"İnanın bu müddət ərzində 1-2 marşurt keçir"

Mənbə: Foto: Meydan tv

Başlıq: "İnanın bu müddət ərzində 1-2 marşurt keçir"

“Şəhərin mərkəzində kənd həyatı yaşayırıq”

Sevinc qəsəbəsinin sakinləri narazıdır

Gəncənin Sevinc qəsəbəsinin sakinlərinin şikayəti var. Onlar 1993-cü ildən salınan qəsəbədə kanalizasiya, yol, su, marşurt telefon və internet problemlərinin olduğunu deyirlər. Sakinlər qəsəbədə heç nəyin normal olmadığını söyləyirlər.

5 ildir Sevinc Qəsəbəsində yaşayan Dövran Babayev deyir ki, bura Gəncənin ən böyük qəsəbələrindən biridir və baxılmayan ərazisidir.

“Nə marşurtu, nə normal yolu, nə də kanalizasiya sistemi var. Yağış yağanda buradan keçmək mümkünsüzdür. Hər yer gölməçə olur. Rezin çəkmələrlə gəzirik. Küçə itləri də ayrı bir dərddir. İtlərin əlindən gecələr küçəyə çıxa bilmirik. Bir sözlə, ölkənin ikinci böyük şəhərinin ən böyük qəsəbəsi pis gündədir, baxan yoxdur”.

Dövran Babayev deyir ki, qəsəbənin uşaqları 33 saylı məktəbin şagirdləridir. Buradan məktəbə 20 saylı marşurt işləyir. Ancaq həm gec-gec gəlir, həm də basabas olduğundan minmək mümkün olmur. Bu qədər ailənin hamısının maşını yoxdur ki, uşağını şəxsi avtomobili ilə aparsın:

“Ya da o qədər imkanlı deyilik ki, taksi tutub göndərək. Məcburuq, marşurtdan istifadə edirik. Uşaqları səhər saat 7-dən yola çıxarırıq. İnanın bu müddət ərzində 1-2 marşurt keçir. O qədər dolu olur ki. Bəzən 1 saat gözləməli oluruq. Nəticədə uşaqlarımız hər gün dərsə gecikirlər. İnsanları bundan artıq təhsildən necə yayındırmaq olur, mən orasını bilmirəm”.

Dövran Babayev

Dövran Babayev

Mənbə: Foto: Meydan tv

Sakinlərdən Turanə Fərzəliyevanı da narahat edən ən böyük problem marşurtdur. Deyir, təəssüf ki, məktəb piyada məsafəsində deyil. Marşurt isə kiçik və basabas olur:

“Bundan əlavə, həm təhlükəlidir, həm də qıt. Tapmırıq. Uşaqlar demək olar ki, hər gün məktəbə gecikirlər. Çıxarırıq yola, neçəsi dolu gəlir, minə bilmirlər. Axırda bir az boşunu gözləyirik. Onda da uşaqlar dərsə gecikirlər. Marşurtun sayını artıra, intervalı azalda bilərlər. Etmirlər. Adicə baxın, evlərimizin nömrəsi də yoxdur. Camaat telefon çəkdirmək istəyir. İnternet əsridir, ancaq bizdə yoxdur. Ünvansız, nömrəsiz, bu mümkün deyil. Haqlı olaraq deyirlər, “küçə yox, küçə adı yox”. İşıq da ki, görürsüz də, məhəllədə dirək yoxdur. Camaat işığı ordan-burdan çəkib. Sönmür, amma təhlükəlidir”.

Turanə Fərzəliyeva əlavə edir ki, onların ən böyük dərdi isə yağışla bərabər başlayır. Yolları torpaq olduğundan yağış yağan kimi palçıq olur:

“Asfaltlanacaq deyirlər, ancaq bir nəticəsi yoxdur. Adıdır ki, şəhərdə yaşayırıq. Kanalizasiyamız yox, marşurt bərbad, yolları da görürsüz. 6 ildir olmazın zülmünün içindəyəm. Şəhərin mərkəzində kənd həyatı yaşayırıq”.

Turanə Fərzəliyeva

Turanə Fərzəliyeva

Mənbə: Foto: Meydan tv

Sakinlərdən Rahilə Məmmədova isə deyir ki, bütün bu problemlərlə bərabər qəsəbənin su və zibil dərdi də var. Bütün qəsəbəni su ilə üstüaçıq su çəni təmin edir. Həmin çənin içinə quş və yaxud nəsə yad bir şey girəndə günlərlə suyu içə bilmirlər. Rahilə Məmmədova deyir ki, bu zaman çox pis tam və qoxusu olur. Zibilə gəlincə, əlavə edir ki, artıqları atmaq üçün qutu qoyulmayıb. Camaat zibili yolun kənarına atır. Nəticədə, həmin zibil iylənir və ətrafa pis qoxu yayılır:

“Mənim evim də bu zibilxananın yaxınlığındadır. Vaxtaşırı həmin zibilləri toplayıb yandırmaqdan, basdırmaqdan birtəhər olmuşam. Camaatı da qınamalı deyil. Qab qoydular, tökmədilər?”

Rahilə Məmmədova deyir ki, payız gələndən qapısının ağzı gölməçə olur. Ordan-burdan daş gətirib tökür ki, keçmək mümkün olsun. Bu da ona çox çətindir. Çünki ikinci qrup əlilliyi var və yaşlıdır:

“Bu vəziyyətdə bütün günü zibilxana yandırıram, nə bilim qazıb basdırıram. Daş, qum daşıyıram. Ətrafı abadlaşdırmaqla məşğulam. Mən etməyim, o etməsin, onsuz hökumət də etmir, vecinə deyilik, bəs kim etsin? 9 ildir buradayam, bütün bu problemlərdən bezmişəm. O qədər imkanım da yoxdur ki, gedib başqa yerdən ev alam. Anti-sanitariya içindəyik. Hamının da çox gözəl xəbəri var, amma baxmırlar, çünki sərf etmir”.

Rahilə Məmmədova

Rahilə Məmmədova

Mənbə: Foto: Meydan tv

Gəncə Şəhər İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı iş şöbəsindən Meydan TV-yə bildirilib ki, həmin qəsəbədən şikayət almayıblar. Ancaq daxili yollar vaxtaşırı təmir edilir, abadlaşdırılır:

“Qalan nə problemləri varsa maraqlanacağıq, əlimizdən gələn qədər kömək edərik”.

Sakinlər isə yaxın zamanda bu problemlərdən qurtulacaqlarına inanmırlar. Deyirlər, baxan olsaydılar, indiyə qədər etdikləri şikayətlərinə laqeyd yanaşmazdılar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uef5y1

Ən çox baxılan