Ramil İbadovun evi 5 aydır dağılıb

Mənbə: Meydan TV

Başlıq: Ramil İbadovun evi 5 aydır dağılıb

“Qrad evimizi dağıdıb, kirayələrdə qalmışıq”

Ağdam sakini deyir, Prezidentin sərəncamıyla ayrılmış pul yardımları, təmir-tikinti işləri üçün ayrılmış materiallar vətəndaşlara gedib çatmır

“Qrad evi tamamilə yararsız vəziyyətə salıb, ailədə 5 nəfərik, 5 aydır ki, qapılarda qalmışıq. İki qohumdan hər birinin evində bir müddət qaldıqdan sonra kirayə evə köçmüşük, kirayəhaqqını ödəyə bilmirik. Nə evdə əməlli-başlı bərpa işləri aparırlar, nə də dəymiş zərərə görə dövlətin ayırdığı pulu ödəyirlər”.

İkinci Qarabağ Müharibəsi başlanan ilk günlərdən kəndləri Ermənistan Ordusu tərəfindən qrad atəşinə tutulub. Nəticədə yaşayış evləri və təsərrüfatlar dağıdılıb. O evlərdən biri də Ağdam rayonu, Qaradağlı kənd sakini Ramil İbadova məxsusdur.

“140 kvadratmertlik evə 10 kiloqram "şpakilovka" yazmışdılar”

Ramil İbadov Meydan TV-yə danışır ki, 5 aydır evi dağılıb və o, hazırda ailəsiylə kirayədə, olduqca çətin şəraitdə yaşamaq məcburiyyətindədir. Onun sözlərinə görə, indiyədək dövlətdən aldığı yeganə dəstək 1000 manat məbləğində yardım olub. O isə hesab edir ki, bu yardım evi tamamilə yararsız hala düşmüş, əşyaları dağılmış ailə üçün uyğun deyil:

Onun sözlərinə görə, indiyədək dövlətdən aldığı yeganə dəstək 1000 manat məbləğində yardım olub.

Onun sözlərinə görə, indiyədək dövlətdən aldığı yeganə dəstək 1000 manat məbləğində yardım olub.

Mənbə: Meydan TV

“Sentyabrın 28-də səhər saatlarında evimizə mərmi düşdü. Evin bir hissəsi, dam örtüyü, döşəmələr dağıldı, divarlar aralandı... Yaşamaq mümkün olmadığına görə əvvəl bir, sonra digər qohumun evinə sığındıq, daha sonra kirayə ev axtarmalı olduq və hazırda kirayədə yaşayırıq. Evimiz dağılandan sonra bir neçə dəfə komissiya gəldi, evə baxış keçirtdi. Birinci baxışda təmir-bərpa üçün materialların siyahısını tutmuşdular. Təsəvvür edin ki, 140 kvadratmetr sahəsi olan ev üçün cəmi 10 kiloqram "şpakilovka" yazmışdılar siyahıya... Mən razılaşmadım. Növbəti dəfə yenə gəldilər, siyahıda bir az materialı çoxaltdılar, söz verdilər ki, döşəməni, dam örtüyünü tam dəyişəcəklər. Ancaq yenə sözlərinin üstündə dayanmadılar. Tutduqları siyahı 140 kvadratmetr sahəsi olan bir evin təmir-bərpasının heç yarısını da əhatə etmirdi, siyahıdakı materiallar ən aşağı qiymətlə hesablanmışdı, üstəlik, çox keyfiyyətsiz materiallar idi. Məsələn, dam örtüyünə çox az material ayrılmışdı, bildirirdilər ki, dam örtüyünü təmir edərkən dağıntı zamanı yararsız vəziyyətə düşmüş hissələrdən də istifadə edəcəklər. Bu isə o demək idi ki, bir azdan o dam örtüyü yenidən başımıza uçacaqdı. Təqdim etdikləri təmir materialları siyahısından imtina etdik. Əgər o siyahıyla razılaşsaydım, o siyahı üzrə materiallar tükənəndən sonra yerdə qalan xeyli təmir-bərpa işlərinin materiallarını almaq öz üzərimə düşəcəkdi. Yanvar ayında mənə kart verildi, karta cəmi 1000 manat köçürülmüşdü”.

“Dövlətin pul yardımları bizə verilməyib”

Ramil İbadov Prezidentin 14 dekabr 2020-ci il tarixli sərəncamının icra olunmasını tələb edir:

“Həmin sərəncamla müharibə zamanı dağıdılmış və qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş hər bir yaşayış evləri üzrə 1000 manat məbləğində maddi yardımın ödənilməsi nəzərdə tutulub. Bizə nə 6 min manat, nə də hər ailə üzvünə görə 1500 manatlar ödənilib. Hesab edin ki, pəncərəsinin şüşəsi qırılana da 1000 manat verilib, üstünə qrad düşmüş evimizə görə bizə də...”

"Dam örtüyünü təmir edərkən dağıntı zamanı yararsız vəziyyətə düşmüş hissələrdən də istifadə edəcəklər"

"Dam örtüyünü təmir edərkən dağıntı zamanı yararsız vəziyyətə düşmüş hissələrdən də istifadə edəcəklər"

Mənbə: Meydan TV

“Dolana bilmirik, kirayəhaqqını ödəmək imkanım yoxdur”

Ramil İbadov deyir, 2019-cu ildə yıxılaraq ayaqlarından travma alıb və o vaxtdan əmək fəaliyyətiylə məşğul ola bilmir. Hazırda 5 nəfərlik ailə anasının 250 manatlıq pensiyası ilə dolanır, evin kirayəsini ödəməkdə çətinlik çəkir. İstədiyi odur ki, ölkə başçısının sərəncamıyla nəzərdə tutulmuş pul yardımları ona və ailə üzvlərinə ödənilsin və dövlət evin tam təmir-bərpasını həyata keçirərək ailəni kirayədən xilas etsin:

“Evin dam örtüyü, döşəmələr tamamilə dağılıb, divarlar aralanıb... Dam örtüyünü saxlayan millər qırılıb. Tamamilə sökülüb daş hörgünün üstündən karkas beton tökülməli, yenidən dam örtüyü vurulmalıdır. Bunu özləri də baxış keçirəndə deyiblər”.

“Qurumlar icra hakimiyyətinə yönləndirir, başçısa bizi qəbul etmir”

Ramil İbadov müxtəlif qurumlara müraciət edib. Həmin qurumlarsa vətəndaşı yerli icra hakimiyyətinə yönləndirir:

"Dam örtüyünü saxlayan millər qırılıb".

"Dam örtüyünü saxlayan millər qırılıb".

Mənbə: Meydan TV

“Məsələn, Nazirlər Kabinetinə yazıram, yönləndirir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə, ordan da məktub gəlir ki, bəli, Prezidentin belə sərəncamı var, nəzərdə tutulmuş yardımların ev sahiblərinə bank vasitəsiylə ödənilməsinin təmin olunması yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Ağdam Rayon İcra Hakimiyyətinə gedirik, başçı qəbul etmir. Qarşımıza Ağdamın baş memarı çıxır. O da mənə üzərinə bir neçə təmir materialı yazılmış balaca kağıza verdi, dedi, razılaşsan da, razılaşmasan da, ayrılan material budur, vəssalam”.

Ağdam Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş Ağdam rayonu, Qaradağlar kəndində İbadov Ramil Nayib oğluna məxsus yaşayış evinə baxış keçirilib, dəymiş zərər müəyyən edilib, vətəndaş təmirdən imtina edib.

"Bir azdan o dam örtüyü yenidən başımıza uçacaqdı"

"Bir azdan o dam örtüyü yenidən başımıza uçacaqdı"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1nwnpo

Ən çox baxılan