışmaq istəmir.

İtitala kənd icra nümayəndəsi German Balayev isə jurnalistlərin hər iki səfərində onları kobudluqla qarşılamasına baxmayaraq, məsələyə belə açıqlama verib:

“Bizim kənd ildə 5-6 mal-qara itirir. Amma oğurluq məsələsi qeyri-mümkündür. Əgər onların mal-qarası bu tərəfə keçsə, sərhədçilər onları geri qaytarır. Mal-qara yoxa çıxırsa, ola bilər ki, onları canavar yeyir”.

“İki-üç gün əvvəl kəndimizdə bir inək peyda olub. Gürcüstan tərəfi deyir: “Bizim deyil”. Kənd sakinləri də eyni sözü deyir. Biz inəyin sahibinin kim olduğunu bilmirik”- Balayev deyir.

Erisimedi kənd sakini İosed Tsekhladzenin sözlərinə görə, mal-qara sərhədi keçən zaman sahibinin onları geri qaytarması mümkün olmur:

“Gürcü sərhədçisi inəkləri görən zaman onların geri qaytarılması üçün digər tərəflə əlaqə saxlayır. Ancaq bu çəpərlər ciddi sərhəddir, görə bilirik. Çəpər olmayan yerlərdə isə çətindir və bu da problemə çevrilib”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, sərhəddin müəyyənləşdirilmə prosesində hər iki tərəfdə olan insanların problemləri nəzərə alınacaq:

“Azərbaycanla Gürcüstan qonşu və dost ölkədir. Bu məsələlər diplomatik yollarla həll olunur və hələ də davam etməkdədir”.

Gürcüstan Xarici İşlər Nazirliyi isə “ifact.ge”-dən göndərilən məktubların heç birinə cavab verməyib.

Gürcüstanın 2014-2018-ci illərdə hökumət strategiyasında deyilir ki, sərhədin müəyyənləşdirilməsi bu il başa çatdırılacaq. Hər iki ölkənin xarici işlər nazirinin müavinləri Xələf Xələfov və David Dondua keçən il apreldə görüşüb. Digər görüşün bu ilin birinci yarısında keçirilməsi planlaşdırılıb.

“Azərbaycan- Gürcüstan sərhədinin müəyyənləşdirilməsinə ehtiyac var. Biz oturub güllələri gözləmək istəmirik”- Erisimedi kənd sakini Surmanidze belə deyir.

Ana səhifəAraşdırmaSərhəddə: Mal-qaranın hara getdiyini bilmirik