Baş Nazir Əli Əsədov

Mənbə: Azərtac

Başlıq: Baş Nazir Əli Əsədov

Qubad İbadoğlu: Əli Əsədov klana bağlıdır

Məqalə yeniləndi:  8 Oktyabr 2019

İlham İsmayıl: “Baş nazirin dəyişdirilməsi hakimiyyətdaxili gərginliklə bağlıdır”

Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı ölkədə iqtisadi durumu canlandırmaq, inkişaf etdirmək və yaxşılaşdırmaq məqsədi daşıyır.

Bunu Meydan TV-yə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

2018-ci ilin aprelində Baş nazir postuna gətirilən Novruz Məmmədov, tutduğu vəzifədən istefa verib. Oktyabrın 8-də Milli Məclis dövlət başçısının təqdimatını qəbul edərək, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovu Baş nazir vəzifəsinə təsdiq edib.

“Əli Əsədov Nazirlər Kabinetinin işlək vəziyyətə gətirilməsi üçün Baş nazir təyin edildi. Novruz Məmmədov iqtisadçı deyildi və onun o zaman təyinatı tamam başqa məqsəd daşıyırdı, təhlükəsizliklə bağlı idi”, - Mehman Əliyev deyib.

Bununla belə, o, ciddi dəyişikliklərin baş verəcəyini gözləmədiyini əlavə edib. Mehman Əliyevin fikrincə, sistem korrupsioner, oliqarxik mahiyyətə malik olduğundan yeni Baş nazirdən ciddi dəyişikliklər gözləmək düzgün deyil.

İlham İsmayıl

İlham İsmayıl

Mənbə: Meydan TV

“Bu məntiqlə Eldar Mahmudova da yollar açılacaq”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu dəyişikliyi gözlənilməz hesab etmir:

“Azərbaycanda kadr dəyişikliklərində gözlənilməzlik olmur, hər şey hakimiyyətin mahiyyətinə uyğun formada davam edir. Novruz Məmmədovun Baş nazir postunda bir il yarım qalması bəlkə də çox idi”, - İlham İsmayıl deyib.

Onun fikrincə, gözlənilməzlik başqa məsələdədir:

“Xatırlayırsınızsa, Əli Əsədovun adı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yanaşı hallanırdı. Onun Əli Əsədovun məsləhəti ilə təyin olunduğunu güman edənlər də vardı. Bu məntiqlə Eldar Mahmudova da yollar açılacaq. Gözlənilməzlik o zaman olacaq”.

İlham İsmayıl qeyd edib ki, Əli Əsədov Baş nazir kimi Novruz Məmmədovdan uğurlu kadr deyil və burada hansı parametrlərin əsas götürülməsi məlum deyil. Onun fikrincə, Əli Əsədovun nə maliyyədə, nə idarəetmədə qabiliyyəti görünməyib.

Bununla yanaşı İlham İsmayıl Baş nazirin dəyişdirilməsini hakimiyyət daxilində gərginliklə izah edir:

“Hakimiyyət daxilində bir tərəfdə yumşalma xəttini üstün götürənlər, digər tərəfdə isə əks mövqedə olanlar var. Onların arasında kifayət qədər gərginlik var. Amma Əli Əsədovun hansı tərəfdə olduğunu demək çətindir”, - ekspert deyib.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Meydan Tv

“Novruz Məmmədov hakimiyyətdaxili oyunların qurbanı oldu”

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu xatırladıb ki, Novruz Məmmədov Nazirlər Kabinetinin sədri təyin olunan zaman onu keçid dövrünün Baş naziri kimi təqdim edirdilər. Qubad İbadoğlu qeyd edib ki, o zaman hətta Nazirlər Kabinetinin bütövlükdə buraxılacağı barədə ehtimallar da var idi.

O hesab edir ki, bu baxımdan Novruz Məmmədovun nominal vəzifədə çox zəif görünməsi həm də hakimiyyətdaxili qüvvələri təmin etməyib:

“Mən demirəm ki, Əli Əsədov güclü Baş nazir olacaq. Onun Məmmədovdan yeganə fərqi iqtisadçı olmasıdır. Əli Əsədovu Azərbaycan ictimaiyyəti Bayraq Meydanına görə tanıyır. Artıq həmin meydanda bayraq da yoxdur. Yəni gördüyü iş bundan ibarətdir”.

Qubad İbadoğlu da Əli Əsədovun Eldar Mahmudovla əlaqələrini xatırladaraq, deyib ki, onlar tələbə yoldaşları olublar.

“Əli Əsədov işinin öhdəsindən gəlsəydi, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinə Natiq Əmirov təyinat almazdı. Ölkə başçısı Natiq Əmirovu Baş nazir təyin etsəydi, islahat xarakterli mesaj verdiyini ehtimal etmək olardı. Yəni Əli Əsədov islahatçı əhval-ruhiyyəyə malik deyil, itaətedici əhval-ruhiyyə ilə gündəmə gəlib. Bu baxımdan Novruz Məmmədovdan elə də fərqlənməyəcək, sələfi kimi sözəbaxan olacaq. Novruz Məmmədov siyasi baxımdan səbatsız idi və görünür, hakimiyyətdaxili oyunların qurbanı oldu”.

Nazirlər Kabinetinin Rusiyaya bağlı dövlət qurumu olduğunu iddia edən Qubad İbadoğlu bugünkü təyinatı təsadüfü hesab etmir. O, Əli Əsədovun təyinatından sonra kabinetdə hər hansı struktur dəyişikliyi gözləmir:

“Yenə də Nazirlər Kabineti nominal olaraq fəaliyyət göstərəcək. Bu təyinat həm də kabinetin mənasız qurum olduğunu, notarius kimi fəaliyyət göstərdiyini təsdiqlədi. Bu təyinat Azərbaycanda siyasi partiyalaşmanın, parlament fraksiyalaşmasının olmadığını göstərdi. Sadəcə, Əli Əsədovu Novruz Məmmədovdan fərqləndirən başqa bir məqam odur ki, klana bağlıdır, biznes hakimiyyətinə malikdir. Bu baxımdan təyinat daha çox klan, regional maraqların balanslaşdırılmasına xidmət edir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fd9p21

Ən çox baxılan