Alya Yaqublu

Mənbə: Foto: Meydan TV

Başlıq: Alya Yaqublu

Seçki-2020: döyüşə ancaq gənclər gedir

Parlament seçkilərinin Azərbaycana faydası da oldu - siyasət meydanına savadlı, enerjili, əzmli gənclər gəldi

“İndiyə qədər belə bir mövqe populyar olub ki, seçki mühiti ancaq hakimiyyətin məsuliyyətidir. Elə deyil. Müxalifət öz payına olan vəzifələri yerinə yetirməlidir və seçki, konstitusion proses, konstitusion bir mərhələ bunun üçün ən gözəl hüquqi fürsətdir”.

İlqar Məmmədov, “Amerikanın səsi”, 15 yanvar 2020-ci il (seçkiyə 24 gün qalmış)

9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrini dəyərləndirmək üçün elə bu sitatdan başlayaq – sadəcə ona görə ki, bu seçkilərdə iştirakın ən qatı tərəfdarı və təbliğatçısı ReAL Partiyası idi və “iştirak, yoxsa boykot”, “uğur, yoxsa fiasko” mübahisələrini partiya maraqlarından (o cümlədən, şəxsi maraqlardan) kənar müstəvidə qiymətləndirmək üçün gözləntilər və reallıqlar, vədlər və imkanlar arasındakı fərqin siyasi qüvvələr tərəfindən nə dərəcədə düzgün hesablandığına baxmaq lazımdır.

Niyə ReAL-dan başladım? Son illərdə seçkilərə qatılmağın ən böyük və hətta yeganə tərəfdarı olduğu üçün.

Bir neçə müddətdir ki, bu partiya seçkidə iştirakı avtoritarizmə qarşı mübarizənin ən effektli üsulu olaraq təbliğ edir, seçkilərarası dövrlərdə kütləvi aksiyaları səmərəsiz sayır və bəyan edirdi ki, seçki günü insanları “fərqli üsullarla” məntəqələrin qarşısına toplamağı bacaracaq. Öz gücünə bu qədər əmin olan, amma bu gücdən istifadə etməmək və rejimə qarşı ancaq seçkidən-seçkiyə mübarizə aparmaq taktikasını seçən, “siyasi mühit yaratmaq məsuliyyətini” dərk edən partiya “öz payına düşən vəzifələri” yerinə yetirə bildimi?

Əlbəttə, “məsuliyyət və vəzifələr” məsələsi seçkiyə qatılmış Müsavat Partiyasına da aiddir. Partiyanın Məclisində “Mən Müsavatı parlament partiyası edəcəm!” vədini verib, “gurultulu və sürəkli” alqışlar alan Arif Hacılı bu vədə niyə əməl edə bilmədi – buna da toxunacağıq.

Gözləntilər

Oktyabrın sonlarında Ramiz Mehdiyevin, 36 gün sonra da Əli Həsənovun vəzifələrindən azad edilməsi islahat təşnəsi cəmiyyətimizdə xüsusi ajiotajla qarşılandı. “Yaxşı padşah” inancını ürəyinin dərinliklərindən söküb ata bilməyən - bu inancı öz kədərli mövcudluğunun yeganə təsəllisi və son ümidi halına gətirib “padşahdan buyruq, ağzıma quyruq” gözləntisini özünün sosial davranış normativinə çevirən kütlənin kefi kökəldi.

Bu iki vacib postda kadr dəyişikliyini İlham Əliyevin, nəhayət ki, yeni komanda formalaşdırmağa başlaması kimi qəbul edən; bu və ya digər şəkildə o komandada təmsil olunmaq istəyən; “konstruktiv mövqeyi”, əqli potensialı və elmi bilikləri baxımından özünü şanslı sayanlar da sevindilər. Həm də kütlədən daha çox – islahatlarda İlham Əliyevin mötədillərə ehtiyacı olacaq ümidilə.

İkinci sensasion kadr dəyişikliyindən (daha dəqiqi, cəzalandırmadan) cəmi altı gün sonra çıxan növbədənkənar seçki xəbəri isə coşqulu islahat evfoniyasını partlayan fişənglərdən sonrakı sevinc “çığırtıları” halına gətirdi – axı, İlham Əliyev (YAP-ın diliylə) mövcud parlamentin yeni tələblərə cavab vermədiyini, islahatlara yaramadığını və Milli Məclisdə artıq yeni nəsil görmək istədiyini deyirdi.

Hakimiyyətdə ancaq avtoritar idarəçilik sayəsində - zor gücünə qala bilən birinin özünüislah (öz ayağının altını qazmaq) niyyətinin səmimiliyinə inanmaq olardımı? Axı, o, hakimiyyətin antidemokratik mahiyyətini sözdə yox, əməldə dəyişmək üçün bircə addım belə atmamış, əksinə:

- seçkilərin vaxtını irəli çəkmiş və onsuz da pərakəndə vəziyyətdə olan müxalifətə toparlanmaq, ortaq taktikayla bağlı razılığa gəlməyə çalışmaq fürsəti verməmiş;

- Seçki Məcəlləsinə dəyişikliklər etmədən yeni seçki təyin etməklə müxalifət nümayəndələrinin təmsil olunmadığı komissiyaların (başqa sözlə, seçki saxtakarlıqlarının) qalmasında maraqlı olduğunu nümayiş etdirmiş;

- və ən başlıcası, parlamentlə özü arasında hər hansı qarşıdurma faktı olmadan seçkini vaxtından əvvələ çəkməklə, bu qərarın sırf hakimiyyət maraqlarına xidmət etdiyini, yəni şəxsən özünə lazım olduğunu bəlli etmişdi (ya maltalı jurnalistin qətlini araşdırmağa başlayacaq məhkəməylə bağlı vaxt qazanmaq, ya da ailə monarxiyasını qurmaq planının icrasında qarşıya çıxa biləcək problemləri test etmək üçün).

Beləliklə, bu seçkilərin də növbəti manipulyasiyadan başqa bir şey olmadığı kifayət qədər aydınıydı və prinsipcə, müxalifət düşərgə olaraq olayı elə ilk gündən belə qiymətləndirmiş olmalıydı. Bəs, niyə bu məsələdə fikir ayrılığı yarandı? Baş verənləri “islahat və fürsət” kimi təqdim edənlər, doğrundanmı, belə düşünürdülər? Əslində, bəli. Onlar seçkinin həqiqətən bir fürsət olduğuna inanırdılar. Amma demokratiya üçün yox, ayrı-ayrı adamlar üçün. Böyük ehtimal, “parlamentdə yeni nəsil, yeni nəfəs” eyhamı onlarda belə bir qənaət yaratmışdı ki, əvvəlki illərdə olduğu kimi, İlham Əliyev yenə bir neçə müxalifətçiyə mandat vermək fikrinə düşüb.

Prinsipcə, bu fürsətdən yararlanıb parlamentə düşmək və demokratiya adına nəsə bir iş görmək arzusu niyyət olaraq heç də pis deyil. Amma “iş görmək” məsələsini qəlizləşdirən, daha doğrusu, mümkünsüz edən iki ciddi məqam var:

- Birincisi, müxalifətçilərə mandat verilmiş əvvəlki illərin bir bəndlik belə irəliləməyə gətirib çıxarmamış təcrübələrinə əsasən və hakimiyyət həmin illərdəkindən heç bir bənd üzrə də müsbətə doğru dəyişmədiyinə görə 9 fevral seçkilərindən əvvəl də tam əmin olmaq mümkünüydü ki, palamentdə nəinki 1, heç 3-5 müxalifətçi də ölkə üçün faydalı fəaliyyət göstərə bilməz (Olsa-olsa, yüksək deputat maaşı alıb şəxsi fayda götürmək olar);

- ikincisi, seçkidən əvvəl də bilinən məsələydi ki, hakimiyyətin “hə”si ilə qazanılmış (yaxşı halda) mandatı qəbul etmək: a) bütövlükdə saxta keçirilmiş seçkini qəbullanmaq, b) total qanun pozuntularının – başqalarının pozulan haqlarının “üstündən adlayıb” saxta parlamentdə oturmaq demək olacaq.

Bu iki məqamdan doğan “Sadəcə maddi faydaya görə prinsiplərdən vaz keçməlimi, keçməməlimi” sualı çox sərt səslənə bilər, amma, yuxarıda da qeyd etdiyim kimi, “islahatlar və fürsətlər” arqumentiylə seçkiyə qatılanlar reallığın fərqində olacaq qədər “oxumuş adamlar”dırlar. Ona görə də prinsiplər məsələsində güzəştə getməyi mümkün sayanlar hələ seçkidən əvvəl müxalif siyasi kimliklərindən vaz keçmiş olmalıydılar.

Təəssüf ki, biz kimlərin bu mövqeyi seçdiyini artıq bilməyəcəyik (Erkin Qədirlidən başqa) – islahat anonsunu növbəti dəfə tələyə çevirən İlham Əliyev müxalifət düşərgəsindən yalnız bir nəfəri parlamentə buraxmaqla, digərlərinin tanımasına imkan vermədi (Paradoksal görünə bilər, amma bu itki müxalifət düşərgəsinin xeyrinə çevrilər, müxalifət düşərgəsi avtorizmlə “cilvələşənlərdən” təmizlənərdi). Doğrudur, bəzilərinin seçki saxtakarlıqlarıyla bağlı bütün faktları paylaşmağa tələsməmələri, ütülü açıqlamalar və sərin etirazlarla kifayətlənməsi müəyyən təxminlər doğura bilər, amma bu, verdikt üçün yetərli deyil, çünki indi - dairələrində nəticələrin ləğv olunma ehtimalı azalandan sonra kimlərsə “nəticələrin tamının ləğvini və yeni seçki keçirilməsini” tələb edirlər (Hərçənd İlqar Məmmədov fərqli mövqedədir, “ReAL-çıların qələbələrinin tanınmadığı dairələrdə nəticələr ləğv olunub yenidən seçki keçirilərsə, iştirak barədə düşünəcəyik” deyir. Bir-birinə bu qədər zidd mövqelər ReAL-ın seçkiylə bağlı strateji vizyonunun olmadığını, taktika olaraq da “külək hansı tərəfə əsərsə” prisipinin seçdiyini düşünmək üçün ciddi əsaslar verir).

Yeri gəlmişkən, seçkidən əvvəlki dövrlə müqayisədə dəyişən mövqelərdən biri də parlamentin legitimliyi məsələsidir. Seçki öncəsi Natiq Cəfərli “ənənəvi müxalifətin” boykot taktikasının hakimiyyətə legitimlik problemi yaratmadığını vurğulayaraq boykot olunmuş 2015-ci il seçkilərindən sonra “nüfuzlu Avropa ölkələrinin liderləri ya prezidenti dəvət etdilər, ya da Bakıya səfər etdilər. Bu uğursuzluqdan sonra yenə də eyni taktikanı davam etdirmək istəyirlər” dedi, amma daha əvvəl İlqar Məmmədov bu məsələylə bağlı tamam əks mövqe bildirmişdi: “Səfərlər legitimliyin və leqallığın göstəricisi deyil axı. Onlar, sadəcə Azərbaycanı dövlət kimi tanıyırlar deyə burda kim dövlət başçısı olacaqsa, hansı partiya rəhbərlikdədirsə, onunla da görüşəcəklər” (18 sentyabr 2018). Məmmədovun legitimliklə bağlı seçkilərdən sonrakı açıqlaması isə Cəfərlinin “Boykot legitimlik problemi yaratmır” fikrinin əksi oldu: “Növbədənkənar parlament seçkilərində aktiv iştirakımız legitimliyə zərbə oldu” (16 fevral 2020, “Azadlıq” radiosu).

Bu məqam ona görə diqqət çəkir ki, seçkiyə qatılmaq məsələsində son dərəcə həvəsli və israrlı olan partiyanın öz iştirak qərarında bunlardan hasını əsas götürdüyü qaranlıq qalır – ReAL seçkiyə legitimlik problemi yaratmaq üçünmü qoşulub, yoxsa toplayacaqları saxtakarlıq faktlarının bir işə yaramayacağını bilərəkmi?

İstər iştirak, istərsə də boykot taktikasının hakimiyyətə ciddi ölçüdə legitimlik problemi yaratmadığını əvvəlki seçkilərdə də müşahidə etdiyimizə görə, “seçkiyə getmək, yoxsa getməmək” mübahisəsinin gözləntilərlə bağlı digər tezisinə nəzər salaq – müxalifətin seçkilərə qatılıb saxtakarlıqları ifşa etməsi hakimiyyətə böyük problemlər yaradır, boykot variantında isə “...hakimiyyət öz planlarını daha rahatlıqla həyata keçirir” (İ.Məmmədov, 7 sentyabr 2019, “Azadlıq” radiosu).

Xatırlayaq: müxalifətin iştirak etdiyi seçkilərlə bağlı saxtakarlıq faktları hakimiyyətin parlamenti hazır siyahı üzrə formalaşdırmaq planına mane olubmu? Yox. Heç bu seçkidə də olmadı.

İkincisi: “ənənəvi müxalifətin” qatılmadığı 2015 seçkilərində də çox sayda müşahidəçi vardı və çoxsaylı saxtakarlıq faktları qeydə alınmışdı. Bunu da xatırlayaq.

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri, o dövrdə MSK üzvü olmuş Akif Qurbanovun 2015-ci il seçkiləriylə bağlı xüsusi rəyindən:

“MSK-nın rəsmi məlumatına görə, onun tərəfindən ölkə üzrə 2619 yerli müşahidәçi və DSK tərәfindən 63000 müşahidəçi qeydiyyata alınıb.

  • Seçki məntəqələrinin 45,4%-də MnSK üzvü səsvermə otağının girişində seçicinin şəxsiyyətini təsdiq edən müvafiq sənədi sona qədər ciddi yoxlamayıb.
  • 46,4% seçki məntəqəsində MnSK üzvü səsvermə otağının girişində ultrabənövşəyi lampa vasitəsilə seçicinin sol əlinin baş barmağının mürəkkəblə işarələndiyini yoxlamayıb.
  • Barmağının mürəkkəblə işarələnməsini yoxlatdırmaqdan imtina edən seçicilər 29,9% seçki məntəqəsində səsvermə otağına buraxılıb.
  • 25,8% seçki məntəqəsində səs vermək üçün MSK-nın müəyyənləşdirdiyi müvafiq sənədlərdən başqa digər sənədlərlə səsvermə halı müşahidə olunub.
  • 48,5% seçki məntəqəsində seçicinin sol əlinin baş barmağının mürəkkəblə işarələnməməsi halları müşahidə olunub.
  • Barmağının mürəkkəblə işarələnməsinə razı olmayan seçicilərə səsverməyə icazə verilməsi hallarına 29,9% seçki məntəqəsində rast gəlinib.
  • 42,4% seçki məntəqəsində seçki bülleteninin nömrələnmiş yuxarı sol küncünün qabaqcadan kəsilməsi halı müşahidə olunub.
  • Seçki məntəqələrinin 42,2%-də seçicinin seçki bülleteni alması haqqında seçici siyahısında adının qarşısında imza qrafasında imza atmaması hallarına rast gəlinib.
  • 48,4% seçki məntəqəsində seçicinin seçki bülleteni alması haqqında seçici siyahısında başqasının adının qarşısında imza qrafasında imza atması hallarına rast gəlinib.
  • Seçki məntəqələrinin 48,4%-də səsvermənin gizliliyinin pozulması halı müşahidə olunub.
  • 51,5% seçki məntəqələrində başqasının əvəzinə səsvermə halı müşahidə olunub.
  • Bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin atılması halı 63,9% seçki məntəqəsində müşahidə olunub.
  • 42,2% seçki məntəqəsində seçicinin iradəsinə təsir etmə hallarına rast gəlinib.
  • 40,2% seçki məntəqəsində səsvermə kabinəsinə birdən artıq şəxsin daxil olması hallarına rast gəlinib.
  • Seçki məntəqələrinin 29,9%-də polis seçki məntəqəsindən azı 100 metr aralıda dayanmalıdır prinsipinə əməl olunmayıb.
  • 18,5% seçki məntəqəsində səsvermə otağında seçici qismində istisna olmaqla polis əməkdaşlarına rast gəlinib.
  • Səsvermə otağında MSK və ya DSK tərəfindən verilmiş müvafiq lövhəciyi olmayan şəxslərə (seçicilər istisna olmaqla) 44,3% seçki məntəqəsində rast gəlinib.

İDİ-nin müşahidəçiləri səslərin sayılması zamanı prosesin keyfiyyətinə təsir edən ciddi qanun pozuntularını qeydə alıblar. Pozuntuları aşağıdakı kimi qruplaşdırılıb:

  • 35% seçki məntəqəsində səslərin hesablanması hərəkətlərinin hamısı səsvermə otağında həyata keçirilməyib.
  • Seçki məntəqələrinin 33%-də seçki qutuları, seçici siyahıları və digər seçki materialları səslərin hesablanması başa çatanadək səsvermə otağında qalmayıb.
  • 20,6% seçki məntəqəsində səslərin sayılmasının komissiya üzvlərindən başqa hər hansı başqa şəxs tərəfindən aparılması hallarına rast gəlinib.
  • Seçki qutuları açılmazdan əvvəl MnSK üzvləri tərəfindən aşağıdakılar müəyyən edilməyib:

Seçici siyahısındakı seçicilərin sayı - 36,0% seçki məntəqəsində

Əlavə seçici siyahısında olan seçicilərin sayı - 58,8% seçki məntəqəsində

Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsilə səs vermiş seçicilərin sayı - 59,8% seçki məntəqəsində

Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi almış seçicilərin sayı -63,9% seçki məntəqəsində

Məntəqə üzrə seçicilərin ümumi sayı - 39,2% seçki məntəqəsində

DSK tərəfindən verilmiş seçki bülletenlərinin sayı - 44,5% seçki məntəqəsində

Seçki bülleteni almış seçicilərin sayı - 52,6% seçki məntəqəsində

Səsvermə otağından kənarda səs vermiş seçicilərin ərizələrinin sayı - 55,7% seçki məntəqəsində

Səsvermə otağından kənarda səs verən seçicilərə verilmiş seçki bülletenlərinin sayı - 54,6% seçki məntəqəsində

İstifadə edilməmiş seçki bülletenlərinin sayı - 44,3% seçki məntəqəsində

Korlanmış seçki bülletenlərinin sayı - 49,5% seçki məntəqəsində

  • 85,6% seçki məntəqəsində “karbonlaşmış (əsas) protokolun 1-6-cı bəndləri qutular açılmamışdan doldurulmalıdır” prinsipinə əməl olunmayıb.
  • seçki məntəqələrinin 52,6%-də qutular açılmamışdan kilidlər yoxlanmayıb və fərdi nömrələr elan olunmayıb.
  • 48,5% seçki məntəqəsində səslərin hesablanması ümumi hesablanma prosesinə yekun vurulanadək fasiləsiz aparılmalıdır prinsipi ilə aparılmayıb.
  • 18,6% seçki məntəqəsində səslərin sayılmasının səs vermə otağından kənarda baş verməsi halına rast gəlindi.
  • Seçki məntəqələrinin 55,7%-də səslərin sayılması müşahidəçilərin müşahidəsi altında baş verməyib.
  • 24,8% seçki məntəqəsind səslərin sayılması zamanı bülletenlərin qarışdırılması, dəyişdirilməsi və ya üzərinə işarə qoyulması halına rast gəlindi.
  • 74,2% seçki məntəqəsində səslərin hesablanması namizədlərin aldığı real səslərə uyğun hesablanmadı.
  • 68,0% seçki məntəqəsində karbonlaşmış protokollar səsvermə otağında tərtib olunmadı.
  • 72,1% seçki məntəqəsində protokolun təsdiq olunmuş surətini müşahidəçilərə əldə etməyə imkan yaradılmadı.
  • Seçki məntəqəsinin 33,0%-də əsas protokollar səs vermə otağında yazılmadan seçki sənədlərinin otaqdan çıxarılması halına rast gəlindi.
  • 90,8% seçki məntəqəsində protokolun imza və möhürlə təsdiq olunmuş bir nüsxəsi divardan asılmadı.
  • 15,5% seçki məntəqəsində səslərin sayılması və protokolların yazılmasına kənar şəxslərin müdaxiləsi müşahidə olundu
  • 33,0% seçki məntəqəsində MnSK sədri və komissiya üzvlərinə kənar şəxslərin göstəriş vermə halı müşahidə olundu.

Çox təəssüflə qeyd etməliyəm ki, seçkilərin nəticələrinin dairələr üzrə mübahisələndirilməsinə dair 9, 10, 11, 12, 15, 17, 18, 21, 22, 23, 30, 31, 33, 34, 35, 40, 41, 42, 43, 44, 46, 55, 59, 61, 63, 67, 68, 69, 71, 77, 79, 85, 87, 95, 96, 107, 115, 120 saylı seçki dairələri də aid olmaqla daxil olan seçki dairələr üzrə şikayətlərin böyük əksəriyyəti ətraflı, obyektif və qərəzsiz araşdırılmadan, təmin edilməmə istiqamətində qərarlar qəbul olundu. İddiaçılar həmin DSK və MnSK-lardan şikayət etsə də, MSK özü araşdırmaq əvəzinə göstərilən pozuntuların təkzib olunması istiqamətində araşdırmaları DSK-lara həvalə etdi və nəticə etibarilə yuxarı instansiya kimi öz funksiya və səlahiyyətlərinə uyğun davranmadan, DSK-ların özləri ilə bağlı iddiları təkzib edən çoxsaylı izahatlar toplamasına rəvac verdi və nəticə etibarilə iddiaçıların şikayətlərinə obyektiv baxılmadı”.

Seçki məntəqələrinin 74,2%-ində namizədlərin səslərinin düzgün hesablanmadığı bu seçkidə cəmi 1 dairənin nəticələri ləğv edilib. Amma daha əvvəlki seçkilərdə indikindən 3-4 dəfə çox ləğvetmə halları olub (1995-də 16, 2000-də 11, 2005- də 10 dairə).

Beləliklə, parlament seçkilərini boykot (2015) təcrübəsindən də göründüyü kimi, seçki saxtakarlıqları 1) müxalifətin iştirakı olmadan da qeydə alınır. Ona görə də iştirakı uğurun əsas şərti kimi qələmə vermək doğru deyil. Çünki bu, diqqəti əsas problemdən - saxtalaşdırma fürsətinin rəsmiləşdirildiyi Seçki Məcəlləsindən yayındırır və dəyişiklər uğrunda mübarizəni arxa plana keçirir.

Vədlər

Xalqın iradəsiylə seçilməyən hakimiyyət seçki kampaniyası dövründə təbliğata ehtiyac duymur, çünki o, apriori “qalibdir”. Səsverməyə gələnlərin sayından və bu adamların kimə səs vermələrindən asılı olmayaraq, qutudan həmişə onun namizədi çıxır. Referendum vasitəsilə özünə fövqəladə səlahiyyətlər “təşkil edən” Fransa prezidenti III Napoleon belə “qələbənin” formulunu 169 il əvvəl deyib: “Necə səs vermələri önəmli deyil, önəmli olan səsləri kimin saymasıdır”.

Əliyev iqtidarı bu formulu çoxdan və çox yaxşı mənimsəyib. Yəni YAP-ın seçki təbliğatı dövründə efir vaxtından imtina etməsinin səbəbi hakimiyyətdə demokratiya və sosial rifahla bağlı bəlağətli cümlələr qura bilənlərin qıtlığı deyil, sadəcə hakimiyyətin vəd verib xal qazanmağa ehtiyacı yoxdur: komissiyalardakı “torpedoların” canı sağ olsun; “düşmənləri”, onların bülletenlərini və nümayəndələrini darmadağın edirlər.

Ancaq müxalifət partiyaları üçün vədlər və onların icrası böyük ölçüdə siyasi mövcudluq məsələsidir – həm elektoratı həyəcanlandıracaq sözlər deyib onları səsverməyə gətirmək və beləliklə də, özlərinə hava-su kimi lazım olan bir uğur hekayəsi yazmalıdırlar; həm də sonradan “gopçu Pirim” vəziyyətində qalmamaq üçün absurd, fantastik vədlərdən yayınmalıdırlar.

Üstəlik, bu sadəcə partiyalara aid məsələ də deyil, çünki kampaniya dövründə cəmiyyətin diqqətini seçki institutuna yönəltmək və seçkilərə inamı bərpa etmək üçün səsləndirilən sözlər seçki günü və ondan sonra sərgilənən əməllərlə ziddiyyət təşkil edərsə - ortaya qoyulmuş iddianın real imkanlarla üst-üstə düşmədiyi bəlli olarsa, bu, topluma faydadan çox ziyan verər; dəyişiklik və qələbə vədlərinin yalan çıxması “cəmiyyətdə seçki ruhunun artmasına” yox, elektoratda yaradılmış ümidin ölməsinə, apatiyanın daha da dərinləşməsinə gətirib çıxarar; növbəti dil pəhləvanının fiaskosu Mehdinin zühuruna bel bağlayanların sayını artıra bilər.

Bu baxımdan seçkilərə qatılmış partiyaları sinifdə qalmış hesab etmək olar. Çünki onlar, xüsusilə də seçki təbliğatına hələ 2018-ci ildən başlamış REAL öz seçicilərinə imkanlarını çox-çox üstələyən vədlər verdi, ölkədəki vəziyyəti yanlış dəyərləndirib elektoratlarında əsassız ümidlər yaratdı.

Məsələn, 2018-ci ilin sentyabr ayında BBC-yə müsahibə verən İ.Məmmədov partiyanın siyasi kursu və hakimiyyət uğrunda mübarizəsi necə olacaq sualına belə cavab vermişdi:

“Seçki formasında. Dinc, sivil, mübarizə və kütləvi səfərbərlik... Seçki prossesinə, siyasi prossesə kütləvi səfərbərlik. Mən söhbətin əvvəlində də qeyd etdim ki, Azərbaycanın orta sinfinə aid, başqa təbəqələrə aid insanlarda yeni bir eneji görürəm. Onların tələbkarlığını görürəm ki, Azərbaycanda tezliklə siyasi dəyişikliklər baş verəcək. Hakimiyyətin bütövlikdə yarıtmaz siyasəti nəticəsində bu səfərbərlik öz-özlüyündə gedir. Lakin buna mütəşəkkil forma vermək, bu tələbi konseptuallaşdırmaq ona rasionallığın uyğun formalarını vermək, əlbəttə, bir müxalifət olaraq bizim vəzifəmizdir və biz bununla məşğuluq”.

Amma səsvermədə 13%-lik seçici fəallığı “öz-özünə gedən səfərbərlik” qənaətinin yanlış olduğunu üzə çıxardı, ReAL-ın bu işlə, yumşaq desək, ciddi məşğul olmadığını göstərdi.

"Biz xalqı inandıracağıq ki, bu seçki vacibdir və səsləri kimin sayması önəmli deyil. Lazım olarsa biz çıxıb səslərimizi meydanlarda qoruyacağıq" – bunu isə İ.Məmmədov bir il sonra deyib (28 noyabr 2019, BBC).

Onda növbədənkənar parlament seçkilərini "tarixi məqam" kimi qiymətləndirən Məmmədov “səsləri meydanda qorumaq” vədinə əməl edə bilmədi. 2 ay 10 gün əvvəl meydan mübarizəsi barədə danışan ReAL sədri seçki günündə kütləvi aksiya mövzusunu tərəddüdlə - ehtimallardan biri olaraq gündəmə gətirdi, statusunun sonuna yazdığı “Seçkiyə çox adam gəlmədisə, mitinqə daha çox gələr?” sualında əvvəlki əminliyindən əsər-əlamət yoxuydu.

Halbuki yanvarın 15-də “Amerikanın səsi”nə verdiyi müsahibədə siyasi fəallığa partiyaların da cavabdeh olduğunu bildirmişdi:

“Yəni siyasi prosesin bütün iştirakçıları seçki prosesində iştirak etməyəndə ölkədə mühit yaradırlar və yaxid yaratmırlar? Biz artıq öz tərəfimizdən bu mühitin yaradılması üçün bacardığımızı edirik. Çalışırıq söz azadlığının, siyasi fəallığın və iştirakçılığın sərhədlərini genişləndirək. Bu, bizim məsuliyyətdir. İndiyə qədər belə bir mövqe populyar olub ki, seçki mühiti ancaq hakimiyyətin məsuliyyətidir. Elə deyil. Müxalifət öz payına olan vəzifələri yerinə yetirməlidir və seçki, konstitusion proses, konstitusion bir mərhələ bunun üçün ən gözəl hüquqi fürsətdir”.

Seçkidən cəmi 21 gün əvvəl seçki mühiti yaratmağın, seçici fəallığının və seçkidə iştirakçılığın məsuliyyətini ReAL-ın (demək ki, həm də özünün) üzərinə götürən Məmmədov 9 fevralda və elə sonrakı günlərdə də çaşğın və qərarsız mövqe sərgiləməyə başladı.

“..bir nömrəli, ən vacib məqsədimiz seçkilərdə iştirak etmək, mübarizəni axıradək aparmaq və qalib gəlməkdir” (15 yanvar 2020, “Amerikanın səsi”) deyən siyasi lider meydana (16 fevral aksiyasına) çıxa bilmədi. Doğrudur, çıxmağa cəhd etdi, İlham Əliyevin adamları da tutub qoymadılar, amma hələ ötən ilin avqust ayının 30-da öz feysbuk səhifəsində boykot tərəfdarlarını şiddətlə qınayaraq “Seçkiyə gedib hamını dinc və qanuni kütləvi dirəniş faktı qarşısında qoymaq lazımdır" deyə uğurun tərifini yazan, son dərəcə ciddi müqavimət əzmi nümayiş etdirən Məmmədov iddiasına adekvat davrana bilmək üçün Milli Şuranın 19 oktyabr aksiyasında baş verənlərdən (AXCP sədri Əli Kərimlini evinin yaxınlığında həbs etmişdilər) dərs çıxarmış olmalıydı.

İctimai sferada müsbət dəyişiklik adına baş verənlərin çoxunu ReAL-ın mövcudluğuyla əlaqələndirən; seçkinin tarixindən tutmuş, YAP-ın namizəd siyahısının açıqlanma tarixinə qədər bütün detalları İlham Əliyevin onu zərərəsizləşdirmək planı kimi qiymətləndirən, hətta mitinq anonslu müsahibəsinin mətbuatda yayımlanma saatında belə özünə qarşı təxribat əlamətləri axtaran (başqa sözlə, siyasi eqosentrikliyin kitabını yazmış) İlqar Məmmədov aksiya günü hadisələrin mərkəzində ola bilmək adına niyə həbsdən yayınmaq üçün plan hazırlamamışdı?

Bu sualın iki cavabı var və heç biri də onun xeyrinə deyil: 1) bacarmayıb, 2) istəməyib.

Burda iki pisdən daha az pisi birinci variantdır, çünki verilən vədləri havaya uçuran səhvlərə görə niyyətin dürüstlüyünə şübhə yaranmaz - səhvdən nəticə çıxarıb növbəti dəfə daha tədbirli davranmaq (kooordinasiya məsələsinin müzakirəsini aksiyadan 3 saat əvvələ saxlamamaq, aksiya günü ofisə gəlməmək və s.) olar. İkincisinin, yəni meydanda olmaq istəməməninsə demokratiya uğrunda mübarizəyə dəxli yoxdur.

Eyni sözləri Müsavat Partiyasına da aid etmək olar – təşkilatın seçkilərə həm də azad toplaşmaq azadlığı uğrunda qatıldığını deyən Arif Hacılı 16 fevralda MSK-nın qarşısında olmalıydı.

Müsavatın o günə qədərki fəaliyyətinə gəlincə.

ReAL-la müqayisədə bu təşkilatın vədləri nisbətən ölçülü oldu.

Yəni səsverməyə sayılı günlər qala boykot etdiyi 2015 seçkilərində insan resursu problemi yaşayan, bu problemi hələ də həll etməmiş olan Müsavat daha praqmatik davrandı.

Məsələn, seçkilərə qatılmaq qərarının qəbul edildiyi gün verdiyi müsahibədə (7 dekabr 2019, “Meydan TV”) Hacılı seçkilərin demokratik keçiriləcəyinə ümid etmədiyini bildirdi, “Daha ciddi nəticələr üçün iştirak və ya boykot qərarının yekdil olmasını istərdim” dedi. Amma ardınca “Seçkilərdə iştirak Azərbaycan xalqının mənafeyinə uyğundur” deməsi xalqın mənafeyə uyğun gəlməyən yekdil boykotu niyə arzulamasıyla bağlı sual yaratdı.

Partiyanın seçkidə iştirakdan gözləntiləri barədə də Hacılı xeyli səmimi danışdı: “Məqsəd heç də hakimiyyətin parlamentdə çoxluq təşkil etməsinin qarşısını almaq uğrunda mübarizə aparmaq deyil, belə imkanlar mövcud deyil. Çünki komissiyalar seçkini tam şəkildə saxtalaşdırmaq üçün formalaşdırılmış, bu sahədə təcrübə toplamış komissiyalardır. Ölkədə bərabər siyasi rəqabət şəraiti, plüralizm şəraiti yoxdur, mövcud qanunvericilik və üç həftəlik təbliğat kampaniyası müxalifətin parlamentdə çoxluq təşkil etməsinə imkan vermir. Seçkilər hakimiyyətin tam nəzarətindədir”.

Öz gücünü real qiymətləndirmək baxımından bu, heç şübhəsiz, təqdirəlayiq haldır və sonrakı fikirlərində də Hacılı bu xətdən çıxmamağa çalışdı:

“Biz istəyirik ki, ölkədə tam avtoritar rejim yaradılması, onun möhkəmləndirilməsi, cəmiyyətin müqavimət gücünün tam aradan qaldırılması istiqamətində hakimiyyətin apardığı işi dayandıraq. Azərbaycanda sərbəst toplaşmaq, söz və ifadə azadlığnın təmin etmək, cəmiyyətin seçkilərə ümidinin tamamilə qırılıb bitməsi istiqamətində hakimiyyətin apardığı siyasəti dayandırmaq, heç olmasa, bu siyasətə mane olmaq fikrimiz var. Bunun üçün seçki kampaniyasının verdiyi imkanlardan istifadə etmək niyyətindəyik. Biz ümid edirik, çalışacağıq, səy göstərəcəyik ki, seçki kampaniyası dövründə bu vəziyyəti ya tam şəkildə, ya da müəyyən qədər cəmiyyətin və müxalifətin xeyrinə dəyişək”.

Ancaq seçki kampaniyası dövründəki fəaliyyətinə görə Müsavat ReAL-dan xeyli zəif performans göstərdi. Əslində, buna fəaliyyətsizlik demək daha doğru olardı. Təşkilatın rəhbər postlardakı namizədləri də daxil, müsavatçılar çox sönük kampaniya apardılar, azsaylı seçicilərlə seyrək görüşlərə seçicilərdən çox müsavatçıların gəlməsi müşahidə olundu. Partiyanın 10-a yaxın namizədi ümumiyyətlə təbliğat aparmadı (statiska DTİ-nin hesabatındandır).

Yəni Müsavat Partiyası A.Hacılının heç təmkinli vədləri qədər də fəaliyyət göstərmədi – “cəmiyyətin seçkilərə ümidinin tamamilə qırılıb bitməsi istiqamətində hakimiyyətin apardığı siyasəti dayandırmaq, heç olmasa, bu siyasətə mane olmaq” üçün səy göstərmədi; xalqın mənafeyinə uyğun bildiyi seçki iştirakçılığının minimum səviyyəsini nümayiş etdirməklə, “seçki kampaniyası dövründə bu vəziyyəti ya tam şəkildə, ya da müəyyən qədər cəmiyyətin və müxalifətin xeyrinə dəyişmək” vədini boşa çıxardı, partiyaya ümidlərin daha da azalmasına şərait yaratdı.

Namizədlərin seçimi məsələsi də Hacılının vədlərinə adekvat deyildi. Seçkilərdə iştirak üçün 80 dairədən 84 müsavatçı namizədliyini irəli sürdü, 64 nəfər qeydə alındı, 1 nəfər alınmadı, 1 nəfərin ərizəsi qəbul olunmadı (şərti cəzaya görə),1 nəfər imza vərəqlərini götürmədi, 10 nəfər ərizə verdi, amma vərəqləri geri qaytarmadı, 5 nəfər ümumiyyətlə ərizə vermədi, 2 nəfər qeydə alınandan sonra namizədlikdən imtina etdi.

64 nəfər qeydə alınanın ancaq 26-sının (41%) namizədliyi partiya tərəfindən irəli sürüldüyü məlum oldu. Təşkilatın rəhbər orqanlarında təmsil olunan şəxslər, tanınmış üzvlər və hətta İsa Qəmbər də seçkiyə öz təşəbbüsüylə qatıldı. Belə taktikanı zəruri edən səbəblərin açıqlanmaması bir yana, bu seçimlə partiya özünü efir vaxtından məhrum etmiş oldu. Axı, Seçki Məcəlləsinin 80.1-ci maddəsi birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaya pulsuz efir vaxtı hüququ verir. Əvvəlki illərdə bununla bağlı İTV-yə müraciət edən və tələbi təmin olunmadığı üçün kanalı məhkəməyə vermək istəyən Müsavatın parlament seçkilərində televiziyaya çıxış fürsətindən yararlanmaq istəməməsi, yumşaq desək, doğru seçim deyil.

Nəticələr

Seçkidən əvvəl:

“İnsanlar dəyişiklik tələb edirlər. Bunu tələb edən insanlar artıq başqa təbəqəyə aiddir. Əvvəl bəlkə başqa növ insanlar hansısa dəyişiklik istəyirdisə, indi başqa keyfiyyətdə olan insanlar dəyişiklik tələb edirlər. Vəziyyət dəyişir” – İ.Məmmədov (19 sentyabr 2018, BBC).

Seçkidən sonra:

Dəyişiklik tələb(!) edən “başqa keyfiyyətdə” (tərcüməsi - “qaragüruh olmayan” ) adamlar seçki günü yığışıb bircə namizədə belə (məsələn, REAL-ın gecə 1-ə kimi məntəqənin daxilində aksiya keçirən namizədi Fərhad Mehdiyevə) dəstək vermədilər. Halbuki bu da dinc aksiyadır və Məmmədov saxtakarlıqlara etiraz üçün “fərqli üsullarla” xalqı məntəqələrin önünə toplayacağını vəd etmişdi.

Seçkidən əvvəl:

“Bizim öz gözləntilərimiz var. Seçki kampaniyasını elə bir şəkildə təşkil edəcəyik ki, ən yaxşı proqnozlarımız gerçəkləşsin və Azərbaycan xalqını Milli Məclisdə layiqincə təmsil edə bilək” – İ.Məmmədov (4 dekabr 2019-cu il, “Ayna”).

Seçkidən sonra:

“Elə bir şəkildə” təşkil olunan seçki kampaniyalarına rəğmən səsverməyə seçicilərin ancaq 13-15%-i qatıldı, ən yaxşı proqnozlar gerçəkləşə bilmədi.

Seçkidən əvvəl:

“ReAL olaraq hesab edirik ki, hətta bu pis qanunvericiliklə belə Azərbaycanda o qanunlar icra olunarsa belə, tam mənada və xoş niyyətlə, prinsip etibarı ilə düzgün seçkilər keçirmək mümkündür” – İ.Məmmədov (19 sentyabr 2018, BBC).

“Seçkilərə siyasi münasibət verilməlidir. Yəni ilk növbədə prosedur yox, siyasətlə məşğul olmalısınız. Siyasi səfərbərliyi lazımi səviyyədə həyata keçirə bilsək, prosedurların əhəmiyyəti arxa plana keçəcək və üstəlik bu prosedurlar Azərbaycan xalqının siyasi iradəsinə tabe olacaq” - İ.Məmmədov (4 dekabr 2019, “Ayna”).

Seçkidən sonra:

16 fevral mitinqinin qətnaməsindən: “Seçki məcəlləsinə müxalifətin, AŞ-nin və ATƏT-in təkliflərinə əsasən dyişikliklər edilməsini tələb edirik”.

Seçkidən əvvəl:

“İstənilən halda aksiya baş tutmalıdır. Əgər bizim azad toplaşmaq haqlarımız pozulacaqsa, Konstitusiya haqqımıza istinad edəcəyik. Başqa bölgələridə haqları pozulanlar da meydanlara çıxıb etirazlarını etsinlər, mən onları etiraza səsləyirəm” – İ.Məmmədov (10 fevral 2020, “Meydan TV”).

Seçkidən sonra:

“ReAL Azərbaycanın hər hansı başqa yerində kütləvi aksiya təşkil etməyəcək. Belə aksiyaları Bakıdan kənarda kimsə təşkil edərsə və hətta bizim üzvlər o aksiyada fərdi qaydada iştirak edərsə, ReAL o aksiyaların təşkilatçısı deyil. Üzvlərimizə bu yöndə heç bir tapşırıq verməmişik və verməyəcəyik” - İ.Məmmədov (13 fevral 2020, “Feysbuk” statusu).

Seçkidən əvvəl:

“Biz xalqı inandıracağıq ki, bu seçki vacibdir və səsləri kimin sayması önəmli deyil. Lazım olarsa biz çıxıb səslərimizi meydanlarda qoruyacağıq” – İ.Məmmədov (7 dekabr 2019, brifinq)

Seçkidən sonra:

“Şəxsən özümə gəldikdə, haqqı pozulmuş namizədlərin, müşahidəçilərin və seçicilərin ölkənin başqa-başqa yerlərində dinc, demokratik və konstitusion kütləvi aksiyalar keçirməsini təqdir edirəm. Lakin nə özüm belə aksiyaların məsuliyyətini öz üzərimə götürə bilərəm, nə də REAL bunu edə bilər. Belə aksiyaların məsuliyyəti ancaq təşkilatçıların üzərindədir” – İ.Məmmədov (13 fevral 2020, “Facebook” statusu).

Və gənclər

Bir neçə dəfə “Facebook”da yazmışam, burda da təkrarlayım - seçkiyə sadəcə gənclərin qatılmasını doğru sayırdım, çünki bu onlar üçün 1) təcrübə toplamaq, 2) özlərini cəmiyyətə tanıtmaq, 3) siyasi proseslərin iştirakçısına çevrilmək fürsətidir. Cəmiyyət üçünsə gənclərin nə vədləri, nə də məğlubiyyətləri təhlükəlidir – birincisinə çox inanmaz, ikincisinə çox kədərlənməzlər, çünki heç birindən əlahiddə gözləntiləri yoxdur, heç birini Xilaskar və ya “27 ildir heç nə bacarmayan fərsiz müxalifətçi” hesab etmirlər. Gənclər seçicilərin nə ümid yeri, nə də qəzəb ünvanıdırlar. Onların İlham Əliyevə uduzmaları, rejimin qarşısında zəif və çarəsiz görünmələri, seçki saxtakarlıqlarına qarşı zindana qədər mübarizə vəd edib meydana qədər gələ bilməmələri o məşhur gözəgörünməzi - ümummilli seçki ruhunu öldürməz.

Bu çox sadə səbəblərə görə müxalifət partiyaları gənclərin seçkiyə qatılmalarını təşviq etməli və bütün resurslarını onlara dəstəyə yönəltməliydilər. Bununla həm siyasətdə yeni nəslin yetişməsinə töhfə vermiş olardılar, həm 80.1-lə bağlı Məzahir Pənahov kimi tipajın ironiyasına tuş gəlməzdilər, həm də “mənlikdir-mənlik deyil” kimi karikatur durumlara düşmək məcburiyyətində qalmazdılar.

Hərçənd proseslərin gedişi göstərdi ki, siyasi proseslərə yeni qoşulan gənclər (elə o qədər gənc olmayanlar da) partiyalardan dəstək almadan da yaxşı seçki performansı göstərə bilirlər, hətta neçə ilin siyasətçilərindən daha yaxşı, daha ardıcıl, daha prinsipial şəkildə.

Biabırçı şəkildə saxtalaşdırılmış 9 fevral növbədənkənar parlament seçkilərinin Azərbaycana faydası da oldu - siyasət meydanına savadlı, enerjili, əzmli gənclər gəldi. Yolları açıq olsun.

P.S. Məqaləni Əliyev avtoritarizminə qarşı mübarizə aparan gəncliyə ithaf edirəm.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/h1ai24

Ən çox baxılan