Rauf Mirqədirov: İlham Əliyev həqiqəti demir, status məsələsi gündəmdən çıxarılmayıb

“Əslində, üçtərəfli bəyanatda qeyd olunmalıydı ki, həmin hərbi qüvvələr tərki-silah edilməlidir”

Source: Meydan TV


Tofiq Zülfüqarov: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidirsə, orda Azərbaycanın qanunları işləməlidir”

Prezident İlham Əliyev əvvəlki müsahibələrində və çıxışlarında Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız mədəni muxtariyyat verəcəyini bildirmişdi. Hətta “gorbagor oldu status” deyə daha sərt ifadə də işlətmişdi. Ancaq son vaxtlar Rusiyanın rəsmi və qeyri-rəsmi dairələrindən statusun olacağı haqda eyhamlar səsləndirilir.

Konkret olaraq, Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko: “Status çox həssas məsələdir”, – deyə

söyləyib

.

A.Rudenko daha sonra bildirib: “Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”.

Bundan əlavə Ermənistan müdafiə naziri Vaqarşak Arutunyanın ötən həftəsonu “Ermənistan qoşunlarını Dağlıq Qarabağdan çıxarmayacaq” açıqlaması Azərbaycanda çoxsaylı suallar doğurub.

Azərbaycan rəsmi dairələri Rusiya tərəfdən status və Ermənistanın qoşunlarını ərazidən çıxarmayacağı haqda bəyanatına isə hələ ki reaksiya verməyiblər.

Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyilənlərə şərh verməzdən əvvəl xatırladıb ki, status sözünün mənası vəziyyət deməkdir: “Onsuz da gələcəkdə vəziyyətin parametrləri Azərbaycan tərəfindən bəyan olunub. Cənab Prezident deyib ki, Azərbaycan vətəndaşları hansı hüquqa malikdilərsə, Qarabağda vətəndaşlığımızı qəbul edənlər də həmin hüquqlara malik olacaqlar. Rusiyaya gəlincə, qonşu ölkənin dövlət başçısı dedi ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın tərkib hissəsidir. Tərkib hissəsidirsə, deməli, orda Azərbaycanın qanunları işləməlidir”.

Tofiq Zülfüqarovun sözlərinə görə, rus sülhməramlıları hansı dövr üçün təhlükəsizliyin təminatı baxımdan bölgədə mövcuddurlar: “Onların bölgədə müvəqqəti olması faydalıdır, çünki ermənilər daim təxribatı əl atıb bizi ittiham edəcəkdilər”.

Tofig_Zulfugarov_cropped.png
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov Azərbaycanın suverenliyinin bərpasının addım-addım təmin oluanacağına şübhə etmir:

“Bəli, Xankəndində də, Xocalıda da, Xocavənddə də, Ağdərədə də Azərbaycan suverenliyi bərpa olunacaq. Bəzən deyirlər ki, niyə orada bayrağımız yoxdur, bayraq bir rəmzdir, amma bunun içində müxtəlif məsələlər var, hansı pullar dövriyyədə olacaq, hansı qanunlar işləyəcək və.s. Suverenlik bərpa edildikcə, Azərbaycan valyutası işləyəcək, ordakı insanların kommunal şəraitin yaxşılaşdıracağıq, əlbəttə ki, kimlər Azərbaycanın vətəndaşlığını qəbul edəcəksə. Biz Azərbaycanda yaşamaq istəyənlərlə əməkdaşlıq qurmalıyıq, bu, böyük prosesdir. Heç kəs prosesin 1 gün, yaxud 1 ay ərzində təmin olunacağını deyə bilməz. Status da məhz budur. Bunlar bizim iradəmizdən və birliyimizdən asılı olan məsələlərdir”.

Tofiq Zülfüqarov Ermənistan müdafiə naziri Vaqarşak Arutunyanın açıqlamasının 10 noyabr bəyanatına zidd olduğunu hesab edib: “Məgər onların niyyəti var ki, üçtərəfli bəyanatı pozacaqlar? Necə yəni çıxmayacaqlar? Hələ Ermənistan ordusundan sonra qeyri-qanuni hərbi birləşmələr də çıxarılacaq. Cəfəng fikirlər söyləyirlər, ona görə xüsusi diqqət göstərmək lazım deyil. Bəs sülhməramlı qüvvələr nəyə görə gəliblər, təminatı onlar verib, Ermənistan Azərbaycan ərazisində niyə təhlükəsizlik təminatı verməlidir?!”.

Siyasi icmalçı Rauf Mirqədirov deyir ki, imzalanan bəyanatı oxuyan tərəflərin ictimaiyyəti yazılandan daha çox istədikləri nəticəni çıxarırlar:

“Yeganə sənəd üçtərəfli bəyanat hesab olunur. Düzdür, Rusiyanın Ermənistanla sülhməramlılar haqda da hansısa sənəd imzalandığı deyilir. Amma Rusiya Azərbaycanla belə saziş imzalamayıb. Ümumiyyətlə, təəccüb doğuran məqam odur ki, Azərbaycandakı sülhməramlıların fəaliyyətin tənzimləyən sənəd nə üçün Ermənistanla imzalandı. Üçtərəfli bəyanata gəlincə, orda status haqda bir kəlmə də ifadə yoxdur. Və Azərbaycan çox səhv olaraq belə dəyərləndirdi ki, guya status Prezidentin dediyi kimi gorbagor oldu. Əslində, beynəlxaq münasibətlər üzrə mütəxəssis olduğu üçün İlham Əliyev məlumatlıdır ki, bu tip sənədlərdə hər hansı məsələyə toxunulmaması o demək deyil ki, həmin məsələ gündəmdən çıxır. Status o zaman gündəmdən çıxardı ki, münaqişənin həlliylə bağlı saziş imzalanardı. Üçtərəfli bəyanat isə münaqişənin tam həllini ehtiva edən saziş deyil. Ona görə dövlət başçısı İlham Əliyev həqiqəti demir, ona görə də həmin bəyanatdan bir neçə gün sonra Rusiya rəsmiləri məsələyə sonrakı mərhələdə baxılacağını bildirdilər. Yəni məsələ gündəlikdən çıxarılmayıb. İkinci, Azərbaycanın mövqeyi hərbi-siyasi baxımdan güclü olsa da, hüquqi baxımdan güclü deyil. Söhbət Konstitusiya normalarından gedir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul ediləndə, mən də daxil bir çox jurnalistlər, ekspertlər, siyasilər dedik ki, Naxçıvanın muxtariyyatın ləğv etmək lazımdır. Ancaq Ana Yasada yazıldı ki, Naxçıvan dövlət daxilində dövlətdir, muxtar respublikanın öz qanunları və Konstitusiyası var. Ona görə mən hüquqi baxımdan kifayət qədər zəif nöqtələrimizin olduğunu deyəndə bu məqamı nəzərdə tuturam”.

C1AB4AC1-713E-423A-A95C-8A1D56ED9751_cx0_cy5_cw0_w1200_r1_s.jpg
Rauf Mirqədirov

Rauf Mirqədirov üçtərəfli bəyanatda Ermənistan hərbi qvvələrinin ərazidən çıxarılmasına toxunulmadığını deyib:

“Bəyanatda qeyd olunub ki, Ağdamdan, Kəlbəcərdən və Laçından Ermənistan hərbi qüvvələri çıxarılacaq. Amma hara aparılacaq, o da yoxdur, yəni Ermənistan ərazisinə aparılacağı qeyd olunmayıb. Unutmayın ki, Ermənistan onları Dağlıq Qarabağın özünümüdafiə qüvvələri hesab edir. Əslində, üçtərəfli bəyanatda qeyd olunmalıydı ki, həmin hərbi qüvvələr tərki-silah edilməlidir. Sülhməramlıların funksiyası təhlükəsizlik sisteminin yaradılması olmalıdır. Dağlıq Qarabağ ərazisində yalnız yerli polis qüvvələr ola bilər. Ümumiyyətlə, 10 noyabr üçtərəfli bəyanatda çoxlu boşluqlar var. Ən ciddi məsələ Laçın dəhlizinin fəaliyyətinin tənzimlənməsidir ki, bəyanatda bu barədə heç nə yoxdur. Biz bilməliyik ki, dəhlizdən nə daşınır”.

Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başladı.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqladı.

Noyabrın 10-da isə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatı yayılıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Həmin sənədə münasibət bildirən Prezident İlham Əliyev bildirmişdi ki, burada Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət gedə bilməz. O, statusun rədd olduğunu, cəhənnəmə getdiyini bildirmişdi: “Mən Prezident olduğum müddətdə də belə bir statusun olmasından söhbət belə gedə bilməz”.

Prezident statusun olmayacağını söyləsə də, həmin ərazilərin hansı dövlətin nəzarəti altında olacağı barədə də heç nə deməyib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəSiyasətRauf Mirqədirov: İlham Əliyev həqiqəti demir, status məsələsi gündəmdən çıxarılmayıb