Quttman lənəti

Son turda “Benfika” “KUF” komandasına bacardıqca çox qol vuraraq 7:1 hesabı ilə qalib gəldi.

Foto: Meydan Tv


Növbəti Avroturnir finalını gözləmək üçün tam 15 il lazım gəldi

Futbol üzrə Portuqaliya çempionatının 1958\59-cu illər mövsümü triller janrındakı əsəri xatırlatdı. Beşinci turdan sonra liderliyi ələ keçirən "Benfika" klubu bunu sonuncudan əvvəlki, 25-ci tura kimi davam etdirdi. Həmin turda isə Lissabon derbisində "Sportinq"ə uduzdu. Onun ən yaxın izləyici "Portu" isə qələbə çalaraq, "Benfika" ilə xallarını bərabərləşdirdi, vurulan və buraxılan qolların daha yaxşı fərqinə görə isə birinci yerə qalxdı.

Son turda "Benfika" "KUF" komandasına bacardıqca çox qol vuraraq 7:1 hesabı ilə qalib gəldi. Amma "Portu" da səfərdə autsayder "Torreense" komandasını məğlub etdi: 3:0. Nəticədə portulular cəmi 1 top üstünlük (+58-ə qarşı +59) hesabına Portuqaliya çempionu oldu.

Belə acınacaqlı məğlubiyyətdən sonra "Benfika" öz məşqçisini dəyişməyi qərara aldı. Yeni məşqçi üçün çox da uzağa gedilmədi. Elə "Portu"nu çempion edən 59 yaşlı Bela Quttmana təklif göndərildi. Quttman da Portuqaliyanın ən adlı-sanlı klubunun dəvətini qəbul etməkdə tərəddüd göstərmədi.

Quttman elə ilk mövsümündə "Benfika"nı tarixinin 10-cu çempionluğuna qovuşdurdu. "Qırmızılar" çempionatın bitməsinə 1 tur qalarkən qızıl medalları təmin etdilər və tarixində ikinci dəfə Avropa Çempionlar kubokunda iştirak hüququ qazandılar.

***

O dövrə qədər beş dəfə oynanılan Çempionlar kuboku turnirlərində hər dəfə Madridin "Real" komandası qalib gəlmişdi. Amma bu dəfə onlar elə ilk mərhələdə "Barselona"ya uduzaraq mübarizədən kənarda qaldılar. Məlum oldu ki, kubokun builki sahibi başqa komanda olacaq.

"Benfika" isə turnirə təsnifat mərhələsindən başladı və burada Şotlandiyanın "Harts" klubunu çətinlik çəkmədən keçdi (2:1 və 3:0). Birinci mərhələdə rəqib Macarıstanın "Ujpest" komandası oldu. Bu komanda Quttmana yad deyildi. Özü Macarıstan yəhudisi məşqçi iki dəfə, 1938-1939 və 1946-1947 ci illərdə "Ujpest"in sükanı arxasında olmuş və hər ikisində komandaya çempionluq qazandırmışdı. "Benfika"-"Ujpest" qarşılaşması birincilərin qalibiyyəti ilə yekunlaşdı: 6:2 və 1:2.

"Qırmızılar" 1/4 və 1/2 finallarda da elə bir çətinliklə üzləşmədilər. Onlar əvvəlcə Norveçin "Orhus" (3:1 və 4:1), sonra isə Avstriyanın "Rapid" (3:0 və 1:1) klublarını asanlıqla keçdilər və finala yüksəldilər. Burada onların rəqibi güclü "Barselona" komandası idi.

Həmin final matçı barədə

"Macarların "Vankdorf lənəti

" adlı məqaləmdə bəhs etmişəm. Olduqca dramatik keçən, bəzən topun heç cür lissabonluların qapısına girmək istəmədiyi oyun "Benfika"nın 3:2 hesablı qələbəsilə yekunlaşdı və onlar "Real"dan sonra Çempionlar kubokuna yiyələnən ikinci komanda oldular.

Milli çempionat da "qırmızılar" üçün uğurlu keçdi. Onlar yenə finişə bir tur qalmış çempionluğu təmin etdilər. Payızda onları Çempionlar kubokunun yeni, 1961\62-ci illər mövsümü gözləyirdi.

***

19 yaşlı Eysebionun da çıxış etməyə başladığı "Benfika" 1/8 final mərhələsində Avstriyanın "Austriya" komandasını keçdi (1:1 və 5:1). Sonrakı 1/4 final mərhələsinin ilk oyununda isə lissabonlular səfərdə Almaniyanın "Nürnberq" klubuna 1:3 uduzaraq özlərini çətin vəziyyətə saldılar. Amma cavab oyununda rəqibi 6:0 hesabı ilə darmadağın etdilər. Yarımfinal mərhələsində İngiltərənin "Tottenhem Hotspur" klubu çətinliklə keçildi – 3:1 və 1:2. Final çıxan "qırmızılar"ı bu dəfə turnirin beşqat qalibi, qorxunc "Real" gözləyirdi.

773939_w_300.jpg
Eysebio və Bela Quttman

Amsterdamda keçirilən oyunda madridlilərin əfsanəvi hücumçusu Ferents Puşkaş komandasını üç dəfə hesabda irəli çıxardı, amma lissabonlular hər dəfə hesabı bərabərləşdirə bildilər. Hesab 3:3 olduqdan sonra isə gənc Eysebionun dublu "Benfika"ya 5:3 hesablı qələbə və dalbadal ikinci dəfə Çempionlar kubokunu qazandırdı.

Milli çempionat qırmızılar üçün elə də uğurlu olmadı, onlar "Sportinq" və "Portu"nu irəli buraxaraq yalnız bürünc medalla kifayətləndilər. Amma Çempionlar kubokunun sahibi kimi dalbadal üçüncü dəfə bu nüfuzlu turnirdə iştirak hüquqları vardı. Amma bu zaman ciddi bir hadisə baş verdi.

***

"Benfika"ya dalbadal iki dəfə Çempionlar kubokunu qazandıran Qutman klub rəhbərliyindən maaşının artırılmasını istədi, amma rədd cavabı aldı. Rəhbərliyin cavabı təxminən "bu klub istənilən məşqçi ilə çempion olar" şəklində idi. Belə olduqda klubdan istefa verən Qutman deyilənlərə görə, "Mənsiz "Benfika" 100 il Avropada heç bir kubok almayacaq" söyləyir.

Əlbəttə, kimsə onun bu sözlərini ciddiyə almadı. Növbəti ildə "Benfika" yenə final oynayırdı və 18-ci dəqiqədə Eysebionun vurduğu qol sayəsində "Milan" qarşısında 1:0 öndə idi. Amma ikinci hissədə Altafini vurduğu iki qolla "Milan"ı ilk kubokuna qovuşdurdu.

1964/65-ci illər turnirində "Benfika" finala doğru yolda rəqiblərini tank kimi əzirdi. 1/4 finalda "Real" darmadağın edildi (5:1 və 1:2). Növbəti rəqib, Macarıstanın "Vaşaş" klubu yarımfinala çıxmağına peşman oldu: 1:0 və 4:0. Finalda rəqib "İnter" klubu idi. Bütün turnir boyu məhsuldar oyun sərgiləyən lissabonlular italiyalıların məşqçisi Erreranın məşhur "katenaçço" taktiki sxemi qarşısında çarəsiz qalaraq qol vura bilmədilər və 0:1 hesabı ilə məğlub oldular.

"Qırmızılar"növbəti finalı 1968-ci ildə oynadılar. Bu dəfə rəqib "Mançester Yunayted" idi. Əsas vaxtı 1:1 hesabı ilə bitən matça əlavə edilən vaxtın ilk 9 dəqiqəsində üç qol buraxan "Benfika" yenə uduzdu – 1:4.

Növbəti Avroturnir finalını gözləmək üçün tam 15 il lazım gəldi. Bu dəfə onlar UEFA kubokunun finalında Belçikanın "Anderlext" klubu ilə qarşılaşdılar. O zaman UEFA kubokunun finalı iki oyundan ibarət olurdu. Brüsseldə 0:1 hesabı ilə uduzan "Benfika" Lissabonda revanş götürə bilmədi – 1:1.

1988-ci ildə klub iyirmi illik fasilədən sonra yenidən Çempionlar kubokunun finalına çıxdı. Niderlandın PSV klubuna qarşı oyunun əsas və əlavə vaxtında hesab açılmadı. Penaltilər seriyasında isə PSV qalib gəldi – 6:5.

1990-cı ildə Çempionlar kubokunun finalında "Benfika" yenə "Milan"la qarşılaşdı. Oyun Bella Qutmanın 9 il öncə dəfn edildiyi Vyanada keçirilirdi. "Benfika"da artıq inzibati vəzifə tutan Eysebio oyundan əvvəl keçmiş məşqçisinin məzarına baş çəkərək üzrxahlıq etdi. Amma bunun da xeyri olmadı. Raykaardın qolu hesabına "Milan" 1:0 hesabı ilə qalib gəldi.

Bundan sonra "Benfika" uzunmüddətli tənəzzülə yuvarlandı və yalnız 23 il sonra, 2013-cü ildə Avropa liqasının finalında Çelsi ilə qarşılaşdı. Lissabonlular əlavə vaxtda buraxdıqlarıı qolun hesabına 1:2 hesabı ilə məğlub oldular və yenə kuboksuz qaldılar.

2014-cü ilin fevralında "Benfika"nın "Estadio de Luz"stadionunda Bella Qutmanın abidəsi açıldı. Bəlkə bu addım da lənətin götürülməsinə hesablanmışdı. Axı Qutman "mənsiz" demişdi. Ola bilər ki, "qırmızılar" heykəlin stadionda olmasının "mənsiz" şərtini aradan qaldıracağına ümid edirdilər. Həmin il "Benfika" yenidən Avropa liqasının finalına çıxdı. Amma heykəl də kömək etmədi: qolsuz bitən oyundan sonrakı penaltilər seriyasında "Sevilya" qalib gəldi – 4:2.

Beləcə, ötən 57 il ərzində Avropa klub turnirlərində səkkiz dəfə final oynayan "Benfika" hamısını uduzub. Qutmanın dediyi 100 ilin bitməsinə isə "cəmi" 43 il qalıb.

Ana səhifəXəbərlərQuttman lənəti