Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

Revanşistlər, niyə alınmadı?

Ermənistanda qalib gələn qorxu haqqında

“Ermənistanda revanşistlər” məsələsi Azərbaycanla müharibə bitər-bitməz gündəmə gəlib. Onlar kimlərdir, nə istəyirlər? Müharibəmi? Hakmiyyətmi? Hakimiyyət uğrunda müharibəmi? Yoxsa, müharibə üçün hakimiyyət? Hazırda bu suallar çox önəmlidir. Onlar haqqında ilk siqnalı Azərbaycan mediasının müstəqil qələmləri, vətəndaş cəmiyyəti fəalları, siyasi müxalifət təmsilçiləri verdilər. Sonra dövlət başçısı səviyyəsində revanşistlərdən bəhs edildi.

Onlar kimlərdir?

Söz yox ki, 44 günlük müharibə zamanı Azərbaycan cəmiyyətinin göstərdiyi monolitliyi Ermənistan nümayiş etdirə bilmədi. Ermənistan siyasi müxalifətinin əsas liderləri həm də keçmiş hərbçilər olduqları üçün məsələyə fərqli boyutlardan baxırdılar. Onlar düşünürdülər ki, müharibənin gedişində Paşinyanı zəiflədib devirəcəklər, daha sonra Rusiyanın dəstəyi ilə hərbi uğur əldə edib, əzilmiş və onlardan üz döndərmiş erməni xalqı üzərində daimi hakimiyyət quracaqlar. Bu plan alınmadı. Onlar – Robert Köçəryan, Serj Sarkisyan, Qaqik Tsarukyan keçmiş Baş nazir və müdafiə naziri olmuş Vazgen Manukyanın Baş nazirliyə vahid namizədliyini qəbul etdilər. Qəbul etdilər, amma onun ətrafında xalq etirazlarını təşkil edə bilmədilər. Çünki müharibə revanşından, yeni savaşdan və qələbələrdən danışırdılar. Onlar sağ qalmaq üçün çalışan və itirmədiyi qolu naminə itirdiyi qolunu unutmağa çalışan erməni xalqına müharibə vəd edirdilər- onlar revanşistlərdir. Azərbaycanı məhz onlar hədələyirdilər. Daha doğrusu, Rusiya Ermənistanda onların dili ilə danışır.

Onlar nə istəyirlər?

Onları başa düşmək elə də çətin deyil. Sadəcə, bir qədər təmkinli yanaşma bəs edir. Onlar müharibə vəd edirlər. Əvəzində isə hakimiyyət istəyirlər. 25 fevralda Paşinyanı devirməyə edilən cəhd bütün bu prosesin siyasi baxımdan legitim olmadığını sübut etməklə qalmadı. Həm də istinad edilən hərbi qüvvələrin belə bu dəstəyə bel bağlamadığını ortaya qoydu. Çünki onlar hakimiyyəti müharibə etmək üçün istəmirlər. Məhz hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq üçün müharibə istəyirlər. Xoşbəxtlikdən beyinlərindəki güncəlləmə sistemi təbii tıxanıqlığa uğradığı üçün bu niyyətlərini ört-basdır edə də bilmirlər. Məsələn, Ermənistan ordusunun orta və aşağı zabit heyəti Sarkisyanı və Köçəryanı niyə dəstəkləməlidir? Yarısı qırılmış ordunu tamam məhv etmələri üçünmü? Ya da başqa tərəfdən yanaşaq, hakmiyyəti ələ alıb, Moskvanın xoşuna gəlmək naminə ordunun qalan hissəsini də, hətta Ermənistanın rəsmən tanımadığı “Arsak”da qırğına vermək üçünmü? Bu savaşların onlara bir gələcək vəd etmədiyini Ermənistanda hər kəsin bildiyi halda, revanşistlərin ictimai dəstəkdən məhrum olmaları bir aksiomadır. Məhz buna görə də hərbi qiyama cəhd etmək labüdləşmişdi. Ancaq yuxarıda saydığımız səbəblərdən bu qiyamın silahlı qüvvələrin bütün kontingenti arasında dəstəklənməsi mümkün görünmür. Nəhayətdə ordu bütünlükdə bu hərbi çevrilişi dəstəkləsə, qarşılığında başqa ölkələrdə olduğu kimi siyasi hakimiyyət deyil, ölüm qazanacaqsa, o zaman onu niyə dəstəkləsin? Müxtəsər, 25 fevralda çevrilişin baş tutmamasında əsas amil Paşinyanın siyasi xarizması deyil, korrupsiya və ölüm qorxusunun Ermənistanda ciddi siyasi faktora çevrilməsi oldu desək, çox da mübaliğə etmiş olmarıq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wikilt

Ən çox baxılan