Mənbə: Meydan tv

Sarıtala bələdiyyəsindəki 7 kəndin çeşidli qayğıları...

Məqalə yeniləndi:  25 Mart 2020

“Kəndlərdə qaz yoxdur, yol təmiri yarımçıq qalıb, külək əsəndə işıqlar sönür, örüşlərimizdə başqalarının heyvanları otlayır, heyvandarlıqla məşğul ola bilmirik, işsizlikdən isə danışmağa dəymir, çoxu ailəsini valideynlərinin pensiyası ilə dolandırır”.

Tovuzun Çobansıxnaq kənd sakini belə deyir. Çobansıxnaq Tovuzun Sarıtala Bələdiyyəsinə daxil olan yeddi kənddən biridir. Kəndin sakinləri sosial problemlərdən əziyyət çəkir. Bələdiyyəyə daxil olan digər dağıətəyi kəndlərdə - Sarıtala, Yoğunbulaq, Qaraboyunlar, Nəmxoş, Dondar, Səflərdə də əsas şikayət yoldan, işıqdan, qazdan, işsizlikdəndir. Sarıtala Bələdiyyəsinə daxil olan kəndlərdə ümumilikdə 3 min nəfər sakin var.

Sarıtaladakı xəstəxananın giriş qapısı

Sarıtaladakı xəstəxananın giriş qapısı

Mənbə: Meydan.TV

Yol tikintisi yarımçıq qalıb

Kənd sakinləri danışır ki, ötən il dağətəyi kəndlərə yol çəkilişləri ilə bağlı xəbəri alanda seviniblər. Ancaq payızqabağı yolçəkənlər işlərini Köçdərə ərazisində yarımçıq qoyaraq gediblər:

“Köçdərəyə qədər yolu çəkib gətirdilər, orda işləri dayandırdılar. Çəkdikləri asfalt 5 sm qalınlığındadır. Halbuki, yolların çəkilişinə görə büdcədən milyonlarla manat ayrılmışdı“.

Sarıtalada kənd yolları

Sarıtalada kənd yolları

Mənbə: Meydan.TV

Bundan başqa, ötən il Yoğunbulaq kəndinin sakinlərinə bildirilib ki, iki kəndi birləşdirəcək dairəvi yol tikiləcək. Adamlar da layihəyə düşən yolun kənarındakı şəxsi torpaqlarının çəpərlərini sökərək geri çəkiblər. Lakin bu yolda da işlər yarımçıq qalıb.

“Yolu yarıya qədər işlədilər, o da yarımçıq qaldı. İndi yağış yağanda yol o başdan bu başa qədər bataqlığa çevrilir, nə maşınlar hərəkət edə bilir, nə piyadalar. Ancaq deyilənə görə, Prezidentə məruzə olunub ki, bu yollarda təmir işləri bitib və çoxdan əhalinin istifadəsi verilib. Biz də burdan səslənərək bildiririk ki, cənab Prezident, sizi aldadıblar. Yolları daha da bərbad hala salıb, əhalinin işini beşqat çətinləşdiriblər”, - kənd sakini deyir.

Sarıtaladakı xəstəxananın palatası

Sarıtaladakı xəstəxananın palatası

Mənbə: Meydan.TV

Qaz yox, odun baha...

Bu kəndlərdə mavi yanacaq yoxdur: “Bu kəndlərdə 5 il qaz yanıb, sonra gəlib qaz xətlərinin yenilənəcəyini dedilər, qazın verilişi dayandırıldı, sonra da qaz xətlərini söküb apardılar. O gün – bu gün, yeni qaz xətti çəkilmədi, eşitdik ki, doğrayıb apardıqlarını da satıblar”.

Əhali odundan istifadə edir. Odunun kubunu isə 40 manata alırlar. Bir qışı yola vermək üçün hər ailəyə oduna görə azı 500-600 manat lazımdır. Əksər ailələrin heç bir yerdən gəlirləri yoxdur deyə, odun ala bilmirlər, nəticədə dağətəyi kəndlərdə evləri qızdıra bilmirlər, soyuqda yaşayırlar.

Sarıtaladakı xəstəxananın dəhlizi

Sarıtaladakı xəstəxananın dəhlizi

Mənbə: Meydan.TV

Külək əsəndə işıq sönür

Kəndlərdəki işıq xətləri 1974-cü ildə çəkilib, indi çürüyüb. Bu üzdən də azca külək əsən kimi naqillər qırılır, kəndlər zülmətə bürünür. Buna baxmayaraq, əhalidən hər ay işıqpulu tələb olunur. Adını açıqlamaq istəməyən kənd sakini deyir

“Bizdə olan məlumata görə, Prezidenti aldadıblar ki, guya bizim kəndlərdə kabelləşmə işləri aparılıb. Prezident buyurub kəndlərimizə baş çəkə bilər, biz ona çürümüş kabelləri, azca külək əsən kimi böyrü üstə düşən köhnə taxta dirəkləri göstərərik. Qışboyu ayın yarısından çoxu işıq olmur, ancaq işıqpulu yığmaq vaxtı çatanda qapılarımıza çökürlər, işıqpulu tələb edirlər”.

Sarıtalanın mədəniyyət evi

Sarıtalanın mədəniyyət evi

Mənbə: Meydan.TV

Örüş sahələrinə yaxın düşə bilmirlər

Sarıtalada əhalinin əsas məşğuliyyəti heyvandarlıq olsa da, çoxdandır ki, bu məşğuliyyətə əngəllər var. Kəndlilər deyir, örüş yerləri kənardan gələn fermerlərə icarəyə verildiyindən, yerli sakinlər örüş sahələrinə yaxın düşə bilmirlər. Ancaq sözü bir yerə qoyublar ki, örüş mövsümü başlayanda birlik göstərib örüş sahələrinə kənardan heyvan buraxmayacaqlar.

Sarıtalada kənd yolları

Sarıtalada kənd yolları

Mənbə: Meydan.TV

Xəstəxana istifadəyə yararsızdır

Sarıtala Bələdiyyəsinə daxil olan kəndlərin ümumilikdə iki tibb məntəqəsi, bir xəstəxanası var. Ancaq nə tibb məntəqələri, nə də xəstəxana faktiki fəaliyyət göstərmir:

“Nə tibb məntəqələri işləyir, nə xəstəxana... Kağız üzərində guya hamısı fəaliyyət göstərir, hətta işçiləri də var, hər ay evlərində oturub maaşlarını alırlar. Tibb məntəqələri də, xəstəxana da bərbad vəziyyətdədir. O xəstəxanaya sağlam girən xəstəliyə yoluxub çıxar... Qapıları gecə-gündüz açıqdır, içərisində nə xəstə var, nə həkim... Baş həkimə nə vaxt zəng vursan, deyir, kənardayam, gələ bilmirəm. Xəstəxananın azı 25 işçisi var, hansı ki, hər ay maaş alır, ancaq kəndlərdə birinin vəziyyəti ağırlaşanda böyük çətinliklə dağdan aşağı düşürüb rayon mərkəzinə aparmalı oluruq. Təcili yardım yolları bəhanə edib gəlmir. Uşaq evdə doğulur, ölür. Adamların harayına həkim çatmır, həyatlarını itirirlər. Son bir ayda tibbi yardım ala bilməyən 6-7 sakin dünyasını dəyişib”.

Gənc nəsil pensiyaçılara həsəd aparır

Bu kəndlərdə gənc və orta nəsil az qala pensiyaçılara həsəd aparır. Çünki kəndlərdə aylıq stabil gəliri olan elə pensiyaçılardır. Yaşlı nəsil hər ay “sehrli kartdan” çıxardığı pensiyayla az qala bir neçə ailənin maddi tələbatını ödəyir. Kənd sakini Ağamir Məmmədov da 95 yaşlı anasının pensiyasıyla dolanır:

“Utana-utana, qızara-qızara ailəmi anamın pensiyasıyla dolandırıram. 55 yaşım var, qalmışam dağın başında, iş yox, güc yox... Anam 200 manat pensiya alırdı, yanvardan artıb, 230 manat olub. O pensiyayla bilmirəm 4 nəfərdən ibarət ailəmi dolandırım, anamın dərmanlarını, odun alım, yoxsa işıqpulu verim... Bütün kəndlərdə durum belədir. Yalnız pensiyaçılar arxayındır ki, filan tarixdə pensiyam kartıma köçəcək, gedib çıxarıb, dolanacam. Həmin pensiyaçıların ailələri də gözlərini o pensiyaya dikirlər”.

Kəndlərdə ciddi su problemi də var. Sakinlərin deməsinə görə, yuxarı kəndlər içməli suyu dağdan gələn bulaqlardan götürür. Lakin yuxarı kəndlərdən keçib aşağı kəndlərə axan çaylar çirkləndirilir. Bu üzdən də aşağı kəndlərdə su problemi yaşanır.

Çobansixnaq kəndi

Çobansixnaq kəndi

Mənbə: Meydan.TV

Yolların təmirinə iki dəfə pul ayrılıb

Tovuz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Sarıtala Bələdiyyəsinə daxil olan kəndlərin qazlaşdırılması 2023-cü ilədək həllini tapacaq. Yollara gəlincə, bir neçə ay əvvəl hava şəraitinin pisləşməsinə görə yol tikintisi yarımçıq qalıb. Bu ilin may ayından işlər davam etdiriləcək. İcra hakimiyyətindən yol tikintisi başa çatdıqdan sonra digər sosial problemlərin də həll olunacağı bildirilib.

Ötən ilin fevralında İlham Əliyev dövlət büdcəsindən Tovuzun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı növbəti dəfə Sərəncam imzalayıb. Bununla da həmin yolun tikintisinə Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon 300 min manat ayrılıb.

2016-cı ilin fevralında eyni yolun tikintisinə görə dövlət büdcəsindən 4 milyon manat ayrılmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  25 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3134ge

Ən çox baxılan